Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:19

Con Lennon mifə necə çevrildi


C.Lennon
C.Lennon

Con Lennonun Nyu-Yorkda öldürülməsindən düz 40 il keçib. Gənc yaşında ölən əksər məşhur musiqiçilər kimi, Lennon da əfsanələşdirilib, mifləşdirilib və romantikləşdirilib.

"Əfsanələr qəhrəmanlar üçündür, miflərsə tanrılar üçün", – BBC yazır.

"Vururdum"

"Ölümündən az sonra, cəmi bir neçə saatın içində Lennon …müqəddəs və təmizlənmiş tərzdə təsvir olunmağa başladı", – "Rolling Stone" jurnalının yazarı, 2017-ci ildə çıxmış "Dreaming the Beatles" kitabının müəllifi Rob Şeffild BBC-yə deyib. Onun sözlərinə görə, bu, Lennonun şəxsiyyətinə, yumor hissinə uyğun gəlmirdi və "The Beatles"ın digər üzvlərinə qarşı ədalətli deyildi.

Lennon qətiyyən müqəddəs kateqoriyasına uyğun gəlmirdi. Beş il əvvəl onun evində işləyən Doroti Carlettin verdiyi ifadənin salındığı hüquqi sənəd aşkarlanıb. O zaman Lennon Sintiya ilə evli idi. İfadədən Lennonun həyat yoldaşı və balaca oğlu Culiana qarşı aqressiv və zorakı davrandığını görmək olur. Ölümündən cəmi iki il əvvəl "Playboy" jurnalına müsahibəsində Lennon həm öz arvadına, həm də ümumiyyətlə, qadınlara qarşı fiziki güc tətbiq etdiyini boynuna alıb. "Vururdum. Özümü ifadə edə bilmirdim, vururdum", - o deyib.

"O bu filmə çox gülərdi"

Ancaq bu bizim populyar mədəniyyətdə gördüyümüz Lennon deyil. Denni Boylun 2019-cu ildə çəkdiyi "Yesterday" filmində Himeş Patelin oynadığı bəstəkar Cek Malik qəzaya düşür və ayılanda "The Beatles"ın heç vaxt mövcud olmadığı dünyada yaşadığını anlayır. Bu alternativ reallıqda hələ heç kimin eşitmədiyi klassik musiqiləri ifa edərək məşhurlaşan Malik, nəhayət, Lennonu tapır. Bu reallıqda Lennon çox sadə bir həyat yaşayır. Onun içində yaşadığı kiçicik daxması və "Imagine" adlı balıqçı qayığı var. Lennonun heç vaxt məşhur olmamış bu versiyası daim hikmətli sözlər deyir.

"Siz Conun qayığı təkbaşına idarə etməsini təsəvvür edə bilirsiniz? Yaxud da səhər saat 4-də qalxıb balıq tutmağa getməsini? Con dayanmadan səsyazmaya getmək üçün saat 8-də oyanmalı olmasından şikayətlənib. Orada onun görməli olduğu tək iş gitarasını cərəyana qoşmaq idi. Con necə köməkçilər və sürücülər olmadan o daxmada tək yaşaya bilərdi? O nə yemək bişirə, nə maşın sürə, nə də evdə hər hansı bir əşyanı təmir edə bilirdi… Con lampanı belə dəyişdirə bilmirdi. O, balıqçı olsaydı, bircə həftə sağ qalmazdı. Ancaq o bu filmə çox gülərdi", – Şeffild deyir.

Britaniyalı yazıçı İen R MakLaudun 2013-cü ildə yazdığı "Snodgrass" novellasında isə Lennon 50-yaşlı işsiz uğursuz adam, luzer kimi təsvir olunur. Bu da "Yesterday" kimi paralel reallıq hekayəsidir. Bu hekayədə Lennon 1962-ci ildə fikir ayrılığına görə "The Beatles"ı tərk edir.

Klişelərdən azad

Ancaq MakLaudun hekayəsində Lennon əlinin çatmadığı həyata uzaqdan baxmır. Bu hekayədə "The Beatles" heç vaxt reallıqda çatdığı məşhurluğu əldə etməyib; çünki Lennon onlarla deyildi.

Sonradan "Snodgrass"ın əsasında televiziya filmi də çəkilib. Filmin ssenari müəllifi yazıçı və jurnalist Devid Kvantik deyir: ""Snodgrass" haqda yazmağın maraqlı tərəfi odur ki, Con Lennon haqda bütün klişelərdən azad olursunuz. Çünki onunla istədiyiniz kimi davrana bilirsiniz. [Burada] "The Beatles"la bağlı rəsmi [çərçivə], əfsanə yoxdur".

D.Kvantik həm də 2002-ci ildə qrupun "White Album" albomunu dərindən təhlil edən "Revolution” kitabının müəllifidir. Onun sözlərinə görə, "The Beatles" daim ideallaşdırılıb, Lennonsa daim sülhsevər və bir qədər üzlü oğlan kimi qələmə verilib. "O isə qətiyyən belə deyildi. Onun dəhşətli uşaqlığı və çaşqın həyatı var idi, o, narkotik və alkoqoldan sərbəst istifadə edirdi. O, çox pis valideyn və pis ər idi. Ancaq onu maraqlı edən onun maraqsız, sülhsevər, çörək bişirən ata olması deyil, həmin bu nəhəng ziddiyyətlərdir. O, zorakı idi, ancaq sülhü sevirdi... O, daim fəhlə sinfinin qəhrəmanı kimi təsvir olunur, ancaq əslində, zəngin ev və məhəllədə böyüyüb. Onu mənə maraqlı edən həmin bu ziddiyyətlərdir, heç vaxt heç bir səhv etməyən personaj olması deyil", – Kvantik deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG