Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Saakaşvili Qərbi susqunluqda ittiham edir


Mixeil Saakaşvili
Mixeil Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib ki, onun ölkəsini bürüyən hazırkı siyasi böhran onu qətiyyən təəccübləndirmir.

Current Time portalına müsahibə verən Saakaşvili bəyan edib ki, böhrana səbəb onun özü də daxil onun siyasi partiyasına qarşı hücumlardır.

Polis fevralın 23-də Vahid Milli Hərəkat Partiyasının ofisinə reyd keçirərək təşkilatın lideri Nika Meliyanı saxlayıb.

Bunun ardınca başlanan siyasi böhranın əsnasında baş nazir istefa verib.

Meliyanın tərəfdarları ofisin mebellərindən istifadə edərək barrikada qurublar.

Polis və fəallar arasında toqquşmada 17 nəfərin xəsarət aldığı bildirilir.

Meliya 2019-cu ilin iyununda müxalifətin mitinqi zamanı iğtişaş törətməkdə ittiham edilir.

O bu ittihamı rədd edir və “siyasi motivli” adlandırır.

VMH partiyasınının əsasını qoyan Saakaşvili 2004-2013-cü illər arasında Gürcüstanın prezidenti olub.

O bundan əvvəl “Qızılgül inqilabı” kimi tanınan hərəkata başçılıq etmişdi.

“Onlar mənim ölkəyə gəlişimi əngəlləyiblər”

Saakaşvili bildirib ki, Meliyanın həbsi müxalifət üzərinə hücumun bir hissəsidir:

"Əvvəlcə onlar qondarma cinayət işləri açmaqla mənim ölkəyə gəlişimi əngəllədilər. İndi isə mən partiyama rəhbərlik etmək imkanından məhrum edildikdən sonra təşkilat, lider kimi Nika Meliyanı elektron səsvermə ilə seçib. Onlar onu da qondarma ittihamla həbs ediblər: Guya Meliya iki il əvvəl mitinqdə polislə dava-dalaş salıb”.

Meliyaya qarşı ittihamlar iki il əvvəl qaldırılıb.

Həmin vaxt ölkədə qonaq olan Rusiya deputatı Sergey Qavrilovun Gürcüstan parlamentində spikerin kürsüsündə oturması müxalifətin hiddətinə səbəb olmuş, bunun ardınca küçə yürüşlərinə başlanmışdı.

53 yaşlı Saakaşvili Current Time portalına deyib ki, o və Meliya VMH partiyasının hökumət tərəfindən hədəflənən yeganə üzvləri deyillər.

Saakaşviliyə qarşı ittihamlar

Gürcüstanda Saakaşviliyə qarşı cinayət işi, o 2012-ci ilin parlament seçkisini uduzduqdan sonra açılıb.

Gürcüstan məhkəməsi 2018-ci ildə onu qiyabi olaraq 9 il müddətinə azadlqıdan məhrum edib.

Saakaşvili hakimiyyətdən sui-istifadə etməkdə ittiham olunur.

Prokurorlar onu habelə 2008-ci ildə Britaniyada vəfat etmiş müxalifət siyasətçisinə sui-qəsdə əmr verməkdə ittiham edirlər.

Bütün ittihamları siyasi motivli kimi rədd edən Saakaşvili 2015-ci ildə Ukraynada yeni siyasi karyerasına başlamışdı.

"Seçki saxtalaşdırılıb"

Saakaşvili bunu da bildirib ki, Gürcüstanda ötən payız keçirilmiş parlament seçkisi hakim Gürcü Arzusu partiyasının xeyrinə saxtalaşdırılıb.

Lakin beynəlxalq müşahidəçilər oktyabrın 31-də keçirilmiş seçkinin əsasən azad və ədalətli olduğunu bildiriblər.

Ziddiyyətli seçkidən iki ay sonra Gürcü Arzusu partiyasının təsisçisi, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini bəyan edib.

O 2012-2013-cü illərdə baş nazir olub, amma nüxalifət onu vəzifədən getdikdən sonra da siyasətə müdaxilə etməkdə günahlandırır.

Forbes jurnalının təxminlərinə görə varidatı 4.8 milyard dollar civarında olan İvanişvilinin Rusiyada metal və bank biznesləri var.

Opponentləri və ABŞ Konqresi onu Kremlə yaxın olmaqda ittiham edirlər.

“Gürcüstanda baş verənlər Belarusun eynidir”

Saakaşvili deyib:

"Mən düşünürəm ki, Gürcüstanda son 24 saatda baş verənlər, son bir neçə ildə baş verir. Son bir gündə baş verənlər son illərdə baş verənlərin kulminasiya nöqtəsidir. Gürcüstana Rusiya modeli -“belaruslaşdırma” modeli yeridilib. Hakimiyyət oliqarxın əlinə keçəndə bundan yaxşısını gözləmək olmaz”.

Saakaşvili Gürcüstanda yaranmış vəziyyəti hazırda Rusiya və Belarusdakı hadisələrə bənzədib.

O Qərbi, Tbilisyə qarşı kifayət qədər sərt olmamaqda, Gürcüstanı Belarus qədər tənqid etməməkdə ittiham edib.

Saakaşvili yada salıb ki, Belarusda ötən avqustda keçirilmiş seçki saxtalaşdırılanda Qərb Minskə münasibətdə daha sərt münasibət nümayiş etdirmişdi:

"Qərb buvaxtadək niyə sakit dayanıb? Bəli, indi onlar Gürcüstanda baş verənlər barədə danışmağa başlayıblar. Amma niyə sakit dayanıblar? Bu anormal haldır. Gürcüstanda baş verənlərin Belarusda olanlardan nə fərqi var? Heç bir fərq yoxdur. Yeganə fərq burasındadır ki, Rusiyadakı iqtisadi durum bir azca yaxşıdır. Qalan hər şey – həbslər, təhdidlər, müxalifətin şantaj olunması – tamamilə eynidir”.

Rusiya prezidentinin qatı tənqidçisi kimi tanınan Saakaşvili bildirib ki, Putin hazırda Gürcüstanda baş verənlərdən son dərəcə məmnun olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG