Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:02

Dövlət Departamenti Azərbaycanda insan haqlarından nə yazır


Polis Bakıda 8 mart aksiyasının keçirilməsinə imkan vermir, 2021-ci il
Polis Bakıda 8 mart aksiyasının keçirilməsinə imkan vermir, 2021-ci il

2020-ci ildə pandemiyanın təkcə insanların səhhətinə deyil, onların öz hüquq və fundamental azadlıqlarından təhlükəsiz istifadəsinə də təsir göstərdiyi bildirilir

Martın 30-da ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuyla bağlı hesabatı yayılıb.

Hesabatda ötən il fevralın 9-da keçirilmiş vaxtından əvvəl parlamentin seçkisinə dair beynəlxalq müşahidəçilərin rəyi yada salınır. ATƏT-in müşahidə missiyası seçkinin məhdudlaşdırıcı qanunvericilik çərçivəsi və siyasi mühitdə keçdiyini, həqiqi rəqabətin önləndiyini qeyd edirdi.

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsində hər iki tərəfdən mülki şəxslər öldürülüb, vəhşiliklər törədilib, sənəddə deyilir. 44 günlük müharibə nəticəsində Azərbaycan işğal altında olan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edə bilsə də, qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

“Sentyabrın 28-dən dekabrın 12-dək ölkədə mövcud olmuş hərbi vəziyyət zamanı hakimiyyət hərəkət azadlığı və informasiyaya çıxışı məhdudlaşdırıb”, – departament vurğulayır.

Əsas hüquq pozuntuları

Azərbaycanda baş verən əsas insan haqları pozuntuları hesabatda belə sıralanır: qanunsuz və özbaşına qətllər; qanunsuz saxlamalar; həbsxanalarda sərt, bəzən həyati təhlükə yaradan şərait; siyasi məhbuslar; gizlililiyə özbaşına müdaxilə; ölkədən kənarda yaşayanlara qarşı siyasi motivli qisasçılıq; məhkəmələrin müstəqilliyi sahəsində dərin problemlər; azad ifadə, mətbuat, internetə ağır məhdudiyyətlər, jurnalistlərə zorakılıq, böhtan və təhqirin kriminallaşdırılması; jurnalistlərin sual doğuran ittihamlarla təqibi və həbs olunması, vebsaytların bloklanması; hərəkət azadlığına məhdudiyyət; siyasi iştiraklılığa sərt məhdudiyyətlər; sistematik hökumət korrupsiyası, fərdlərə qarşı cinsi oriyentasiyaya əsaslanan qəddarlıq; uşaq əməyinin ən pis formaları.

“Hökumət insan haqları pozuntularına yol verənləri mühakimə etməyib, cəzalandırmayıb; cəzasızlıq bir problem olaraq qalır”, – hesabatda vurğulanır.

Azərbaycan hakimiyyəti, hələlik, bu hesabata rəsmi münasibət açıqlamayıb. Amma indiyədək ölkədə insan hüquq və azadlıqlarının pozulmasını deyən beynəlxalq qurumların tənqidləri bir qayda olaraq rədd edilib. Hakimiyyət Azərbaycanın demokratik ölkə olduğunu, bütün təməl hüquqların qorunduğunu, vətəndaşlara qarşı ayrı-seçkiliyə yol verilmədiyini, korrupsiya ilə səmərəli mübarizə aparıldığını bildirir.

İşgəncələr

Hesabat bir neçə hissədən ibarətdir. İşgəncələr və pis rəftarla bağlı bölümdə ilboyu ölkədə işgəncəyə dair bir neçə mötəbər informasiya alındığı qeyd olunur.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədov aprelin 28-də saxlanıb. Hüquq müdafiəçiləri onun partiyanın qanunsuz maliyyələşdirilməsi ilə bağlı saxta ittihamı boynuna alması üçün döyüldüyünü, fiziki işgəncə gördüyünü deyirlər. Elə Əhmədovun özü də məhkəməsində məruz qaldığı işgəncələrdən danışmışdı. Hesabatda AXCP-nin ötən ilin iyul aksiyasında saxlanmış digər üzvlərinin də işgəncəyə məruz qalması iddialarının səsləndiyi vurğulanır.

2017-ci ildə 100-dən çox həbsin həyata keçirildiyi Tərtər işində ötən il irəliləyiş olduğu bildirilir. Həmin şəxslər Ermənistan üçün casusluqda ittiham edilsələr də, ailə üzvləri və vətəndaş cəmiyyəti fəalları onların işgəncə nəticəsində ittihamları etiraf etdiklərini deyirlər. Tərtər işi çərçivəsində 9 nəfər vəfat edib. Onlardan dördünə ölümündən sonra bəraət verilib, ittihamları quraşdırmış müstəntiqlər isə yeddi ilədək həbsə məhkum ediliblər.

Yasamal hadisələri

Hesabatda ötən ilin iyununda polisin Bakının Yasamal rayonunda vətəndaşlara qarşı aşıqı gücdən istifadə etdiyi, saxlananlardan Kərim Süleymanlının döyüldüyü qeyd olunur. Sonradan Daxili İşlər Nazirliyi bir polis əməkdaşının vətəndaşı təhqir etdiyi üçün işdən çıxarıldığını açıqladı.

İşgəncələrlə bağlı indiyədək səslənən iddialar Daxili İşlər Nazirliyi tərəfindən təkzib olunub, bu şəxslərin gündəmdə qalmaq istədikləri vurğulanıb.

Dövlət Departamenti 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrinin artilleriya raketləri, klastr bombaları ilə qarşı tərəfdə mülki infrastrukturu vurmasına dair məlumatların olduğunu qeyd edir. Amma Azərbaycan rəsmiləri hərbi əməliyyatlar vaxtı mülki obyekt və şəxslərin hədəfə alınmadığını, yalnız hərbi hədəflərin vurulduğunu deyirdi.

Dünyadakı duruma gəlincə, 2020-ci ildə pandemiyanın təkcə insanların səhhətinə deyil, onların öz hüquq və fundamental azadlıqlarından təhlükəsiz istifadəsinə də təsir göstərdiyi bildirilir.

“Bəzi hökumətlər böhrandan hüquqları məhdudlaşdırmaq və avtoritar hakimiyyətlərini möhkəmləndirmək üçün bəhanə kimi istifadə etdi. Digər hökumətlər isə demokratik dəyər və proseslərə bel bağladı, vətəndaşlarını bilgiləndirmək və qorumaq üçün azad mətbuat, şəffaflıq və hesabatlılıqdan yararlandı”, – sənəddə deyilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG