Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Avropa İran üzərinə ‘gecikmiş’ sanksiyalarını elan edir


İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami
İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami

Avropa İttifaqı İranın 8 hərbi və polis komandanı üzərinə sanksiyalar elan edib.

Onların arasında İnqilab Keşikçiləri Korpusunun (İKK) komandanı da var.

Sanksiyalar – səfər qadağanları və aktivlərin dondurulması - İran komandanları üzərinə 2013-cü ildən bəri bu ölkədə törədilmiş insan haqları pozuntularına görə elan edilib.

Reuters yazır ki, bu, Avropa İttifaqının İran üzərinə qoyduğu ilk sanksiyalardır.

Blok bundan əvvəl bu sanksiyalardan İranla 2015-ci il nüvə sazişinin imzalanmasına mane olmamaq üçün çəkinmişdi.

Agentlik bu sanksiyalara hazırlıq görüldüyünü bir həftə əvvəl yazmışdı.

Qaynar su ilə işgəncə

Avropa İttifaqı İranın üç həbsxanası üzərinə də sanksiyalar elan edib, ölkənin ən qüdrətli hərbi qüvvəsi İKK-in komandanı Hüseyn Səlaminin adını qara siyahıya daxil edib.

Avropa İttifaqının bəyanatında deyilir:

"Hüseyn Səlami 2019-cu il noyabr etirazçılarına qarşı ölümcül gücdən istifadə edilməsi qərarının qəbulunda iştirak edib. Məhz buna görə də Səlami İranda insan haqları pozuntularına görə birbaşa məsuliyyət daşıyır”.

Bəyanatda deyilir ki, üzərinə sanksiyalar qoyulan üç həbsxanadan ikisi Tehran ərazisindədir.

Avropa İttifaqı qeyd edir ki, 2019-cu il etirazlarından sonra burada məhbuslara qaynar su ilə işgəncələr verilib.

İran əməkdaşlıq sazişlərindən çıxdığını deyir

Reuters xatırladır ki, 2019-cu ildə noyabr 15-dən etibarən iki həftə davam etmiş etirazlarda 1500 nəfər öldürülüb.

BMT bu rəqəmin 304 olduğunu bildirmişdi.

İran müxtəlif mənbələrin verdiyi ölü sayını “saxta xəbər” adlandırmışdı.

Tehran Avropa İttifaqının sanksiyalarını rədd etdiyini bildirib.

İran XİN-in sözçüsü Səid Xatibzadə deyib ki, Tehran bu sanksiyalara cavab olaraq Avropa İttifaqı ilə insan haqları da daxil bütün hərtərəfli danışıqlarını dayandırır.

Xatibzadə əlavə edib ki, Tehran, sözü gedən danışıqlar nəticəsində terror, narkotik qaçaqmalçılığı və qaçqınlar da daxil əldə olunmuş bütün əməkdaşlıq razılaşmalarından çıxır.

Nüvə danışıqlarına aiddiyyəti yoxdur

BMT-nin İran üzrə xüsusi məruzəçisi Cəvaid Rəhman martın 9-da deyib ki, Tehran etirazçılara qarşı aşırı zorakılığa əl atıb və bu hadisələrlə bağlı təhqiqata çağırışlara hörmətsizlik göstərib.

Aprelin 12-dən qüvvəyə minən sanksiyalar habelə ictimai polis – Bəsicin üzvlərinə və onun rəisi Qolamrza Süleymaniyə şamil edilir.

Beləliklə, insan haqlarını pozan iranlıların 2011-ci ildən tərtib olunmuş siyahısına daha 8 nəfər əlavə edilib. Hazırda bu siyahıda 89 fərd və 4 hüquqi şəxs var.

Bəyanatda deyilir ki, sanskiyalara görə repressiyalarda istifadə oluna biləcək avadanlığın İrana ixracına qadağan qoyulur.

Diplomatlar bildiriblər ki, sanksiyaların hazırda Vyanada davam edən danışıqlarla heç bir əlaqəsi yoxdur.

Həmin danışıqlarda Birləşmiş Ştatların 2015-ci ilin nüvə sazişinə qayıtması müzakirə olunur.

Həmin sazişdən məqsəd İranın nüvə silahı istehsal etməsinin qarşısını almaqdır.

İran öz nüvə proqramnının dinc xarakter daşıdığını və nüvə silahı hazırlamaq niyyəti olmadığını bildirir.

XS
SM
MD
LG