Belarusda həbsdə olan bloqer İqar Losikə yeni ittihamlar irəli sürülüb. Açıqlamanı verən həyat yoldaşı onun yeni ittihamları eşidən kimi yenidən aclıq aksiyasına başladığını bildirib.
AzadAvropa/AzadlıqRadiosu-nun yeni media texnologiyaları üzrə konsultantı olan Losik müstəntiq və vəkilinin yanında biləyini kəsməyə çalışıb, həyat yoldaşı Darya martın 11-də vəkilə istinadla radioya deyib.
Onun sözlərinə görə, ittihamlar dəqiq bəlli deyil. Bloqerin həyat yoldaşı Belarusa rəhbərlik edən Alyaksandr Lukaşenkadan ərinin doqquz ay həbsdə saxlanmasının səbəblərini tələb edir.
Losik altı həftəlik aclıq aksiyasını təxminən iki aydır dayandırıb. O, ötənilki mübahisəli prezident seçkisindən sonrakı etirazların təşkilində ittiham olunmasına etiraz edir.
“Jurnalistika cinayət deyil”
28 yaşlı, 2 yaşlı qız atası olan bloqerə yeni ittihamlara AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay reaksiya verib. O, Lukaşenkanı bloqerin tezliklə ailəsinə qovuşması üçün onu dərhal azad etməyə çağırıb.
“AzadAvropa/AzadlıqRadiosu-nda hamımız İqara bu gün elan olunmuş yeni ittihamlardan və onun səhhətinin pisləşməsindən dərin kədər hissi keçiririk. Jurnalistika cinayət deyil və İqar ədalətsiz olaraq uzun müddət saxlanıb. İhar və ailəsinə bu cür işgəncə verilməməlidir”, – o deyib.
İqar iyunun 25-də saxlanıb, populyar Telegram kanalından “ictimai asayişin pozulmasına hazırlıq” və “iğtişaşlarda iştiraka hazırlıq” üçün istifadədə ittiham olunub. Bunlar 9 avqust seçkisindən öncə baş verib.
Losikə dekabrın 15-də irəli sürülmüş ittihamlar üzrə səkkiz il həbs cəzası nəzərdə tutulur.
Bloqerdən bədbin məktub
İnsan haqları fəallarının siyasi məhbus saydığı Losik onda aclıq aksiyasına başlayıb. O, yanvarın 25-də aksiyanı “öz iradəsiylə” dayandırdığını açıqlayıb.
Bloqerin fevralın 18-də əllə yazdığı məktub sosial mediada yayılıb. Bu, Belsat-dan iki jurnalistə iki il həbs cəzası kəsiləndən sonra baş verib.
“Heç bir illüziyam yoxdur. Məncə, daha beş il keçəcək və o vaxtacan mən öləcəyəm. Daha heç nə etmək istəmirəm. Bu qədər iş görülüb, amma hamısı boşuna gedib: heç kəsə heç nə təsir etmir. Səmimi deyəcəyəm: Nəyinsə dəyişəcəyinə inanmıram”, – bloqer yazırdı.
Lukaşenka Belarusda prezident seçkisinin qalibi elan olunandan sonra ölkəni nümayişlər bürüyüb. Qərb ölkələri Lukaşenkanı prezident kimi tanımayıblar. O isə müxalifətin istefa çağırışlarını rədd edib, onlarla danışığa getməyəcəyini deyib.
Losik məktubunda yazırdı ki, hökumətə qarşı çıxanların hər birinin həbs olunacağına, qalanların ya gedəcəyinə, ya da susdurulacağına inanır.