Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:51

'Həbsdə oğluma göndərdiyimiz pulun üstündən götürürlər'


Həbsxana
Həbsxana

Şəki Penitensiar Müəssisəsində saxlanılan məhkum Röyal Əhmədovun orada iki gündür ki, ölüm aclığına başladığı bildirilir. Bu barədə AzadlıqRadiosuna danışan atası Kərim Əhmədov bildirib ki, oğlu cəzaçəkmə müəssisəsində məhbusların hüquqlarının pozulmasına, rüşvət hallarına etiraz edir.

"Konservləşdirilmiş kilkə göndəririk, onu qoymurlar"

K.Əhmədovun sözlərinə görə, oğlunun fevralın 10-dan ölüm aclığına başladığını həmin müəssisədə cəza çəkən başqa bir məhbus vasitəsilə öyrəniblər. Bundan sonra Ombudsman Aparatının Şəki Regional Mərkəzi ilə əlaqə saxlayıb müəssisəyə baş çəkmələrini, R.Əhmədovun durumunu araşdırmalarını xahiş edib: "Bizə dedilər ki, gedib baş çəkmək üçün Ombudsman Aparatının "Qaynar Xətt"inə şikayət etməlisiniz. Onu da elədik. Şəki Regional Mərkəzindən Pərviz müəllim bildirdi ki, əlaqə saxlamışıq, aclıq eləmir, "kars"a salınıb".

35-yaşlı R.Əhmədov 2014-cü ildən həbsdədir. O, qəsdən adam öldürmə və başqa maddələrlə 20 il azadlıqdan məhrum edilib. Cəzasının bir hissəsini Qobustanda qapalı həbsxana rejimində çəkdikdən sonra 2019-cu ilin dekabrında Şəki Penitensiar Müəssisəsinə köçürülüb. Atası deyir ki, orada saxlandığı 1 il 2 ay ərzində bir neçə dəfə özbaşınalıqlara etiraz edib: "Biz uzaqdayıq, gedib-gələ bilmirik, ona pul göndəririk. Əvvəl 100 manatın üstündən 10 manat götürürdülər, sonra 15-ə qaldırdılar. Yaxud konservləşdirilmiş kilkə göndəririk, onu qoymurlar, amma tamamilə eyni məhsulu içəridəki dükanda dəfələrlə baha qiymətə satırlar. Məhbusları alçaldırlar, o da bu cür hallara etiraz edir".

"Aclıq edən məhkum yoxdur"

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov R.Kərimovun aclıq aksiyası keçirməsi haqda məlumatı təkzib edib: "Araşdırdıq, Şəki Penitensiar Müəssisəsində aclıq edən məhkum yoxdur".

Cəzaçəkmə müəssisələrinin daxilindəki ticarət köşklərində məhsulların adi mağazalarda olduğundan çox baha satılması haqda bundan əvvəl də yayılan məlumatları Penitensiar Xidmət təkzib edib. Bildirilib ki, həmin köşklərdə zəruri tələbat malları satılır və xüsusi qiymət fərqi olmur. Həm də alınan mallara görə ödəniş nağd aparılmır, məhbusların hesablarında olan vəsaitlərdən çıxılır.

Məhkumlar və onların yaxınlarından rüşvət alınması haqda iddialara gəlincə, bir müddət öncə Penitensiar Xidmətdən AzadlıqRadiosuna bildirilib ki, rəsmi qaydada şikayət olarsa, araşdırılıb qiymət verilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG