Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:20

Azərbaycanda siyasi məhbus mövzusuna iki fərqli yozum


Əfv sərəncamının icrası, arxiv foto
Əfv sərəncamının icrası, arxiv foto

Martın 18-də Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, 98 məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldıldi. Ömürlük azadlıqdan məhrum edilən 3 nəfərin cəzası isə 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Sərəncam şərti həbs edilən, cərimə cəzasına məhkum edilən və bir sıra başqa şəxslərə də şamil edilməklə bütünlükdə 600-dən çox insanı əhatə edib.

Əfvə düşənlərin 38 nəfəri hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı siyahısında yer alırdı.

Çıxış yolu nədədir?

Amma bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, bu sərəncam da özündən əvvəlki əfv sənədləri kimi ölkədə siyasi məhbus problemini həll etməyib. Onların deməsinə görə, ən azı iki bu qədər siyasi məhbus ölkə həbsxanalarında hələ də cəza çəkməkdədir. Belə olanda sual yaranır, əfv sərəncamları siyasi məhbus sayılan şəxslərin problemini həll etmirsə, çıxış yolu nədədir?

“Mən siyasi məhbus terminin qəbul etmirəm”

Məlahət Həsənova, 2018
Məlahət Həsənova, 2018

Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi Rayon Təşkilatının sədri Məlahət Həsənova mövzu ilə bağlı bunları deyib:

“Siyasi məhbus ifadəsini kim icad edib və ümumiyyətlə, Azərbaycanda hansısa partiyanın üzvü olduğundan kimisə həbs ediblər? Avropa təşkilatları bu məsələni özlərindən uydurublar. Niyə Ermənistanda həbs olunanlara belə reaksiya yoxdur, niyə susurlar, onların həbs olunanlarına siyasi məhbus adı nə üçün qoymurlar? Mən siyasi məhbus terminin qəbul etmirəm”.

“Onlar qanunları pozduqları üçün cəza alıblar”

Məlahət İbrahimova deyir ki, Azərbaycanda həbs olunanlar siyasi fəaliyyətlərinə görə cəzalandırılmayıb:

“Onlar qanunları pozduqları üçün cəza alıblar. Azərbaycanda heç vaxt kimisə siyasi baxışlarına görə həbs etməyiblər. Ona qalsa Yeni Azərbaycan Partiyasının üzvləri də həbs olunub”

YAP-ın loqosu
YAP-ın loqosu

Xanım deputat daha sonra da deyib:

“ Cənab Prezident deyib ki, hər hansı partiya üzvünün xidməti onun vəzifədə etdiklərinə bəraət vermir. Nə olsun ki, hakim partiyanın üzvüdür. YAP üzvü hamıya nümunə olmalıdır. Çünki iqtidar partiyası müxalifət partiyasından daha çox məsuliyyət daşıyır. Hakim partiyanın ilk illərindən üzvü olmuş adamlar var ki, həbsdədirlər, onda onlar da siyasi məhbus olduqları üçün müraciət yaysınlar? Əksinə, son illər aparılan siyasi islahatlar, iqtidar-müxalifət dialoqu da tamam başqa mənzərə yaradıb”.

“Hakimiyyət siyasi məhbus problemini beynəlxalq təşkilatlarla alver predmetinə çevirib”

Rüfət Səfərov, 3 avqust 2020
Rüfət Səfərov, 3 avqust 2020

Ancaq “Müdafiə xətti” təşkilatının kordinatoru Rüfət Səfərov isə Azadlıq Radiosuna vurğulayıb ki, 1993-cü ildən bəri Azərbaycanın siyasi məhbussuz dövrü olmayıb:

“27 ildə yüzlərlə insan siyasi fəaliyyətinə görə Əliyevlərin cəzaçəkmə müəssisəsindən keçib. Bununla da hakimiyyət siyasi məhbus problemini beynəlxalq təşkilatlarla alver predmetinə çevirib”.

“51 siyasi məhbusun yerini digər təqsirsiz şəxslərlə doldurdular”

Rüfət Səfərovun deməsinə görə, hələ 2019-cu ilin mart ayında əfv sərəncamı imzalananda o da daxil ( Rüfət Səfərov 2016-cı ildə rüşvət iddiası ilə 9 il həbs cəzası almışdı. Keçmiş müstəntiq iddanı qəbul etmirdi) 51 siyasi məhbus azad olunanda fərqli mənzərənin yaranacağına ümidliydilər:

“Düşünürdük ki, yaxın gələcəkdə məsələ tamamilə qapanacaq. Təəssüf ki, bir qədər sonra 51 siyasi məhbusun yerini digər təqsirsiz şəxslərlə doldurdular. Hətta ötən ilin dekabrında böyük əfv sərəncamı imzalanacağına ümidliydik. Ancaq Əfv Komissiyasının üzvləri məntiqsiz fikir irəli sürdülər ki, koronavirus pandemiyası səbəbindən toplaşa bilmirlər. Halbuki, dünyanın gücləri virtual toplantılar keçirib qlobal məsələləri müzakirə edirlər ”.

Rüfət Səfərov siyasi məhbuslarla hakim partiyanı təmsil edən məmurların həbsini eyniləşdirməyin tərəfdarı deyil. Onun vurğulamasına görə, bəzi istisnalar olmaqla, hazırkı hökumətin məmurlarının rüşvət və korrupsiya girdabında olması heç kimdə şübhə doğurmur:

“ Ümumiyyətlə, ABŞ Dövlət Departamenti, Avropa Şurası, Avropa Birliyi Azərbaycan siyasi məhbuslar olduğunu bildirir, amma YAP hökuməti problemi görməzdən gəlirsə, başadüşüləndir”.

“Yeganə çıxış yolu budur ki,…”

Azərbaycan parlamenti
Azərbaycan parlamenti

Probleminin həllinə gəldikdə isə Rüfət Səfərov bunları deyir:

“Yeganə çıxış yolu budur ki, ədalətli və azad seçkilər nəticəsində parlament formalaşsın və həmin parlament hökumət qursun. Paralel olaraq, məhkəmələrin müstəqilliyi təmin edilsin və yerli idarəetmə orqanları icra hakimiyyətlərinin təsir dairəsindən çıxsın. Yalnız bundan sonra siyasi məhbus probleminə son qoyula bilər. Sadəcə, vətəndaşlar məsuliyyətlərini dərk edib talelərinə biganə qalmayıb öz hökumətlərini qurmalıdır ”.

Xatırlatma

Azərbaycanda bundan əvvəl sonuncu əfv sərəncamı ötən ilin aprelində imzalanmışdı
Həmin əfv sərəncamı dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan və risk qrupunda sayılan məhkumlara şamil olunmuşdu. Həmin əfv sərəncamı ilə 176 nəfər azadlığa buraxılmışdı.
Bir sıra yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda bu il martın 18-də imzalanan əfv sərəncamına qədər ölkədə 150-yə yaxın siyasi məhbus olub. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG