Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 05:33

Məhkumun müəmmalı ölümü


Həbsxana. Foto arxiv
Həbsxana. Foto arxiv

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbuslardan biri orada vəfat edib. Vaxtilə həmin müəssisədə saxlanmış fəal İlkin Rüstəmzadə onun işgəncə nəticəsində ölməsi haqda məlumat yayıb. Onun sözlərinə görə, Gəncədən olan və ağır diabet xəstəliyindən əziyyət çəkən məhbusu müəssisənin əməkdaşları döyüb-öldürüblər.

"Məhbusların buna etiraz etməsindən sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib. Yüzlərlə məhbus işgəncədən keçirilib. Hazırda müəssisədə dəhşətli sərt rejim qurulub. Ən xırda şeyə görə məhbusları cəzalandırırlar. Müəssisədə olan məhbuslara telefonla əlaqə qadağası qoyulub", – İ.Rüstəmzadə bildirib.

"Məhkəmə-tibb ekspertizasının rəyi də var"

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna sözügedən məhbusun kimliyini açıqlamasa da, onun döyülüb öldürülməsi haqda iddiaların yalan olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib: "Bu barədə məhkəmə-tibb ekspertizasının rəyi də var".

M.Sadıqovun sözlərinə görə, digər məhkumların etiraz etməsi, müəssisədə əməliyyat keçirilməsi haqda deyilənlər də həqiqətəuyğun deyil: "Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir".

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən məhkum Rübail Əliyevdir. 2017-ci ilin martından həbsdə olan R.Əliyev Gəncədə valyuta mübadiləsi ilə məşğul olan şəxsə qarşı quldurluq ittihamıyla cəzalandırılıb.

Ombudsman Aparatının şöbə müdiri, Mili Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə bildirib ki, onlar da məsələni araşdırırlar: "Məlumat yayıldığı dövrdən reaksiya vermişik. Ombudsmanın diqqətindədir. Araşdırılır, məlumat da verəcəyik".

"Xəstə adamı niyə "kars"a salıb..."

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov da R.Əliyevin ölümüylə bağlı məsələni araşdırdıqlarını və nəticə barədə ictimaiyyətə ətraflı məlumat verəcəklərini deyib:

"Araşdırma nəticəsində müəyyən məlumatlar əldə etmişik. Ağır şəkərli diabet xəstəsi olub. Onu "kars"a salıblarmış. Rəy alıblar ki, ürək xəstəliyindən ölüb. Bir anlıq bunun doğru olduğunu qəbul etsək, xəstə adamı niyə "kars"a salıb həyatını təhlükə altına qoyursuz? Hərçənd, onun döyülməsi ilə bağlı da məlumatlar var və onları dəqiqləşdirməyə çalışırıq".

R.Səfərov deyir ki, "Müdafiə Xətti"nə həbs yerlərində işgəncə, pis rəftar və korrupsiya hallarıyla bağlı məlumatlar tez-tez daxil olur və onların hər birini araşdırırlar.

Penitensiar Xidmət isə tabeliyindəki müəssisələrdə işgəncə və korrupsiya halları ilə bağlı iddiaları təkzib edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG