Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 10:02

Erdoğanın iki qərarı Qərb mediasında


Türkiyənin İstanbul Konvensiyasından çıxmasına etirazlar
Türkiyənin İstanbul Konvensiyasından çıxmasına etirazlar

Prezidentin kommunikasiyalar üzrə təmsilçisi martın 21-də yazılı bəyanatında ölkənin konvensiyadan çıxmasını müdafiə edib

Türkiyədə son baş verənlər – lirənin kəskin ucuzlaşması, ölkənin qadınlara qarşı zorakılığı qadağan edən sazişdən çıxması qərb mediasında müzakirə olunan mövzulardandır.

“The Financial Times” qəzetində Deyvid Qardner Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın ABŞ-ın keçmiş prezidenti Donald Trampsayağı davrandığını yazır.

“Birincisi, mərkəzi bankın sədrini işdən çıxarmaq iqtisadi intihara bərabər olardı. İkincisi, qadınlara qarşı zorakılığı yasaqlayan, Türkiyənin on il öncə ilk imza atdığı konvensiyadan çıxmaq ölkənin bütün vətəndaşlarını qoruyan demokratik ölkə imicinin qalıqlarını da dəfn edə bilər”, – müəllif yazır.

Ötən şənbə mərkəzi bank sədri Naci Ağbal vəzifədən uzaqlaşdırılandan sonra lirə dollara qarşı 17 faiz dəyər itirdi. Müəllif Erdoğanın monetar qərarının onun İstanbul Konvensiyasından çıxmasının yanında sönük qaldığını yazır. Avropa Şurasının bu sazişi qadınlara qarşı zorakılıqla mübarizəni nəzərdə tutur. Türkiyədə gündə 3 qadının qətlə yetirildiyi bildirilir.

Qaranlıq tunel

“Çox qaranlıq bir tuneldən keçirik. Demokratiyanı itirəndə ilk öncə qadınların, azlıqların hüquqları əldən gedir”, – türkiyəli yazıçı Elif Şafak qəzetə deyib.

Erdoğan hökuməti Türkiyədə insan haqları və demokratik normaları vəzifədə olduğu 18 il ərzində görünməmiş miqyasda darmadağın edir. Bunu isə “Human Rights Watch” insan haqları təşkilatı bəyanatında bildirir.

“Ötən həftə hökumətin təhlükəli addımları hüququn aliliyini sarsıdır, tənqidçiləri və siyasi opponentləri hədəfə alır”, – qurum bildirir.

Prezident İstanbul Konvensiyasından çıxmaqla bağlı martın 19-da sərəncam imzalayıb. Bundan iki gün öncə isə ölkənin ali apelyasiya məhkəməsi müxalif Xalq Demokratik Partiyasını (HDP) bağlamaq üçün iş açdığını bəyan edib.

Prezidentin hədəfi

“Prezident Erdoğan onun Türkiyə cəmiyyətini yenidən formalaşdırması yolunda duran istənilən qurum, yaxud cəmiyyətin hissəsini hədəfə alır”, – “Human Rights Watch”un icraçı direktoru Kennet Ros deyib.

“Parlament müxalifəti, kürdlər, qadınlara qarşı son baş verənlər prezidentin insan haqları və demokratik normaları pozaraq hakimiyyətdə qalmasını təmin etmək məqsədi güdür”, – o, sözlərinə əlavə edib.

Prezidentin kommunikasiyalar üzrə təmsilçisi martın 21-də yazılı bəyanatında ölkənin konvensiyadan çıxmasını müdafiə edib, bu sənədin “bir qrup tərəfindən oğurlanaraq homoseksuallığı normaya çevirməkdən ötrü” istifadə olunduğunu bildirib.

İstanbul konvensiyası cinsi oriyentasiya və gender mənsubiyyəti ilə bağlı ayrı-seçkiliyi qadağan edir. Türkiyənin qadın fəalları konvensiyanı müdafiə edirlər, çünki bu sənəd hökumətin üzərinə qadınlara qarşı zorakılıqla bağlı səmərəli tədbirlər görmək, qurbanları qorumaq, pozuntulara yol verənləri cəzalandırmaq öhdəliyi qoyur.

Türkiyədə hər il yüzlərlə qadının partnyorları və keçmiş partnyorları tərəfindən öldürüldüyünü nəzərə alanda Erdoğanın sazişdən çıxması, onu siyasi məqsədlərlə silah kimi istifadə etməsi sarsıdıcıdır, “Human Rights Watch” vurğulayır.

XS
SM
MD
LG