Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:39

Generalın qətldə suçlandığı rəsmən təsdiqləndi


General-leytenant Rövşən Əkbərov valideynlərlə görüşür. 2015

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun qəsdən adam öldürməkdə suçlandığı rəsmi şəkildə təsdiqlənib. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, generala qarşı CM-in 12.1, 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Əkbərov 1 iyun 2001-ci ildə Kiyev şəhərində 1971-ci il təvəllüdlü Elçin Əliyevi qətlə yetirməkdə suçlanır. İddia olunur ki, o, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə Deqtyaryov küçəsi-7 ünvanında yerləşən "Sikora" kafesində yeyib-içəndən sonra onların arasında mübahisə yaranıb. Bu zaman Əkbərov Əliyevin ürək nahiyəsinə kəsici alətlə zərbə vurub.

Cinayət işi üzrə icraat niyə dayandırılıb?

Baş Prokurorluq onu da təsdiqləyib ki, hadisədən sonra cinayəti törətməkdə Azərbaycan vətəndaşı şübhəli bilindiyinə görə hələ 2003-cü ildə Ukrayna hüquq-mühafizə orqanları cinayət işinin materiallarını Bakıya göndərib. Amma Azərbaycanda cinayət işi üzrə icraat dayandırılıb: "Həmin cinayət işi üzrə Hərbi Prokurorluğun və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb".

Məlumatda vurğulanır ki, 2020-ci ildə Baş Prokurorluqda bu iş yenidən araşdırılıb və rəhbərlik icraatın dayandırılması haqda qərarı ləğv edib. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaq hərəkətlərindən sonra Əkbərovla bağlı sübutlar toplanıb və o, cinayət məsuliyyətinə cəlb olunub.

Generalın ittiham olunduğu CM-in 221.3 maddəsində 5 ilə, 120.2.2 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əkbərova ittiham verilən maddələrin əvvəlindəki 12.1 əlavəsinə gəlincə, bu, Azərbaycan vətəndaşlarının ölkədən kənarda cinayət törətdiyi, lakin orada məsuliyyətə cəlb olunmadığı halda onun cəzalandırılması qaydasını ehtiva edir.

56-yaşlı Rövşən Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilib.

2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

XS
SM
MD
LG