Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:33

Qafandan reportaj: ‘Azərbaycanlılar çayın o tərəfindədir’


Qafan şəhəri
Qafan şəhəri

Müəllif Syunikin başqa bir kəndi – Davud Bəydə də gərginliyin qaldığını yazır. Bir erməni əsgər Azərbaycan sərhədçilərinin 1.5 kilometrlikdə olduğunu deyib

Ermənistanla sərhədi demarkasiyası olunduqca Azərbaycan öz ərazisinə nəzarəti ələ alır. AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Neyl Hauer vaxtilə iki sovet respublikas; arasında az qala mənasız hesab edilən ayırıcı xəttin indi regionda gərginliyi alovlandırdığını yazır.

Müxbir Ermənistanın cənubundakı Gorus şəhərindən 10 km cənubda dağıdılmış, viran qoyulmuş evlərin qalıqlarının göründüyünü qeyd edir. Burası Azərbaycanın Eyvazlı kəndidir. “Əslində, ondan geriyə çox şey qalmasa da, iki tarixi rəqib arasındakı son gərginliyin mərkəzində dayanır”, – məqalədə deyilir.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan son 27 ildə işğal altına qalmış Qubadlı və Zəngilan rayonlarına nəzarəti ələ aldı.

Syunik isə Ermənistanın mərkəzindən İrana qədər uzanır, hər iki tərəf Azərbaycan ərazisidir. Azərbaycanda bu əraziyə Zəngəzur mahalı deyirlər. Syunikin iki böyük şəhəri Gorusla Qafanı birləşdirən magistral yolun bir hissəsi də Eyvazlıdan keçir.

Dekabrın 13-də Syunikin paytaxtı Qafan yaxınlığında bir kənddə Ermənistan və Azərbaycan hərbçiləri arasında atışma olduğu bildirilir. Qafanın meri Gevorq Parsyan bir gün sonra AzadAvropa/AzadlıqRadiosuna deyib ki, azərbaycanlı əsgərlər yaxınlaşdığından erməni “müdafiəçilər” havaya atəş açıblar. “Azərbaycanlılar cavab atəşi açmayıblar”, – o vurğulayıb.


Qafan aeroportu

Parsyan deyib ki, Qafanın son məhəlləsi sərhədin bircə kilometrliyindədir və “biz artıq bunun təhlükəsini hiss edirik”.

Qafan aeroportu isə daha yaxındır. Sovet dönəmindən istifadə olunmayan aeroportun açılacağı xəbəri dəfələrlə yayılıb. Təzəlikcə yeni terminal da tikilib.

“Azərbaycanlılar çayın o biri tərəfindədir. Təzə aeroport Qafan üçün böyük üstünlük olardı, amma indi o qədər də təhlükəsiz sayılmır”, – mer belə deyib.

Sərhəd məsələsi, 10 noyabr atəşkəs bəyanatı Syuniki Baş nazir Nikol Paşinyanın qatı tənqidçisinə çevrilib. Beş böyük şəhərin merləri Paşinyanın istefasını tələb ediblər, yerli sakinlər onun dekabrın 21-də Syunikə səfəri zamanı yolu bağlayıblar və baş nazir Yerevana qayıtmalı olub.

Müxbir yazır ki, məyusluq Qafanı və digər icmaları Rusiyadan kömək ummağa sövq edib. Atəşkəs bəyanatından sonra regiona yerləşdirilmiş 2 minəcən rus hərbçisinin bir qismi Ermənistanın cənub-şərq sərhədini qoruyur – təxminən 188 nəfər. Onlardan bəziləri Qafan-Gorus yoluna yerləşdirilib.

“Rusiyalılarla əlaqə saxlayırıq. Təhlükəsizliyimizi təmin etməyə söz veriblər”, – Parsyan deyib.


Davud Bəydə yaşayanlar Paşinyanı söymürlər

Müəllif Syunikin başqa bir kəndi – Davud Bəydə də gərginliyin qaldığını yazır. Kəndə erməni hərbçiləri yerləşdirilib. Bir erməni əsgər Azərbaycan sərhədçilərinin 1.5 kilometrlikdə olduğunu deyib.

Ancaq Syunikdəki merlərdən fərqli olaraq bu kənddə yaşayanlar baş naziri söymürlər.

“Bu saziş dostlarımızı xilas elədi. Biz əhalimizin yaşaması üçün savaşdıq. Şükr Allaha, onların çoxu yaşayır”, – bir komandir atəşkəs bəyanatı haqda bunları deyib.

Yanvarın 4-də David Bəy kəndindən 10 km şimal-qərbdə yerləşən Şurnuxda 12-dan çox ev Azərbaycanın nəzarətinə qaytarılıb.

Ancaq təhvil verilənəcən bu evlərə də od vurulub. Ermənilər Kəlbəcəri, Dağlıq Qarabağın digər yerlərini Azərbaycana qaytaranda da mülkləri yandırmış, yararsız hala salmışdılar.

Xatırlatma

Ötən il yayılan xəbərlərdə Azərbaycanın Ermənistanla sərhədlərinin sovet dövrü xəritələrinə uyğun dəqiqləşdirildiyi deyilirdi. Həmin xəritələrdə Şurnux kəndinin bir hissəsi, bəzi yollar Azərbaycan ərazisindədir.

İndiyədək Azərbaycan rəsmiləri Ermənistanla sərhədlərin demarkasiyası ilə bağlı ictimaiyyətə hər hansı informasiya verməyiblər.

Ötən il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi də separatçı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG