Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 05:12

Rusiyanın Qarabağda qol-qanadı sındımı – Qərb mediası


Laçın şəhərində Rusiya sülhməramlıları
Laçın şəhərində Rusiya sülhməramlıları

“BBC News”un əməkdaşı Stiv Rozenberq də yazır ki, altı həftəlik müharibə Rusiyanın keçmiş imperiyanın hüdudlarında qol-qanadını “sındırdı”

Dağlıq Qarabağda atəşkəslə bağlı 9 noyabr bəyanatı Azərbaycanda fərqli reaksiyalar doğurdu. Bu bəyanat imzalanandan bir gün sonra münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsini suverenliyə təhdid sayanlar da oldu, əməliyyatların dayandırılmasını zəfər kimi bayram edənlər də. Qərb mediasında həmin gündən bəri dərc olunan təhlillərdə bir məqam vurğulanır – Rusiya qan tökülməsini dayandırmağa gücü yetən yeganə ölkə olduğunu bir daha nümayiş etdirsə də, onun nüfuzu da zərbə yemiş oldu.

“BBC News”un əməkdaşı Stiv Rozenberq də yazır ki, altı həftəlik müharibə Rusiyanın keçmiş imperiyanın hüdudlarında qol-qanadını “sındırdı”.

Geosiyasi fəlakət

Məsələ ondadır ki, Türkiyə bu regionda Moskvaya rəqib oyunçu kimi ortaya çıxdı. Kreml NATO üzvü Türkiyədən müşahidəçilərin Cənubi Qafqazda atəşkəsi monitorinq etməsinə razılıq verməli oldu.

“Qarabağda baş verənlər Moskvanın təkcə Cənubi Qafqazda deyil, postsovet məkanının qalan hissəsində nüfuzuna geosiyasi fəlakət yaratdı”, – siyasi şərhçi Konstantin von Eggert belə bir qənaətini bölüşüb.

“Faktiki gördüyümüz odur ki, Rusiya tərəfindən təlim görmüş və silahlandırılmış Ermənistan ordusunu türklərin təlim keçdiyi və silahlandırdığı Azərbaycan məğlubiyyətə uğratdı. Türkiyə Prezidenti Erdoğan regionda çox vacib mövqe qazandı”, – o vurğulayıb.

Təhlilçinin fikrincə, Türkiyə, Çin və İran kimi regional oyunçular bundan belə bir nəticə çıxaracaqlar – Orta Asiyaya, Cənubi Qafqaza daha çox yerləşə, buna görə Moskvayla məsləhətləşməyə də bilərlər.

Dağlıq Qarabağ Ukrayna üçün nə deməkdir

“Brussels Times” portalında Igor Pliner bu suala cavab axtarır.

Müəllifin fikrincə, Qarabağda atəşkəs sazişi Rusiyadan ötrü özəl bir qələbədir: Moskva təkcə Avropa Birliyinin qonşuluğunda təhlükəsizliyin qarantı kimi mövqeyini möhkəmlədib hərbçi sayını artırmadı. AB-nin özünü pis göstərməsi onu regiondan kənarlaşdırılma riskilə üzləşdirdi.

“Bu münaqişənin üzə çıxardığı fakt budur ki, Brüsselin yalnız diplomatiya və iqtisadi təzyiqə fokuslanması onun Şərq qonşuluğunda Rusiyanın mövqelərini genişləndirməsinə təsir göstərə bilmir… Həm də Rusiyanın son güc oyunundan təkcə AB narahat olmamalıdır. Son hadisələr Kiyevə də təhdid yaradır. Suverenliyi pozulmuş, milli təhlükəsizliyi sarıdan əndişələnən Ukrayna AB-nin son davranışından sonra ona çox bel bağlaya bilməyəcək”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin nəticəsi Kiyevin milli təhlükəsiliyini gücləndirməsinin vacibliyini vurğuladı. Ukrayna Prezidenti Volodimir Zelenski uzun müddət idi ölkənin təhlükəsizlik sektorunda, özəlliklə SBU təhlükəsizlik agentliyində islahatlardan danışırdı. Məqsəd Rusiyanın nəhəng kəşfiyyat xidmətləri ilə rəqabətdə mövqeləri möhkəmləndirməkdir. Ancaq indiyədək bunu demək eləməkdən daha asan olub. Prezidentin cəhdləri Rusiya ilə bağlılığı olan oliqarxlar tərəfindən əngəllənib.

Xatırlatma

Bu il sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG