Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Bu il 50 jurnalist öldürülüb


Azadi Radiosunun qətlə yetirilmiş müxbiri Məhəmməd Alyas Dayee
Azadi Radiosunun qətlə yetirilmiş müxbiri Məhəmməd Alyas Dayee

RSF bildirir ki, əvvəllər olduğu kimi indi də korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi üzrə araşdırmalar təhlükəli iş sayılır, 10 jurnalist bu səbəbdən öldürülüb

Bu il dünyada 50 jurnalist qətlə yetirilib. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) dekabrın 29-da bu haqda hesabat yayıb. Qurum müharibədə öldürülən jurnalistlərin sayının getdikcə azaldığını, media işçilərinin çoxunun müharibə getməyən ölkələrdə öldürüldüyünü bildirir.

Bu il yanvarın 1-dən dekabrın 15-dək 50 jurnalist öldürülüb, 2019-cu ildə bu rəqəm 53 idi. Bu il Covid-19 pandemiyasına görə hadisə yerində olan jurnalistlərin sayı azalıb.

Müharibə getməyən ölkələrdə daha çox jurnalist öldürülür

2016-cı ildə media qurbanlarının 58 faizi müharibə zonalarında baş verib. İndi isə bu göstərici 32 faizə düşüb. Başqa sözlə, itkilərin 68 faizi “sülh şəraitində” yaşayan ölkələrdə qeydə alınıb. Meksikada 8, Hindistanda 4, Pakistanda 3, Hondurasda 3 jurnalist qətlə yetirilib.

2020-ci ildə işilə əlaqədar öldürülən jurnalistlərin 84 faizi qəsdən hədəfə alınaraq öldürülüb, 2019-cu ildə bu say 63 faiz idi. Bəziləri xüsusi qəddarlıqla qətlə yetirilib.

Meksikada Julio Valdivia Rodríguez adlı reportyor başı kəsilmiş, Víctor Fernando Álvarez Chávez adlı redaktor isə bədəni hissələrə doğranmış vəziyyətdə tapılıb.

İranda dövlət edam edən rolunda çıxış edib. Jurnalist Ruhulla Zam ədalətsiz məhkəmə ilə ölüm məhkum ediləndən sonra asılıb. İranda edamlar adi hala çevrilsə də, son 30 ildə ilk dəfəydi jurnalist ölümə məhkum edilirdi.

Ən təhlükəli iş

RSF bildirir ki, əvvəllər olduğu kimi indi də yerli səviyyədə korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi üzrə araşdırmalar təhlükəli iş sayılır, 10 jurnalist bu səbəbdən öldürülüb. Dörd jurnalist mütəşəkkil cinayətkarlıqla bağlı araşdırmalara görə qətlə yetirilib. 2020-ci ildə yeddi jurnalistin etirazları işıqlandırarkən öldürülməsi isə yeni tendensiya sayılır.

Qurum dekabrın 14-də yaydığı hesabatda dünyada işinə görə 387 jurnalistin həbsdə olduğunu bildirirdi. Bu, ötən illə oxşardır və dünyada həbsdə olan jurnalistlərin sayının tarixən ən yüksək səviyyədə olması deməkdir.

2020-ci ildə həbs olunan qadın jurnalistlərin sayında 35 faiz artım baş verib. Pandemiyanı işıqlandırmasına görə həbs olunmuş on dörd jurnalist hələ də dəmir barmaqlıqlar arxasındadır.

Son aylar Əfqanıstanda jurnalistlərə və mediaya qarşı zorakılığın artdığı bildirilir. AzadAvropa/AzadlıqRadiosunun (RFE/RL) puştu dilindəki Azadi Radiosunun jurnalisti Məhəmməd Aliyas Dayee noyabrda öldürülüb. Onun avtomobilinə bomba qoyulmuşdu. Bu il Əfqanıstanda ümumilikdə 5 jurnalist qətlə yetirilib.

Bu qətllərə görə məsuliyyəti götürən olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG