Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:19

ABŞ qoşunlarının Əfqanıstandan çıxış tarixi bilindi


Əfqanıstandakı ABŞ hərbçiləri (Arxiv fotosu)
Əfqanıstandakı ABŞ hərbçiləri (Arxiv fotosu)

Prezident Co Bayden Əfqanıstandakı bütün ABŞ qoşunlarını bu ölkədən sentyabrın 11-dək çıxarmaq qərarını bəyan edib.

Beləliklə, bu hadisə 20 il bundan əvvəl əl-Qaedanın Birləşmiş Ştatların üzərinə terror hücumlarının 20-ci ildönümünə təsadüf edəcək.

Əfqanıstana müdaxilə məhz 11 sentyabr terror hücumlarından dərhal sonra başlamışdı.

Co Bayden deyib:

“Amerikanın ən uzun müharibəsini bitirmək vaxtı çatıb. Amerika əsgərləri üçün vətənə qayıtmaq vaxtıdır”.

Co Bayden aprelin 14-də Arlinqton Milli Qəbirstanlığına baş çəkib
Co Bayden aprelin 14-də Arlinqton Milli Qəbirstanlığına baş çəkib

Çıxışa mayın 1-dən başlanacaq

Prezident bildirib ki, Əfqanıstanda hazırda qalmaqda olan 2500 ABŞ hərbçisinin oradan çıxarılmasına mayın 1-dən başlanacaq.

“Biz tələm-tələsik çıxmayacağıq. Biz bunu məsuliyyətli, niyyətli və təhlükəsiz bir şəkildə edəcəyik və biz bunu müttəfiqlərimiz və partnyorlarımızla tam koordinasiyada həyata keçirəcəyik”.

Bayden deyib ki, ABŞ qoşunlarının Əfqanıstana müdaxiləsi bu ölkənin Amerika üzərinə hücumlar üçün bazaya çevrilməsinin qarşısını almaq məqsədi güdürdü.

ABŞ prezidenti Talibana xəbərdarlıq edərək deyib ki, o, təşkilatdan heç bir terrorçunun Amerikanı və onun müttəfiqlərini təhdid etməyəcəyinə dair öhdəliyinə bağlılıq tələb edəcək.

O habelə regional ölkələri – Pakistanı, Hindistanı, Çini, Rusiyanı və Türkiyəni Əfrqanıstanda dəstəkçi rol oynamağa çağırıb.

NATO müttəfiqləri də çıxır

Bayden Əfqanıstana dəstəyin davam edəcəyini, lakin bunun artıq hərbi dəstək olmayacağını bəyan edib.

O əlavə edib ki, ABŞ-ın Əfqanıstan hökumətinə diplomatik və humanitar dəstəyi davam edəcək.

Bayden habelə Əfqanıstanın 300 minlik ordu və polis qüvvəsinə dəstək vəd edib.

Ağ Evin aprelin 14-də verdiyi ayrıca bəyanatda deyilir ki, Co Bayden Əfqanıstan prezidenti Əşrəf Qani ilə telefonla danışıb və tərəflər bu söhbət zamanı ABŞ-ın Əfqanıstandan çıxışından sonra da ikitərəfli partnyorluq əlaqələrinin saxlanmasına sadiq qalacağını bildirib.

Baydenin bəyanatının ardınca NATO bildirib ki, müttəfiqlər də Əfqanıstanı mayın 1-dən etibarən tərk etmək barədə razılığa gəliblər.

Əfqanıstanda ABŞ-dan başqa Avstraliya, Yeni Zelandiya və Gürcüstanın 7 minlik qoşunu var.

Taliban narazıdır, Moskva narahat

Keçmiş prezident Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Talibanla əldə etdiyi razılaşmaya görə xarici qoşunlar Əfqanıstanı mayın 1-dək tərk etməli idi.

Baydenin bəyanatından bu prosesin daha beş ay ləngiyəcəyi məlum olub.

Taliban aprelin 14-də verdiyi bəyanatda qoşunların ABŞ-Taliban razılaşmasında göstərilən tarixədək çıxarılması tələbini təkrar edib.

ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri deyib ki, ABŞ qoşunlarının çıxarılması oradakı vəziyyətə və ya başqa heç bir şərtə bağlanmayacaq.

Rəsmi bildirib ki, əvvəllər Əfqanıstandan çıxışa belə yanaşma ABŞ qoşunlarının orada 20 il ilişib qalması ilə nəticələnib.

Bu arada Rusiya ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı narahatlığını ifadə edib.

Moskva bildirib ki, qoşunların çıxarılması münaqişənin yeni eskalasiyasına səbəb ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG