Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 01:15

Rusiya Qərbi ‘odla oynamamağa’ çağırır


(Soldan sağa) Aleksandr Bastrıkin, Viktor Zolotov, İqor Krasnov, Aleksandr Kalaşnikov

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 2-də sanksiyaları “Rusiyaya qarşı düşmən hərəkəti” adlandırıb

Moskva son sanksiyalara cavab olaraq Qərbi “odla oynamamağa” çağırıb. Bundan öncə Birləşmiş Ştatlar və Avropa Birliyi müxalifətçi Aleksey Navalnının zəhərlənməsi və həbsinə görə Rusiyanın aparıcı rəsmilərinə sanksiyalar tətbiq edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 2-də sanksiyaları “Rusiyaya qarşı düşmən hərəkəti” adlandırıb.

“Bu, bizim daxili işlərimizə aşkar müdaxiləni davam etdirməyə bəhanədir və bunu qəbul etməyəcəyik”, – o deyib.

Sözçü deyib ki, ABŞ-ın sanksiyalar həvəsinə baxmayaraq, “milli maraqlarımızı davamlı və qətiyyətli şəkildə müdafiə edəcəyik. Həmkarlarımızı odla oynamamağa çağırırıq”.

Sanksiyalar

Zaxarovanın bəyanatından bir neçə saat öncə Birləşmiş Ştatlar və Avropa Birliyi sanksiyaları açıqlayıb. Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin administrasiya rəhbərinin müavini daxil olmaqla yüksək vəzifəli məmurlara sanksiyalar elan edib. Avropa Birliyi isə dörd rəsmiyə sanksiya açıqlayıb. Onlar Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Baş prokuror İqor Krasnov, Milli Qvardiya rəhbəri Viktor Zolotovdur.

Bayden administrasiyasının sözçüsü Jen Psaki isə deyib ki, Birləşmiş Ştatlar Kremlə “güclü mesaj göndərmək” üçün sanksiyaların vaxtını AB ilə koordinasiya etmək istəyib.

Vaşinqton həmçinin bioloji və kimyəvi istehsalda işlədilən 14 komponentin Rusiyaya ixracına və Rusiyanın 9 kommersiya qurumuna məhdudiyyətlər qoyur.

Zaxarova Birləşmiş Ştatları başqalarına “mühazirə deməkdə” suçlayıb, sözüylə hərəkətinin bir-birinə zidd olduğunu bəyan edib.

“Qarşılılıq prinsipinə söykərənək biz asimmetrik olmasa da, cavab tədbirləri görəcəyik”, – o, bəyanatında deyib.

Xatırlatma

Navalnı yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb. O, ötən avqustda Sibirdə Noviçok sinir qazıyla zəhərlənəndən sonra Almaniyada müalicə alırdı.

Fevralın 2-də Moskvada məhkəmə Navalnıya 2014-cü ildə kəsilmiş 3 il yarım şərti cəzanı real cəzayla əvəzləyib. Cəzanın çəkilmiş hissəsi nəzərə alınmaqla müxalifətçiyə qarşı 2 il yarım həbs qərarı çıxarılıb.

Navalnı zəhərlənməsinə görə birbaşa Rusiya prezidenti Vladimir Putini ittiham edir. Bellingcat araşdırmaçı təşkilatı isə zəhərlənməni Rusiya Federal Təhlükəsizlik Xidməti əməlliyyatçıları ilə əlaqələndirib.

Amma Rusiya hökuməti zəhərlənmədə əli olmadığını deyərək insident üzrə təhqiqat başlatmaqdan imtina edib.

Bu arada martin 1-də BMT-nin insan haqları ekspertləri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı beynəlxalq təhqiqatın keçirilməsinə çağırıblar. Onların mövqeyinə görə, Rusiya hökumət rəsmilərinin bu zəhərlənmə aktında “böyük bir ehtimalla” iştirakı olub.

XS
SM
MD
LG