Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:51

İranla nüvə danışıqları indilik başa çatıb


İran prezidenti Həsən Ruhanı ölkənin nüvə stansiyalarından birində
İran prezidenti Həsən Ruhanı ölkənin nüvə stansiyalarından birində

İran nüvə sazişinin dirçəldiləməsi məqsədilə Vyanada aparılan danışıqlar başa çatıb.

Bundan əvvəl uranın zənginləşdirmə faizini 60-a çatdıracağını bildirən İran özünün əsas nüvə qurğusuna qarşı təxribat törədildiyini iddia etmişdi.

İran və 2015-ci il sazişinin digər tərəfləri – Britaniya, Fransa, Almaniya və Rusiya ötən həftə Tehranı və Vaşinqtonu saziş üzrə öhdəliklərinin icrasına qaytarmaq məqsədilə ötən həftə “konstrktiv” kimi qiymətləndirilən danışıqlara başlamışdılar.

Lakin İran aprelin 13-də uranın zənginləşdirilməsini 60 faizə çatdıracağını bildirmişdi.

Bu danışıqlarda İran və ABŞ nümayəndələri arasında vasitəçilyi Avropa ölkələri edirdilər.

İran rəsmiləri iddia edirdilər ki, uranın 60 faizədək zənginləşdirilməsi barədə Tehranın qərarı Natanz nüvə qurğusuna iddia olunan hücumla bağlı qəbul edilib.

Tehran bu “təxribatın” onun qatı düşməni İsrail tərəfindən törədildiyini iddia edir.

Aprelin 15-də Vyanada iki saat müddətində danışıqlarda olan diplomatlar deyiblər ki, müzakirələr işçi qruplar tərəfindən davam etdiriləcək.

Bu iki qrup ABŞ-ın İrana qarşı sanksiyalarının qaldırılması və Tehranın nüvə sazişi üzrə öhdəliklərinə qayıtması yollarını müzakirə edir.

“Ümumi təəssürat pozitivdir”

Çinin Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Vanq Qun deyib ki, hazırda nüvə işçi qrupu, sanksiyaların qaldırılması üzərində işləyən qrupdan daha fəaldır.

Rusiyanın Vyanada BMT danışıqlarındakı nümayəndəsi Mixaiul Ulyanov müzakirələrdən sonra Twitter-də yazıb ki, “ümumi təəssürart pozitivdir” və məsələləri növbəti mərhələyə işçi qruplar hazırlayacaqlar.

Lakin ABŞ dövlət katibi Entoni Blinken aprelin 14-də demişdi ki, Tehranın uranın zənginləşdirilməsinə dair “təxribatçı bəyanatı” onun danışıqlara səmimi yanaşdığına şübhə yaradır.

Britaniya, Fransa və Almaniya isə Tehranın “təhlükəli” bəyanatından “ciddi narahatlıq” keçirdiklərini bildiriblər.

Onlar deyiblər ki, İranın bəyanatı 2015-ci il sazişinin dirçəldilməsi cəhdlərinin “ruhuna və xoş məramına ziddir”.

60 faiz yüksək rəqəm olsa da...

Bu arada İran Xarici İşlər Nazirliyi bilirib ki, ölkənin nüvə danışıqçıları hökumətin qərarlarını dəstəkləyirlər və Avropa ölkələrinin İsrailin Natanz üzərinə iddia olunan hücumuna verdikləri “reaksiyanın zəifliyindən” çaşqınlıq keçirirlər.

Keçmiş ABŞ prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini 2015-ci il nüvə sazişindən birtərəfli qaydada çıxarıb.

Bu sazişə görə Tehran uranın zənginləşdirilməsini 3.67 faizdə saxlayacağına dair öhdəlik götürüb.

Lakin ABŞ-ın sazişdən çıxması ilə Tehran üzərinə sanksiyaların bərpa olunmasından hiddətlənən İran cavab olaraq zənginləşmə dərəcəsini tədricən artırıb.

İran son vaxtlaradək uranı 20 faizədək zənginləşdirirdi.

Uranın 60 faizədək zənginləşdirməsi İran üçün çox yüksək rəqəm olsa da, nüvə silahının hazırlanması üçün lazım olan 90 faizdən azdır.

Tehran özünün nüvə proqramının sırf dinc səciyyə daşıdığını və nüvə silahı hazırlamaq niyyətində olmadığını dəfələrlə bəyan edib.

Minlərlə sentrifuqa ziyan dəyib

Bu arada Natanza qarşı İranın iddia etdiyi təxribatın bəzi detalları açıqlanıb.

İsrail ona qarşı iddiaları nə təsdiq, nə də təkzib edib. İsrail mediası kəşfiyyat mənbələrinə istinadən yazır ki, Mossad məxfi xidməti Natanz nüvə qurğusuna qarşı uğurlu əməliyyat həyata keçirib.

İranın parlamenti təhqiqat komissiyasının rəhbəri Əlirza Zəkani bildirib ki, hücum nəticəsində “bir neçə min sentrifuq zədələnib və ya dağıdılıb”.

Bəzi başqa rəsmilər yalnız birinci nəsil sentrifuqlarına ziyan dəydiyini bildirirlər.

İki kəşfiyyat mənbəyinə istinad edən The New York Times qəzeti yazır ki, Natanzdakı hasilat azı doqquz ay fasilə verməli olacaq.

Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri Natanz qurğusuna baş çəksələr də, iddia olunan hücumun törətdiyi dağıntının miqyası barədə şərh verməyiblər.

Lakin agentlik təsdiq edib ki, İran uranın 60 faizədək zənginləşdirilməsinə hazırlığı “demək olar başa çatdıdırıb”.

ABŞ və İran rəsmiləri 2015-ci il sazişinin dirçəldilməsi yolunda ilk addımın kimin atmalı olduğuna dair mübahisə edirlər.

İran geri çəkilməyə hazır olduğuna işarə edir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 15-də deyib ki, Natanz üzərinə hücumla “qorxulu burulğan” başlanıb.

O Baydenə müraciətlə bəyan edib ki, hazırkı vəziyyətdən yeganə çıxış yolu Trampın qoyduğu sanksiyaları qaldırmaqdır.

Hökumət müşavirəsində çıxış edən prezident Həsən Ruhani deyib ki, onun ölkəsinin nüvə silahı hazırlamaq niyyəti yoxdur:

"Əgər başqaları saziş üzrə öhdəliklərinə tam qayıtsalar, biz də 60 və ya 20 faiz zənginləşdirməni dayandırarıq”.

Beynəlxalq Böhran Qrupunda İran layihəsinin direktoru Əli Vaez deyib ki, son bir neçə günün hadisələri danışıqlara təcililik ehtiyacı gətirib:

"Aydındır ki, diplomatik proses uzandıqca, təxribatçıların və ya pis niyyətlilərin prosesi pozması riski də qalxır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG