Ermənistan hakimiyyəti keçmiş baş prokurorun cinayət ittihamları üzrə axtarışının davam etdiyini bildirir. Bir deputatın açıqladığı sənəddən belə məlum olub ki, Interpol onu beynəlxalq axtarış siyahısına salmayıb.
Deputat Taguhi Tovmasyan martın 16-da deyib ki, Interpol Gevork Kostanyan barəsində beynəlxalq axtarış başlatmaqdan imtina edib, çünki ona qarşı işdə siyasi təqib olması qənaətinə gəlib.
Baş prokurorluq sənədin mövcudluğunu inkar etməsə də, Tovmasyanı qalmaqal yaratmaq məqsədilə faktların təhrifində suçlayıb.
Ölkədə axtarış siyahısındadır
Qurum bildirib ki, 2008-ci ildə seçkidən sonra etirazçılara divan tutulmasıyla bağlı ittiham olunan Kostanyanın adı hələ də ölkədə axtarılanlar siyahısındadır.
Ermənistan hakimiyyəti keçmiş baş prokuroru 2019-cu ilin sonundan axtarır. Özü isə ittihamları rədd edərək siyasi motivli adlandırır.
Tovmasyan hakim “Mənim Addımım” parlament fraksiyasından ötən ilin sonunda çıxıb. Onda Ermənistan Azərbaycanla 2-ci Qarabağ müharibəsində məğlubiyyətə uğramışdı.
Deputat parlamentin iclasında sənədi göstərsə də onu necə əldə etdiyini söyləməyib.
“Sadə dildə desək, beynəlxalq cinayət polisi, Interpol inanır ki, Ermənistanın Baş Prokurorluğu və Xüsusi İstintaq Xidməti kökündən əsassız olan işi quraşdırıblar”, – o vurğulayıb.
Baş Prokurorluq isə bəyan edib ki, Interpol işlərin şəraiti və faktiki informasiyanı öyrənmir, ittihamların legitimliyini dəyərləndirmək səlahiyyəti yoxdur.
Interpol “ittihamın əsaslı, yaxud əsassız, siyasi, yaxud motivli olmasını dəyərləndirəcək qurum deyil”, – bəyanatda vurğulanır.