Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:23

Avropa Putini, Putin Avropanı ittiham edir


Avropa Şurasının prezidenti Şarl Mişel (solda) və Rusiya prezidenti Vladimir Putin (Arxiv fotosu)
Avropa Şurasının prezidenti Şarl Mişel (solda) və Rusiya prezidenti Vladimir Putin (Arxiv fotosu)

Avropa Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putinə deyib ki, Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlərin səviyyəsi “aşağı həddə” enib və fikir ayrılıqları bir çox sahələrə aiddir.

Buna cavab olaraq Rusiya lideri Avropa İttifaqını “qarşıdurma siyasəti” yürütməkdə ittiham edib.

Mişel və Putin martın 22-də, Avropa İttifaqı iki Çeçenistan rəsmisinə insan haqları pozuntularına görə sanksiyalar elan edəndən sonra və Aİ liderlərinin Rusiya-Avropa münasibətlərini müzakirə edəcək 25-26 mart sammitindən əvvəl telefonla danışıblar.

Avropa Şurası bildirib ki, “prezident Mişel Aİ-Rusiya münasibətlərinin “aşağı səviyyədə” olduğunu ifadə edib və Avropa İttifaqının yanaşmasının onun təməl dəyərlərinə söykənən beş prinsipinə əsaslandığını təsdiqləyib”.

Bəyanatda deyilir ki, hazırda Avropa İttifaqı ilə Rusiya arasında bir çox sahələrdə fikir ayrılıqları var.

Avropanın Rusiyadan gözləntiləri

Sənəddə bu da qeyd olunur ki, “münasibətlər, məsələn Minsk razılaşmalarının həyata keçirilməsi kimi məsələlərdə davamlı tərəqqi olduğu halda fərqli istiqamət götürə bilər”.

Minsk razılaşmaları 2014-cü ildən bəri Ukraynanın şərqində rusiyayönlü separatçıların başlatdığı münaqişəyə son qoyulması üçün imzalanıb.

Avropa İttifaqının Moskvadan başqa bir gözləntisi ittifaq üzvləri üzərinə “hibrid və kiberhücumlara son qoyulması”, habelə Rusiyada insan haqlarına ehtiram göstərilməsidir.

Mişel Rusiyanı bir daha müxalifət siyasətçisi Aleksey Navalnını azad etməyə və “ona qarşı sui-qəsd cəhdinin şəffaf araşdırılmasına” çağırıb.

Rusiya hakimiyyət orqanları ötən ilin avqustunda Sibir regionunda Navalnının zəhərlənməsinə dair iddiaları araşdırmaqdan imtina edir.

Putin “siyasətsiz” münasibətlər istəyir

Kremlin verdiyi bəyanatda deyilir ki, Putin Rusiya-Avropa İttifaqı münasibətlərinin qeyri-qənaətbəxş olmasını “avropalı partnyorlarımızın qeyri-konstruktiv və çox vaxt da qarşıdurmaya meylli siyasətləri ilə əlaqələndirib”.

Rusiya prezidenti vurğulayıb ki, Rusiya Brüsselin buna iradəsi olduğu halda, Avropa İttifaqı ilə “siyasiləşdirilməmiş normal bağları” bərpa etməyə hazırdır.

Bu telefon söhbətindən əvvəl Avropa İttifaqı lesbian, gey, biseksual və transgender (LGBT) şəxslərə və Moskvanın dəstəklədiyi çeçen lider Ramzan Kadırovun opponetləri hesab olunalara qarşı “işgəncə və repressiyalarda” ittiham olunan iki Çeçenistan rəsmisinə sanksiyalar elan edib.

Bu rəsmilər - Abuzayed VismuradovAyub Katayev aktivlərinin dondurulmasını və səfər qadağanını nəzərdə tutan sanksiyalarla hədəflənib.

Bu barədə məlumat martın 22-də Aİ-nin Rəsmi Jurnalında dərc olunub.

Kadırovun “qeyri-rəsmi” cangüdəni

İnsan haqları qrupları Çeçenistanı seksual azlıqları - oğurlanma, işgəncə və qanunsuz qətllər də daxil hədəfləməkdə ittiham edirlər.

Kadırov bu iddiaları rədd edir.

Katayev hazırda Çeçenistanın Arqun şəhərində polis rəisidir, Vismuradov isə Çeçenistanın vitse-baş naziri olmaqla yanaşı həm də Terek hərbi birləşməsinin komandanıdır.

İddialara görə regionda geylərin tutulmasını bu birləşmə icra edib.

Vismuradov həm də Kadırovun “qeyri-rəsmi” cangüdəni sayılır.

Birləşmiş Ştatlar artıq bundan əvvəl insan haqlarının kobud pozulmasına görə Vismuradov, Katayev, və Kadırovun üzərinə sanksiyalar qoymuşdu.

Avropa İttifaqı 2014-cü ildə Krımın ilhaqını dəstəklədiyinə görə Kadırovun adını “qara siyahıya” salıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG