Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:55

Həbsdəki generala 'yox' deyildi


General R.Əkbərov

General-leytenant Rövşən Əkbərov özü haqqında çıxarılmış həbs qərarını əsassız sayır. O, istintaq dövründə həbsdə saxlanması haqda Bakı Hərbi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Martın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə onun şikayətinə baxılıb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, məhkəmədə təqsirləndirilən generalın özü də iştirak edib. Həm özü, həm də vəkili həbs qərarının ləğvini, onun ev dustaqlığına buraxılmasını istəyib.

Vəkil bildirib ki, Əkbərov barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün yetərincə əsaslar olmayıb, o, həbsdə olmadan da istintaq davam edə bilər. Müdafiəçi hüquqlarını müdafiə etdiyi generalın şəxsiyyətini, dövlət üçün gördüyü işlərin nəzərə alınmasını istəyib.

Əkbərovun işi üzrə istintaq araşdırmaları Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb. Məhkəmədə istintaqı aparan müstəntiq də iştirak edib. Generalın həbsdən buraxılmasına etiraz edən müstəntiq deyib ki, onun qaçıb gizlənmək, şahidlərə təsir göstərmək ehtimalı var.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib. Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar qüvvədə saxlanıb.

Xatırlatma

Rövşən Əkbərov 2001-ci ildə Kiyev şəhərində 1971-ci il təvəllüdlü Elçin Əliyevi qətlə yetirməkdə suçlanır. İddia olunur ki, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə Deqtyaryov küçəsi-7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içəndən sonra onların arasında mübahisə yaranıb. Bu zaman Əkbərov ürək nahiyəsinə kəsici alətlə zərbə vurub.

Generala qarşı CM-in 12.1, 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Təqsirləndirilən general və ya onun ailə üzvlərinin bu ittihama münasibəti məlum deyil.

1965-ci il təvəllüdlü Əkbərov sözügedən qətl hadisəsindən sonra – 2002-ci ildə general-leytenant rütbəsinə layiq görülüb. O, 2011-ci ildə korpus komandiri olub. 2020-ci ildə isə ehtiyata buraxılıb.

Rövşən Əkbərov 1994-cü ildən Azərbaycanın Milli Qəhrəmanıdır. Həmin il Surət Hüseynovun dəstəsinə qarşı əməliyyatlarda iştirakına görə təltif olunub. Bir il sonra – 1995-ci ildə Rövşən Cavadov və onun tərəfdarlarına qarşı əməliyyatın da əsas iştirakçılarından biri olub.

XS
SM
MD
LG