Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

N.Əhmədovun işi üzrə istintaq yekunlaşıb


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədovun işi üzrə istintaq yekunlaşıb. Cinayət işi yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Bu barədə AzadlıqRadiosuna N.Əhmədovun atası Arif Əhmədov məlumat verib.

İstintaqın sonunda N.Əhmədovun üzərində CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə), 233-1.2.1 (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281 (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələri ilə ittihamlar saxlanılıb.

"Bu işdə sifariş var"

İstintaqın sonunda N.Əhmədovla bağlı cinayət işindən Almaniyada yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin fikirlər səsləndirən Qabil Məmmədov və həyat yoldaşı Aytən Ramazanova haqqında da başqa bir iş ayrılıb. Onların haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib, axtarış elan edilib.

İstintaq yekunlaşdıqdan sonra N.Əhmədovun vəkili vəsatət verərək onun məhkəmə hökm çıxarana qədər ev dustaqlığına buraxılmasını istəyib. Vəsatətə fevralın 8-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahov baxıb və təmin etməyib.

"Əvvəl deyirdilər ki, istintaqdan qaçıb gizlənə bilər, istintaqın gedişinə mane ola bilər, ona görə həbsdə qalmalıdır. Artıq istintaq da bitdi, bu bəhanələr aradan qalxdı. Ona görə vəkil bir də məhkəməyə müraciət etmişdi ki, heç olmasa, indi ev dustaqlığına buraxılsın. Yenə də təmin eləmədilər. Düzü, başqa nəticə də gözləmirdik. Elə Niyaməddin özü də məhkəmədə deyib ki, ədalətli qərar gözləmir. Çünki bu işdə sifariş var", – A.Əhmədov belə deyir.

Xatırlatma

Cinayət işində iddia olunur ki, Azərbaycanda terror aktları törətmək, bir sıra yüksəkvəzifəli polislərin öldürülməsini istəyən, bu məqsədlə internet üzərindən açıq çağırışlar edən Q.Məmmədov N.Əhmədova da eyni niyyətlə pul göndərib.

N.Əhmədov isə bu ittihamı qəbul etmir, Ə.Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sonadək onu tək buraxmadığına görə cəzalandırıldığını deyir. O bildirib ki, Tovuz rayonunun Qazqulu kəndində Q.Məmmədovla qonşu olublar, münasibətləri vardı. 2017-ci ildə Q.Məmmədov ondan borc alıb, qaytarmayıb. Bir neçə dəfə onunla əlaqə saxlayaraq pulunu geri istəyib. Verdiyi borcdan da bir hissəsini alıb.

N.Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün barəsində cinayət işi başlanıb.

N.Əhmədovun ittiham olunduğu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AXCP N.Əhmədovun həbsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG