Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Müdafiə Nazirliyi şikayətlərə cavab verdi


Səhra yeməkxanası. Foto: Müdafiə Nazirliyi
Səhra yeməkxanası. Foto: Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, dekabrın 23-də ordunun təminatı ilə bağlı açıqlama yayıb. Məlumatda qeyd edilib ki, hazırda Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında olan, tam dağıdılmış, heç bir infrastrukturun olmadığı və minalanmış ərazilərdə, yeni yerlərdə dislokasiya olunur: "Digər dövlət qurumları ilə bərabər Müdafiə Nazirliyinin rəhbərliyi də bu ərazilərdə yerləşdirilən hərbi hissələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində planlı və məqsədyönlü fəaliyyət göstərir. Onu da nəzərə almaq lazımdır ki, bu işlər yüksək dağlıq, çətin keçilən yüksəkliklərdə sərt qış iqlimi şəraitində, eyni zamanda, çöl-meşə coğrafi relyefinə uyğun ərazidə icra olunur. Hərbi hissələrə, mövqe və postlara yeni yollar çəkilir. Elektrik, su və qaz xətləri quraşdırılır…".

Açıqlamaya görə, hərbi qulluqçular ərzaq və əşya normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təmin olunur: "Çöl şəraitində yerləşən bölmələrə əlavə çadırlar, sobalar və digər zəruri avadanlıqlar çatdırılır. Müxtəlif istiqamətlərdə səyyar mobil hamam-camaşırxana xidmətləri təşkil olunur, hərbi qulluqçular isti geyim formaları, yataq dəstləri, keyfiyyətli ərzaqla təmin edilir. Dağlıq ərazidəki hərbi hissələrin şəxsi heyəti normalara uyğun olaraq yüksək kalorili əlavə ərzaq payı ilə təmin olunur".

Səhra yeməkxanası. Foto: Müdafiə Nazirliyi
Səhra yeməkxanası. Foto: Müdafiə Nazirliyi

"Bəzi cüzi nöqsanlar müəyyən edilib"

Açıqlamaya görə, müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitini yoxlayıb: "Kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib. Bununla belə, bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb…".

Nazirliyin vurğulamasına görə, bununla belə, son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və əldə edilən zəfərə kölgə salan video kadrlar yayılır: "Beləliklə də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir. Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar".

Ərzaq anbarı. Foto: Müdafiə Nazirliyi
Ərzaq anbarı. Foto: Müdafiə Nazirliyi

"Hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb"

Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmini nəzərdə tutulmayıb: "Bununla belə, dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır".

Son günlər sosial şəbəkələrdə Azərbaycan ordusunun işğaldan azad edilən ərazilərdə təminatı ilə bağlı bir sıra videolar yayılır. Həmin videolarda həm hərbi qulluqçuların ərzaq, həm qaldıqları şərait, həm də arxa cəbhədə ailələrinin durumu ilə bağlı bəzi şikayətlər yer alır.

Əsgərlər ərzaq çatışmazlığından şikayət edirlər
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG