Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:57

Milli Qəhrəman olan general həbs edildi


General-leytenant Rövşən Əkbərov valideynlərlə görüşür. 2015

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərov həbs olunub. O, qəsdən adam öldürməkdə ittiham olunur. İlkin istintaq dövrü üçün onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Generalın həbs olunması xəbəri Baş Prokurorluğun mətbuat xidmətindən də AzadlıqRadiosuna təsdiqlənib.

"İctimaiyyətə daha sonra ətraflı məlumat veriləcək", – prokurorluqdan bildirilib.

Əkbərovun işi ilə bağlı istintaq araşdırmaları Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Onun özünün, yaxud vəkillərinin hər hansı açıqlaması yayılmayıb.

Kiyevdə restoranda dava...

Prokurorluqdakı mənbənin AzadlıqRadiosu-na bildirdiyinə görə, general 20 il öncə - 2001-ci ildə Ukraynanın Kiyev şəhərində azərbaycanlı işadamı, 29-yaşlı Elçin Əliyevin qətlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Mərhum Əliyevin ailə üzvləri ötən 20 il ərzində dəfələrlə mətbuat konfransları keçirib, hüquq-mühafizə orqanlarına, Prezident Administrasiyasına şikayətlər ünvanlayıb və Əkbərovun cəzalandırılmasını tələb edib. Onlar iddia edirdilər ki, Kiyevdə restoranda mübahisə düşüb, nəticədə Əkbərov ürəyindən vurduğu bir bıçaq zərbəsi ilə onu qətlə yetirib.

O dövrdə Ukrayna prokurorluğu da Azərbaycan hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərib. Məktubda göstərilib ki, qətl hadisəsində Əkbərovun iştirakına dair faktlar müəyyən olunub. Lakin o, Azərbaycan vətəndaşı olduğuna və bu ölkə ərazisində yaşadığına görə məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin materialları da Bakıya göndərilib.

Ukraynadan cinayət işinin materialları göndəriləndən sonra əvvəlcə Hərbi Prokurorluğa, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə (hazırkı İstintaq İdarəsi) verilib.

Avropa Məhkəməsinin qərarı

Valideynlərin ərizəsi əsasında Avropa İnsan Hüquqları Məhkəməsi də bu işi araşdırıb. Məhkəmə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Belə nəticəyə gəlib ki, bu iş üzrə effektli araşdırma aparılmayıb.

Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib.

56-yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilib.

2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

XS
SM
MD
LG