Ötən ay "Kristi" hərracı Uilyam Şekspirin "Birinci Folyo"sunun (First Folio) satışa çıxarıldığını elan edib. Bu, ədəbiyyat dünyasında yeni bir rekorddur. Sözügedən toplu Şekspirin "Komediyalar, tarixlər və faciələr" (Comedies, Histories&Tragedies) kitabının bir nüsxəsidir. Bu kitab ilk dəfə Şekspirin ölümündən 7 il sonra, 1623-cü ildə şairin dostları Con Heminqes və Henri Kondell tərəfindən çap edilib. Kitab şairin ölümündən sonra onun dahiyanə yaradıcılığını yad etmək üçün hazırlanıb.
"Birinci Folyo" inanılmaz dərəcədə böyük məbləğə - 9 milyon 978 min dollara Stefan Loventeyl adlı şəxs tərəfindən satın alınıb. Loventeyl Bruklində yerləşən XIX əsrə aid nadir kitab və fotoşəkil dükanının prezidentidir.
36 pyes...
"Komediyalar, tarixlər və faciələr" kitabında Şekspirin nə az, nə çox, ümumilikdə 36 pyesi toplanıb. Onların arasında daha öncə birdəfəlik itirilmiş sayılan əsərlər də var: "Makbet" (Macbeth), "On ikinci gecə" (The Twelfth Night), "Qisasa qisas" (Measure for Measure) və "Yuli Sezar" (Julius Caesar). Bu əsərlər məhz bu kitabın sayəsində aşkarlanaraq bərpa edilib. Belə əsərlərin sayı nə az, nə çox, düz 18-dir.
Bununla yanaşı, kitaba şairin sağlığında çap edilmiş 17 dram əsəri də daxildir. "Kristi" hərracının saytında deyilir ki, "Birinci Folyo" Şekspirin bütün dram əsərlərinin birlikdə, toplu halında çap olunduğu ilk nəşrdir.
"Kristi" hərracının saytında yerləşdirilən məlumata görə, bu kitabdan əvvəl Şekspirin dram əsərləri ayrı-ayrılıqda, kiçik pamfletlər şəklində dərc edilirdi. Bundan başqa, hər tamaşadan əvvəl, məşq zamanı aktyorlara pyesin hissələri verilirdi. Hər aktyor özünün ifa etdiyi hissəni, öz replikalarını öyrənməli idi. Tamaşanın səhnəyə qoyulmasından sonra isə bu vərəqlər atılırdı. Buna görə də onlar dövrümüzə qədər gəlib çatmayıb.
"Uilyam Şekspir ingilis dilində yazan sənətkarlar arasında ən böyük yazıçı və tarixdə dünya mədəniyyətinə ən böyük təsir göstərmiş şəxsiyyətlərdən biridir. "Birinci Folyo" tarixdə nəşr edilmiş və dünyada dəyər verilən ən mühüm pyes kolleksiyasıdır. Bu epoxal nəşrin yalnız bir neçə tam nüsxəsindən birini əldə etmək [mənim üçün] şərəfdir", – S.Loventeyl öz açıqlamasında deyib.
235 nüsxədən 56-sı
Ötən həftə satılan nüsxə kitabın 2001-ci ildən bəri hərraca çıxarılmış ilk tam nəşridir. 2001-ci ildə Kaliforniyadakı Mills Kolleci onu 6 milyon 166 min dollara satmışdı.
CNN-in məlumatına görə, Şekspirin ölümündən sonra "Birinci Folyo" kitabının yalnız 750 nüsxəsi çap edilib. Onlardan cəmi 235 nüsxənin günümüzə qədər gəlib çıxdığı təsdiqlənib. Həmin 235 nüsxə arasında yalnız 56-sının tam olduğu təsdiqlənib. Bu isə o deməkdir ki, Şekspirin bütün dahiyanə dram əsərlərinin cəmləşdiyi bu versiya son dərəcə nadirdir. Məsələn, "Makbet" əsərinin bəşəriyyət üçün birdəfəlik itirilməsi, günümüzə gəlib çatmaması fikrini ağlımıza gətirəndə bu qaranlıq versiya insanı dəhşətə gətirir.
Uilyam Şekspir 1616-cı ildə 52 yaşında vəfat edib. Ölümündən əvvəl yazdığı vəsiyyətnaməsində dost və həmkarları olan Con Heminqes və Henri Kondellin hərəsinə 26 şillinq və 8 pens pul vəsiyyət edib. Heminqes və Kondell eyni zamanda "Qlobus" teatrının aktyorları və şərikləri idi. Onlar teatrın o qədər səhmini almışdılar ki, son nəticədə teatrın yarısının sahibi sayılırdılar.
1599-cu ildə açılmış "Qlobus" teatrı kraliça I Elizabetin dövründə əsası qoyulmuş "Lord Kamergerin qulluqçuları" (Lord Chamberlain's Men) kişi truppasının əsas teatrı idi. Şekspirin tamaşalarını oynamaq hüququ eksklüziv olaraq bu qrupa aid idi.