Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:00

Azərbaycanda məhbuslar azalır, birinin xərci...


İllüstrativ foto
İllüstrativ foto

2019-cu ildə Azərbaycan həbsxanalarında 93 ölüm, 2 intihar hadisəsi baş verib. Hər 10 min nəfərə 44.3 ölüm düşüb, bu da Avropa üzrə ümumi orta statistikadan xeyli yüksəkdir

Aprelin 8-də Avropa Şurası İllik Penitensiar Statistikasını açıqlayıb. Hesabat 2019-cu il yanvarın 31-dən və 2020-ci il yanvarın 31-dək olan müddəti əhatələyir.

2020-ci il yanvarın 31-dək Avropa Şurasının 48 üzv ölkəsindəki 51 cəzaçəkmə müəssisəsində 1 milyon 528 min 343 məhbus olub. Məhbus sayına görə ilk üçlüyə Rusiya (519 min 618 məhbus), Türkiyə (297 min 19), Britaniya (82 min 868) daxildir.

Azərbaycanda hesabat dövründə 21 min 21 məhbus olub. 2019-cu ildə bu rəqəm 21 min 926, 2018-ci ildə 23 min 319 nəfər idi. Yəni, məhbus sayında azalma olduğu bildirilir.

Sıxlıq

Avropada hər 100 min sakinə 103.2 məhbus düşüb. Ən yüksək göstərici Türkiyədədir: hər 100 min nəfərə 357 məhbus. Azərbaycanda isə 100 min nəfərə 209 məhbus var. Gürcüstanda bu göstərici 264, Rusiyada 356 nəfərdir.

Ən aşağı rəqəmlər İslandiya (45), Finlandiya (50), Niderlandda (59) müşahidə olunur.

Ümumiyyətlə, 2010-cu ildən 2020-ci ilədək Azərbaycanda həbsxanada olanların sayında 14.3 faiz azalma qeydə alınıb.

Həbsxanalarda sıxlığa gəlincə, 2020-ci ildə Avropada həbsxanalarda hər 100 yerə 90.3 məhbus düşüb. Türkiyədə bu rəqəm 127, İtaliyada 120, Belçikada 117, Çexiyada 105-dir.

Azərbaycanın cəzaçəkmə yerlərində ümumilikdə 25 min 501 yer var və həbsxana sıxlığı 82.4-dür, yəni Avropadakı orta səviyyədən aşağıdır. 2019-cu illə (86) müqayisədə də azalma var.

Qadın məhbuslar, həbs qətimkan tədbiri

Hesabatın əhatələdiyi ölkələrdə 87 min 367 qadın məhbusun olduğu, bunun ümumi sayın 4.9%-ni təşkil etdiyi bildirilir.

Azərbaycan isə ən az qadın məhbus olan beş ölkədən biridir. Cəmi 570 qadın məhbus ümumi məhbusların 2.7 faizini təşkil edir.

Əcnəbi məhbuslar ümumi sayın 2.4%-i qədərdir.

2020-ci il yanvarın 31-də Avropada cəmi məhbusların 22 faizi yekun cəza deyil, həbs qətimkan tədbiri altında idi. Ermənistanda bu göstərici 45.8%, Albaniyada 45.2%, Luksemburqda 44.8%-dir.

Azərbaycanda isə 3 min 369 nəfər, yəni ümumi sayın 16 faizi qədər məhbus həbs qətimkan tədbiri altında olub.

2019-cu ildə ortalama uzun həbs müddətinə görə Azərbaycan birinci yerdə idi – 32.9 ay. Portuqaliyada isə 30.2, Rusiyada 29, Gürcüstanda 13.8 ay olub.

Maddələr, ölüm, xərclər

42 həbsxana administrasiyasının təqdim etdiyi dataya əsasən demək olar ki, narkotiklər məhbusların əsas məhkum olunduğu maddələrdir. Latviyada məhbusların 44.2, Azərbaycanda 29, Gürcüstanda 26.2, Türkiyədə 25.8 faizi narkotik maddələrlə əlaqədar cəza çəkir.

İkinci səbəb oğurluqdur. Hər 10 məhbusdan dördü zorakılıqda təqsirli bilinib.

Azərbaycanda məhbusların 14.2 faizi adamöldürmə, 12.6 faizi oğurluq, 4.6 faizi hərəkətilə təhqir etməyə görə cəza çəkir.

2019-cu ildə Azərbaycan həbsxanalarında 93 ölüm, 2 intihar hadisəsi baş verib. Hər 10 min nəfərə 44.3 ölüm düşüb ki, bu da Avropa üzrə ümumi orta statistikadan xeyli yüksəkdir.

Avropa həbsxanalarında 10 min nəfərə 27.2 ölüm, 5.2 intihar düşüb. Malta üçün bu göstərici 25.2, Ermənistanda 22.5, Danimarkada 21.7-dir.

2019-cu ildə Avropada həbsxana xərci 5% artaraq 27 milyard avro olub. Bir məhbusun gündəlik orta xərci 64.4 avrodur.

Rusiyada bu rəqəm 2.8, Azərbaycanda 7.9 avrodur. Azərbaycanda 2019-cu ildə həbsxana büdcəsi 55 milyon 91 min 752 avro təşkil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG