Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Yaxınları Elçin Məmməddən narahatdır


E.Məmməd
E.Məmməd

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin həbsdə olan sədri Elçin Məmmədin ciddi müalicəyə ehtiyacının olduğu bildirilir.

Həmin təşkilatın verdiyi məlumata görə, bu günlər hüquq müdafiəçisi saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində həkim müayinəsindən keçirilib. Qeyd edildiyinə görə, o bildirib ki, bir ilə yaxın müddətdə qapalı kamera şəraitində saxlanılıb, hər hansı müalicə almayıb və səhhəti daha da pisləşib: "Həkimlər tərəfindən onun qolundakı və aşağı ətrafındakı şişlər müayinə edilib. Həmçinin, nəfəs almasındakı çətinliklə bağlı bronxları və böyrəkləri də yoxlanılıb. Elçin Məmməd sadalanan şikayətlərlə bağlı ambulator müalicəyə məsləhət görülüb".

"Artıq ayaqları da şişib..."

Təşkilatdan bildirildiyinə görə, E.Məmməd Hepatit C xəstəsidir və həbsxana şəraiti onun səhhətinə mənfi təsir edir: "Hüquq müdafiəçisinin səhhəti ağırdır və müalicəyə ehtiyacı var. Artıq ayaqları da şişib, bronxlarında problemlər var , böyrəklər normal funksiya yerinə yetirmir. Elçin Məmməd yeriməkdə və nəfəs almaqda çətinliklər çəkir. Onun müalicəyə ehtiyacı var və bunun üçün Ədliyyə Nazirliyinin tibb məntəqəsinə köçürülməsi vacibdir".

"Gəlinin atası Elçinin ailəsini aparıb yanına"

E.Məmmədin anası Rəhilə Məmmədli isə deyir ki, cəzaçəkmə müəssisəsində müayinə üçün lazimı imkanlar yoxdur. O vurğulayıb ki, dərmanları özü alaraq həbsxanaya göndərir: "Elçini parlament seçkilərində namizəd olmasına görə həbs elədilər. Yalandan onu dələduz adlandırıb məhkum etdilər. Bir ildir oradadır, 4 il iş kəsiblər oğluma. Məktəbə gedən iki oğlu var. Gəlinin atası Elçinin ailəsini aparıb yanına, mən Elçinlə əlləşirəm. Allahın bizə rəhmi gəlsin...".

Rəsmi cavablar...

Penitensiar Xidmətdən isə bu məsələ ilə bağlı "Turan" agentliyinə bunları deyiblər: "Elçin Məmməd həkimlərə müraciət etsin, bizə onun barədə məlumat daxil olmayıb".

Agentliyin xəbərinə görə, Ombudsman Aparatından isə məsləhət görüblər ki, quruma elektron məktubla müraciət edilsin, məktuba baxılaraq 10 gün ərzində cavab veriləcək.

Xatırlatma

Elçin Məmməd bu ilin fevralında 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, keçən il həbs olunub. Məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. E.Məmməd Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib.

E.Məmməd tutulmasından əvvəl bildirib ki, Sumqayıt sakini Aysel Mustafayeva ondan şikayət verib: "Guya onun çantasından 7500 manatlıq zinət əşyası oğurlamışam. Bu, tamamilə cəfəngiyatdır...".

Bəzi beynəlxalq təşkilatlar E.Məmmədin həbsini pisləyən açıqlama veriblər.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG