Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Ermənistanda nazir jurnalisti vurdu və...istefa verdi


Akop Arşakyan
Akop Arşakyan

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə baş vermiş insident zamanı jurnalistə əl qaldırdıqdan sonra istefa verib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, hadisə martın 19-da baş verib, nazir istefa ərizəsini martın 31-də yazıb.

Bu da qeyd olunur ki, Arşakyan habelə jurnalistin kompüterini masanın üstündən yerə itələyib.

35 yaşlı nazir hadisə ilə əlaqədar aprelin 1-də özünün Facebook səhifəsində yazıb:

“Ermənistan Respublikasının vətəndaşı kimi vəzifəli şəxs tərəfindən başqa bir vətəndaşa qarşı zorakılığın tətbiq olunmasını yolverilməz hesab edirəm. Biz zorakılıqsız cəmiyyət formalaşdırmaq yolunda hərəkət etməliyik”.

Azatutyun yazır ki, nazirin yerinə artıq Tavuş vilayətinin qubernatoru təyin edilib.

İnsident

Xəbərdə deyilir ki, hadisə Yerevan kafelərindən birində baş verib.

Hadisənin videoyazısı YouTube kanalında yayılıb.

Jurnalist açıq mikrofonla nahar edən nazirin masasına yaxınlaşıb və ondan iş vaxtı niyə işləmədiyini soruşub.

Nazir cavabında deyib ki, o həmişə işləyir. Jurnalist deyib ki, məmurların müəyyən edilmiş iş saatları var.

Jurnalist bunları deyəndən sonra kafenin ikinci mərtəbəsinə qalxıb. Az sonra Arşakyan onun arxasınca gəlib.

Masa arxasında oturan jurnalistə yumruq atıb.

Dron vəd edən nazirin qalmaqalları

Akop Arşakyan daha sonra Facebook səhifəsində yazıb:

“Mən öz istefamla istər psixoloji, istərsə də fiziki zorakılığı qəbul etmədiyimi ifadə edirəm. Ümid edirəm ki, baş vermiş hadisə cəmiyyətimiz üçün dərs olacaq və biz hər bir kəsin şəxsi və ailə həyatının toxulmazlıq hüququnu bir az daha artıq sevəcək və hörmət edəcəyik”.

Azatutyun yazır ki, Arşakyan son zamanlar bir neçə qalmaqala düşüb. O bundan iki həftə əvvəl Irakanum saytının redaktorunu vurub.

Bundan sonra jurnalist təşklilatları nazirin istefasını tələb ediblər. Arşakyan istefa verməsə də, üzrxahlığını bildirib.

Akop Arşakyan Qarabağda 44 günlük müharibədən sonra ictimaiyyət qarşısında tez-tez görünür və vətənpərvər bəyənatlar verirdi.

O son çıxışlarında qeyd edirdi ki, Ermənistanda tezliklə dronların kütləvi istehsalına başlanacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG