Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Bu gün Rusiyaya yeni sanksiyalar açıqlana bilər


İllüstrativ foto
İllüstrativ foto

Kəşfiyyat məmurları daxil olmaqla 12-dək fərd də sanksiya siyahısındadır. Bundan başqa, 10-dək rusiyalı məmur və diplomatın qovulması gözlənir

Birləşmiş Ştatlar aprelin 15-də Rusiyanın bir neçə məmuru və qurumuna sanksiyalar açıqlamağı planlaşdırır. “Reuters” və “Bloomberg” yazır ki, 30-dək quruma ötən il seçkiyə müdaxilə, yaxud ABŞ hökumət və korporativ kompüter şəbəkələrinə haker hücumuna görə sanksiyalar tətbiq olunacağı gözlənir.

Kəşfiyyat məmurları daxil olmaqla 12-dək fərd də sanksiya siyahısındadır. Bundan başqa, 10-dək rusiyalı məmur və diplomatın qovulması gözlənir.

Kiberhücuma cavab

Məlumatlarda qurum, yaxud fərdlərin adları çəkilmir.

Prezident Co Bayden administrasiyası bir neçə həftədir SolarWinds şirkətinin hazırladığı proqrama təsir göstərmiş kiberhücuma böyük reaksiya hazırlandığını bildirib.

ABŞ-ın kəşfiyyat məmurları və texnologiya şirkətləri dekabrda aşkarlanmış müdaxilənin Rusiya hakerlərinin işi olduğunu bildirib. Moskva isə haker əməliyyatında əli olmadığını deyir.

İnsident zamanı Maliyyə, Ədliyyə və Kommersiya departamentləri daxil olmaqla azı 9 hökumət agentliyi və 100 özəl şirkət hücuma məruz qalmışdı.

Sanksiyaların həm də 2020-ci il prezident seçkisinə iddia olunan müdaxiləyə cavab olduğu bildirilir. ABŞ-ın kəşfiyyat cameəsi belə bir qənaətə gəlmişdi ki, Prezident Vladimir Putin və Rusiya hökuməti seçkiyə müdaxilə göstərişi verib.



Dezinformasiya əməliyyatlarına qarşı

Planlaşdırılan sanksiyaların bəziləri seçki kampaniyası zamanı dezinformasiya yaymaq əməliyyatlarına qarşı yönəlib. Bunu mənbələrdən biri “Bloomberg”ə deyib.

Ağ ev, Dövlət Departamenti, Xəzinədarlıq Departamenti hələlik, məlumatları şərh etməyib.

Prezident Co Bayden aprelin 13-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində ABŞ-ın maraqlarını müdafiə edəcəyini bildirib. Bayden həmçinin iki liderin sammiti ideyasını da irəli sürüb.

Bayden administrasiyası müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar ötən ay Rusiya məmurlarına sanksiyalar açıqlayıb.

Rusiya isə dəfələrlə ABŞ-da seçkiyə müdaxilə, Əfqanıstanda amerikan əsgərlərinin öldürülməsinə görə mükafat təyin etməsi, yaxud Navalnının zəhərlənməsində əli olmasına dair ittihamları rədd edib.

XS
SM
MD
LG