Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:19

Əfv olunmaq üçün çoxlu müraciətlər var, amma...


Əfv sərəncamının icrası. 2014
Əfv sərəncamının icrası. 2014

Qarşıdan 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü gəlir. Həmrəylik bayramı ərəfəsində bəzi hüquq müdafiə təşkilatları siyasi məhbus kimi tanınan şəxslərin əfv edilməsi ilə bağlı təkliflər səsləndirirlər. Bəs görəsən, prezident İlham Əliyev yaxın günlərdə yeni bir əfv sərəncamı imzalaya bilərmi? Yeri gəlmişkən, Prezidenti yanında Əfv Məsələləri Komissiyasında nə var, nə yox?

"Əfv sərəncamı yəqin ki, olacaq, amma..."

Həmin Komissiyanın üzvü Əliməmməd Nuriyev "Turan" İnformasiya Agentliyinə bildirib ki, əfvlə bağlı hər ilin sonunda və Novruz bayramı (20-21 mart) ərəfəsində belə çağırışlar eşidilir. Onun xatırlamasına görə, bir qayda olaraq, əfv sərəncamları, əsasən, ya ilin sonunda, ya da Novruz bayramı ərəfəsində olub: "Ümumiyyətlə, son illərdə tendensiya ondan ibarətdir ki, daha çox Novruz bayramı ərəfəsində əfv sərəncamları olur. Əfv sərəncamı yəqin ki, olacaq, amma bunun nə zaman olacağını demək çətindir. Güman etmirəm ki, onu ilin sonuna qədər çatdırmaq mümkün olacaq. Çünki artıq xeyli müddətdir ki, əfv sərəncamları verilmir. Düzdür, bu ilin aprelində dövlət başçısı tərəfindən əfv sərəncamı imzalanmışdı, 176 nəfər azad olunmuşdu, amma bu, (koronavirus pandemiyası ilə bağlı) xüsusi risk qrupuna daxil olan şəxslərlə bağlı idi".

Komissiya üzvü qeyd edib ki, bütövlükdə genişmiqyaslı əfv sərəncamı iki ilə yaxındır ki, olmayıb və bu baxımından, əfv sərəncamının gözlənilməsi təbiidir: "Həmçinin, Azərbaycan İkinci Qarabağ savaşında böyük qalibiyyət əldə etdi. Şübhəsiz ki, əfv sərəncamının olması haqqında cəmiyyətdə gözləntilər normal qarşılanmalıdır. Amma hazırkı şərtlər əfv sərəncamının olması prosesində əngəllər yarada bilər".

"...xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilə bilər"

Ə.Nuriyevin sözlərinə görə, bu onunla bağlıdır ki, ölkədə koronavirus pandemiyası geniş miqyasda davam edir: "Belə şəraitdə Əfv Komissiyasının toplaşmasına qanun da yol vermir, çünki komissiyasının 18 üzvü var. Onların bir araya gəlməsi, müzakirələr aparması xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilə bilər. Əlbəttə ki, deyilə bilər ki, bunu virtual qaydada etmək mümkündür".

Onun vurğulamasına görə, amma bu məsələnin texniki tərəfləri da var: "Hazırkı şəraitdə bu, informasiya təhlükəsizliyi ilə bağlı problem yarada bilər. Çünki iclaslarda şəxsi məlumatlar müzakirə olunur və onların virtual formada kənara çıxması ehtimalı var. Əlbəttə ki, müvafiq strukturlar təhlükəsizlik tədbirləri görə bilər. Amma, eyni zamanda, başqa bir xüsusiyyət ondan ibarətdir ki, Əfv Komissiyasında, bir qayda olaraq, canlı müzakirələr gedir və belə müzakirələr daha məqsədəuyğundur".

Ə.Nuriyev
Ə.Nuriyev

"Çoxlu müraciətlər var..."

Hüquqşünas vurğulayıb ki, Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsi fasiləsiz işləyir: "Çoxlu müraciətlər var və bu müraciətlərin emalı üçün vaxt lazımdır. Əfv Komissiyasının üzvlərinə də müraciətlər daxil olur. Bu müraciətlərin hər birinə xüsusi diqqətlə yanaşılır, ayrı-ayrı qurumlardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq rəylər alınır və arayışlar hazırlanır. Azərbaycan prezidenti, həmişə olduğu kimi, öz fəaliyyətində humanizm və mərhəmət prinsiplərini götürür. Hər il vətəndaşlarımızı sevindirir, o cümlədən məhkum ailələrini sevindirməsi istisna edilmir. Amma əfv sərəncamının nə vaxt verilməsi cənab prezidentin müstəsna səlahiyyətlərinə aid olan məsələdir".

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda siyasi məhbuslarla bağlı problem hansı dövrə təsadüf etməsindən asılı olmayaraq hər zaman aktualdır: "İstənilən dönəmdə bu məsələ ilə bağlı ciddi narahatlıqlar var və ən yaxşısı ölkədə siyasi məhbus probleminin həllidir"”.

"Bu da böyük bir rəqəmdir"

A.Məmmədlinin sözlərinə görə, yay aylarında Azərbaycanda 100-ə yaxın siyasi məhbus var idi: "Bu da böyük bir rəqəmdir. Eyni zamanda, nəzərə alaq ki, Avropa Şurasının Parlament Assambleyasında qəbul olunmuş qətnamədə Azərbaycanın adı siyasi məhbusların olduğu ölkə kimi qeyd olunur. Siyasi məhbuslar kimi o zaman 120-dən artıq şəxsin adı qeyd olunmuşdu. Həmin qətnamə 2019-cu ildə qəbul olundu və o dönəmdən indiyə qədər siyasi məhbuslar probleminin həll edilməsi istiqamətində heç bir addım atılmadı".

"Hakimiyyət geniş Amnistiya aktını imzalamalı idi"

O hesab edir ki, pandemiya dövründə hakimiyyət geniş Amnistiya aktını imzalamalı idi: "Hakimiyyət nəzərə almalı idi ki, cəzaçəkmə yerlərində gigiyena qaydaları, qidalanma və tibbi sağlamlıqla bağlı vəziyyət olduqca aşağıdır. Biz yaz aylarında bu mövzuda kampaniya başladıq, 500 nəfərdən artıq şəxs müraciət imzaladı və bu müraciət dövlət orqanlarına göndərildi, amma reaksiya olmadı. Təbii ki, Amnistiya aktı qəbul olunanda onu elə şəkildə hazırlamaq olar ki, o siyasi məhbuslara da şamil olunsun".

A.Məmmədli
A.Məmmədli

"Bununla bağlı ciddi bir siqnal görmürəm"

A.Məmmədlinin sözlərinə görə, nə qədər ki Azərbaycanda siyasi məhbus problemi var, ölkədə siyasi plüralizmdən, vətəndaş-dövlət dialoqundan danışmaq əbəs olacaq: "Son dönəmdə Azərbaycan daha çox pandemiya ilə mübarizə ilə məşğuldur, müxtəlif formalarda tədbirlər həyata keçirilir. Eyni zamanda, ölkə Qarabağ müharibəsini yaşadı, xeyli itkilər, tələfat, dağıntı var. Məhbuslar da bu ölkənin vətəndaşıdır. Bu çətinlikləri onlar da öz ailələri vasitəsilə hiss edirlər. Belə bir dönəmdə Amnistiya aktının qəbul olunması daha məqsədəuyğun olardı. Bununla Azərbaycanda siyasi mühiti də normallaşdırmaq olar".

A.Məmmədli düşünür ki, akt iki formada qəbul olunmalıdır: "Biri Amnistiya aktı olmalıdır, biri də əfv sərəncamı. Yaxşı olardı ki, bunu dekabrın sonuna qədər həyata keçirsinlər. Amma, hələlik, bununla bağlı ciddi bir siqnal görmürəm. Bu, çox təəssüf doğurur".

Xatırlatma

Azərbaycanda sonuncu əfv sərəncamı bu il aprelin 6-da imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər (koronavirusla əlaqədar) cəzanın çəkilməmiş hissəsindən azad edilib. Lakin ondan bir il əvvəl, martın 16-da da əfv sərəncamı imzalanmışdı. Həmin əfv fərmanı ümumilikdə 431 nəfərə şamil edilmişdi. Hüquq müdafiəçilər onda bildirmişdilər ki, o, əfv sərəncamı ilə 52 siyasi məhbus azadlığa buraxılıb.

Azərbaycanda siyasi məhbuslarla bağlı hüquq müdafiəçilərinin vahid siyahısı yoxdur. Hazırda 100 civarında siyasi məhbus olduğu deyilir. Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG