Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 09:14

Mərkəzi Banka 450 milyon manatlıq binamı tikiləcək?


CBA Tower
CBA Tower

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasının tikiləcəyi və bu məqsədlə 218 milyon avro ayrılacağı bildirilir.

Bu barədə bir sıra yerli və xarici mətbuat Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, binanın inşası, avadanlıq və material təchizatı ilə tenderin qalibi Türkiyənin "Tekfen Holding"ə daxil olan "Tekfen İnşaat və Tesisat A.Ş." şirkəti məşğul olacaq.

Tenderin məbləğı 218 milyon avro göstərilsə də, bu vəsaiti konkret hansı qurumun ödəyəcəyi açıqlanmır. Bu məlumata, hələlik, Azərbaycan Mərkəzi Bankından münasibət almaq mümkün olmayıb. Amma qurumun saytında qeyd olunur ki, onun yeni inzibati binasının layihələndirilməsi və tikintisi üçün tender ötən ilin fevralın 27-də elan olunub. Məlumata görə, yeni bina Bakının Nizami rayonunda, Heydər Əliyev Prospekti-109 ünvanda yerləşəcək. Binanın hündürlüyü təqribən 160 metr, ümumi mərtəbə sahəsi isə 67 min 926 kvadratmetr olmalıdır.

Yeni bina qərarı

Mərkəzi Bank üçün yeni inzibati bina tikintisinə dair qərarı Nazirlər Kabineti hələ 2011-ci ildə verib. Bu məqsədlə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi də ayrılıb.

Tikinti işlərinin başlandığı, lakin işlərinin tezliklə də dayandırıldığı bildirilir.

Elə həmin vaxt Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirmişdi ki, yeni binanın inşası Mərkəzi Bank işçilərinin sayının artması ilə bağlıdır. Mərkəzi Bank sədri habelə əlavə etmişdi ki, indiki bina ölkənin müvafiq qurumlarının balansına verilə bilər.

Türkiyənin "Tekfen" şirkəti...

Türkiyənin "Tekfen" şirkəti Azərbaycanda inzibati binaların inşası təcrübəsinə malikdir. Həmin şirkət 2010-2016-cı illərdə "SOCAR Tower" binasını tikib, 2017-ci ildən isə Vergilər Nazirliyi üçün "M.T Tower"in inşasına başlayıb.

R.Quliyev
R.Quliyev

Deputat: "Bu, imic inşaatıdır"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan" agentliyinə bildirib ki, ölkədə imic inşaatı həyata keçirilir: "Biz çox sayda küçələri, binaları inşa edirik. Bu, imic inşaatıdır. Bu vacib və lazımdır. Çünki bizə yüz minlərlə adam, müxtəlif ölkələrin prezidentləri gəlir. Onlar ölkənin, şəhərin arxitekturasını görməlidir. Bu nöqteyi-nəzərdən belə tikintilər çox vacibdir".

"Bu, sahibkarlıq və investisiyalar üçün cəlbedicidir"

Deputatın fikrincə, belə tikintilər ölkənin imic və investisiya cəlbediciliyini artırır: "Bütün dünya bilməlidir ki, bizim belə binaları tikməyə imkanımız var. Biz köhnə binaların arxitekturasını yeni, ultramüasir binalarla, kommunikasiyalarla, yollarla uyğunlaşdırmağa bacarırıq. Ona görə Bakıya gələn qonaqlar çox razı qalır. Onlar deyir ki, Bakı heyrətə salan və gözəl şəhərdir. Biz yüzlərlə müxtəlif beynəlxalq forumları, olimpiadaları keçiririk. Bu bizə ilk növbədə hörmət gətirir, o ölkəyə hörmət gətirir ki, neft pullarından necə istifadə etmək lazım olduğunu bilir, hansı ki infrastrukturunu qurur. Və təbii ki, bu, sahibkarlıq və investisiyalar üçün cəlbedicidir".

"Hüquqaziddir"

Hüquqşünas Fərhad Mehdiyev isə hesab edir ki, Azərbaycan Mərkəzi Bankının binası üçün 450 milyon manat ayrılacağı ilə bağlı məlumat düzdürsə, bu hüquqaziddir: "Mərkəzi Bank publik hüquqi şəxsdir. Qanun əsasında yaradılır, mülkiyyəti dövlət mülkiyyətidir, fəaliyyət məqsədi ictimai marağa yönəlir. Biznes qurumu deyil, satınalmalarını "Dövlət satınalmaları haqqında" Qanuna görə həyata keçirir. Ona müstəqillik verilməsinin səbəbi siyasi müdaxilədən uzaq pul siyasətini həyata keçirə bilməsidir. Pul siyasətini, yoxsa qazancını necə və kimə xərcləməsi deyil".

"O pulu YAŞAT-a yönləndirə bilərdilər"

F.Mehdiyevin sözlərinə görə, yeni bina tikintisinə dair qərar verilirsə, bunda ictimai maraq olmalıdır. Hüquqşünas vurğulayıb ki, vətəndaşlar bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərlər:

F.Mehdiyev
F.Mehdiyev

"Çünki nəticədə bu 450 milyon bizim cibimizdən çıxır. Məsələn, o pulu YAŞAT-a ( Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və həlak olanların ailələrinin təminatına dəstək fondu ) yönləndirə bilərdilər. O pullarla əla texnopark qurmaq olardı, orta məktəblər tikmək olardı, çünki onlara ciddi ehtiyac var".

"Su problemini həll etməkdənsə "Azərsu" üçün çox bahalı..."

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda uzun illərdir inzibati obyektlərin inşasına böyük pullar ayrılır: "Əsasən 2008-2009-cu illərdən sonra, yəni böyük neft pulları gəldikdən sonra inzibati obyektlərə heç bir əsaslandırma olmadan böyük vəsaitlərin xərclənməsi dövrünə qədəm qoyulmuşdu. Azərbaycan bəlkə də dünyada nadir ölkələrdəndir ki, su təchizatı ilə bağlı problemi var. Bu su problemini həll etməkdənsə «Azərsu» üçün çox bahalı indiki məzənnə ilə təqribən 200 milyon manatlıq bina tikildi".

İqtisadçı hesab edir ki, şirkətlər və qurumlar üçün inzibati binaların tikilməsi ya zərurətdən doğmalıdır və yaxud da onların mənfəətindən qaynaqlanmalıdır: "Mərkəzi Bankın normal binası var, şəhərin ən gözəl yerlərindən birində. Mən düşünmürəm ki, Mərkəzi Bankın ştatı son zamanlar xeyli dərəcədə artıb ki, indiki binada yerləşə bilmirlər".

"İşğaldan azad olunmuş torpaqların bərpası üçün..."

İqtisadçıya görə, bu cür qərarların məntiqini indiki dövrdə, ümumiyyətlə, anlamaq olmur: "Çünki indi elə bir dövrə qədəm qoymuşuq ki, həm gəlirlər azalır, həm xərclər çoxalır. İşğaldan azad olunmuş torpaqların bərpası üçün xərcləmələr xeyli dərəcədə artacaq, hər il daha böyük vəsaitə ehtiyac yaranacaq".

N.Cəfərli
N.Cəfərli

N.Cəfərli qeyd edib ki, Azərbaycanda bu tipli layihələrdə, ümumiyyətlə, şəffaflıq sıfıra yaxındır: "Tenderlər necə keçirilir bilinmir, tenderin qalibləri hansı kriteriyalarla seçilir, bu da bilinmir. Ayrılan vəsaitin xərclənməsi istiqamətləri üzrə detallı məlumatlar olmur - tender zamanı başqa rəqiblər olubmu, onlar hansı təkliflərlə çıxış edib? Bunlarla bağlı da heç bir məlumat verilmir".

AMB-in mövcud binası 1998-ci ildə istifadəyə verilib. O vaxt keçmiş prezident Əbülfəz Elçibəy bu binanın inşasında şəffaflığın olmaması ilə bağlı iddialar səsləndirmişdi. Amma həmin iddialar rəsmən təsdiqlənməmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG