Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Filippində pandemiya körpü bumu


Filippin əhalisi 1969-cu ildən bəri üç dəfə artaraq 35 milyondan 110 milyona çatsa da, təbii artım əmsalı 6.4-dən 2.75-ə enib.
Filippin əhalisi 1969-cu ildən bəri üç dəfə artaraq 35 milyondan 110 milyona çatsa da, təbii artım əmsalı 6.4-dən 2.75-ə enib.

41-yaşlı Roveli Zabala onuncu uşağına hamilədir. İlk yeddi uşağını dünyaya gətirəndə hələ ailə planlamasından xəbəri yox idi. Ancaq bu sonuncu hamiləliyi onun özü üçün də sürpriz olub.

Filippin dünyanın ən sərt karantin rejimlərindən birini yaşayır. Silahlı əsgərlər küçələrdə keşik çəkir, polis nəzarət məntəqələri hərəkəti məhdudlaşdırır və yalnız bir ailə üzvü ərzaq bazarlığına çıxa bilir.

214 min planlaşdırılmamış körpə

BBC yazır ki, lokdaun, eyni zamanda, yüz minlərlə qadının doğuşa nəzarət vasitələrinə çıxışdan məhrum olması deməkdir. Nəticədə planlaşdırılmayan hamiləliklər sürətlə artır.

Ölkədə gələn il 214 min planlaşdırılmamış körpənin doğulacağı gözlənilir. Bu hesablamanı Filippin Universitetinin Əhali İnstitutu və BMT Əhali Fondu birgə aparıb. Bu uşaqlar artıq ildə 1.7 milyon uşağın doğulduğu, həddindən artıq yüklənən xəstəxanalarda doğulacaqlar. Özü də əksər hallarda söhbət son dərəcə yoxsul ailələrdən gedir.

Üstəlik, bu, hələ başlanğıcdır. Çünki pandemiya Filippinin üzləşdiyi əhali böhranının yeganə səbəbi deyil.

Filippinin paytaxtı Manila həddindən artıq məskunlaşmış, 13 milyonluq əhali yükünü qaldırmağa çətinlik çəkən bir şəhərdir. Əhalinin sıxlığı orta hesabla hər kvadratkilometrə 70 min adamdır. Bu, 2015-ci ilin rəqəmləridir.

Yoxsulluq

Bu sıxlıq şəhərin avtomobil tıxaclarından tutmuş, həbsxanalarınadək hər yerdə hiss olunur. BBC yazır ki, limitindən 300 faizədək artıq dolmuş həbsxanalarda insanlar sardin konservi kimi bir-birinin üstündə yatır.

Şəhərin ən sıx yerlərində yoxsul insanlar yaşayır. Onların bəziləri zibilliklərdən atılmış ət tapıb yeməyə məcburdur. Mütəxəssislər bu yoxsulluğun xeyli hissəsinin ölkədəki yüksək doğum səviyyəsi ilə birbaşa bağlı olduğunu iddia edirlər.

Aparılan tədqiqatlar göstərir ki, hər ana orta hesabla təqribən iki uşaq dünyaya gətirəndə əhali nə artır, nə də azalır, ölkənin inkişafı sürətlənir, yoxsulluq şəraitində doğulmalı olan insanların sayı azalır. Sayı daha az olan əhali milli büdcənin daha çox hissəsindən yararlanır, sərvətlərdən istifadə daha dayanıqlı olur, hər kəsin həyat keyfiyyəti yüksəlir.

Bunu Filippin hökuməti də bilir. O, 1960-cı illərdən bəri ölkədə təbii artımın səviyyəsini endirmək istiqamətində tədbirlər görüb. Bu tədbirlərin bəziləri uğurlu olub. Ölkənin əhalisi 1969-cu ildən bəri üç dəfə artaraq 35 milyondan 110 milyona çatsa da, təbii artım əmsalı 1969-cu ildə 6.4-dən 2020-ci ildə 2.75-ə enib.

Tailand təcrübəsi

Ancaq Filippin bu məsələdə digər Cənub-Şərqi Asiya ölkəsi olan Tailand qədər uğurlu ola bilməyib. BMT-nin məlumatına görə, buddist ölkəsi olan Tailandda təbii artım əmsalı 1960-cı illərin sonlarında hər anaya 5.8 uşaq olduğu halda, 2020-ci ildə 1.5 uşaqdır. Tailandda yoxsulluq səviyyəsi 10 faizdirsə, Filippində 17 faizdir.

Məqalədə deyilir ki, bu fərqin səbəblərindən biri Filippində çox böyük nüfuza malik olan katolik kilsəsidir. Kilsə kontrasepsiyaya qarşıdır və daim "Doğun, artın" şüarı ilə insanları dünyaya daha çox uşaq gətirməyə çağırıb.

Ancaq kilsənin bu yanaşmasına baxmayaraq, dövlət öz işini görür. Prezident Rodriqo Duartenin keçmiş iqtisadiyyat naziri Ernesto Perniya iddia edir ki, yoxsulluq səviyyəsinin azalması bilavasitə hökumətin 2012-ci ildə qəbul etdiyi reproduktiv sağlamlıq qanununun gücləndirilmiş icrası ilə bağlıdır. Qanun yoxsul təbəqənin cinsi təhsil və kontrasepsiyaya sərbəst çıxışını nəzərdə tutur.

Təəssüf ki, COVID böyük zəhmət bahasına başa gəlmiş bu nailiyyətləri heçə endirə bilər. Üstəlik, pandemiya dövründə həddindən artıq yüklənmiş büdcənin bu böhranı necə qaldıracağı sual altındadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG