Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:05

Dağlıq Qarabağda birgə yaşamaq alınacaqmı – Qərb mediası


Tərtər, 13 oktyabr, 2020-ci il
Tərtər, 13 oktyabr, 2020-ci il

Münaqişə COVID-19 pandemiyasının yayılmasına da töhfə verir. Dünya Səhiyyə Təşkilatının (DST) sözçüsü Tarik Casareviç deyib ki, son iki həftədə Ermənistanda yoluxmalar iki dəfə, Azərbaycanda isə 80% artıb

Ermənistanla Azərbaycan arasında oktyabrın 10-da əldə olunmuş atəşkəs razılaşmasının gerçəkləşməməsi qərb mediasında şərh olunmaqdadır.

“Reuters” agentliyi münaqişədə ölü sayının artdığını yazır. Dağlıq Qarabağın separatçı rəsmiləri indiyədək 532 əsgərin öldürüldüyünü bildirir.

Sentyabrın 27-dən Azərbaycanda 42 mülki şəxs öldürülüb, 206 nəfər yaralanıb. Ölən hərbçilərin sayı açıqlanmır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi 10.10 milyon dollarlıq humanitar yardım üçün müraciət edib. Agentlik gələn aylar ərzində onminlərlə insana yardım gərəkəcəyini qeyd edir.

Münaqişə COVID-19 pandemiyasının yayılmasına da töhfə verir. Dünya Səhiyyə Təşkilatının (DST) sözçüsü Tarik Casareviç deyib ki, son iki həftədə Ermənistanda yoluxmalar iki dəfə, Azərbaycanda isə 80% artıb.

“Çuxura düşmüşük”

“The New York Times” qəzetində Anton Troyanovski Dağlıq Qarabağın hazırda vuruşan tərəfləri üçün birlikdə yaşamağın “mümkünsüz” olduğunu yazır.

İctimai fəal Əvəz Həsənov deyir ki, Azərbaycan 26 ildir işğal vəziyyətinə dözüb. “İndi həm biz, həm də onlar bu çuxura düşmüşük və buradan çıxmaq çox çətin olacaq”, – o, sözlərinə əlavə edib.

Müəllif yazır ki, hər iki ölkədə qarşı tərəfin düşmən obrazı bərkiyib, çünki dostcasına birlikdə yaşamağı xatırlamayan bir nəsil yetişib.

“Dünyada bir-birinə ermənistanlılar və azərbaycanlılar kimi nifrət edən başqa xalq tanımıram”, – Ermənistanın cənubundakı Kapan şəhərində 30 yaşlı kardioloq Serob Smbatyan deyib. O, Dağlıq Qarabağda hərbi xidmət keçib.

Britaniyalı ekspert Tomas de Vaal iki həftəlik müharibənin Ermənistanın müdafiəsini zəiflətdiyini, Azərbaycanın döyüşləri genişləndirəcəyindən ehtiyat etdiyini vurğulayır. Onun sözlərinə görə, Azərbaycan təkcə ətraf rayonları deyil, Dağlıq Qarabağı bütünlükdə işğaldan azad etmək istəyə bilər.

“Həqiqətən də, sovet dövründə dinc birgə yaşayış bir illüziyaya bənzəyir. Onlar həm birlikdə, həm də paralel dünyalarda yaşayırdılar”, – de Vaal deyib.

Rusiya sülhməramlı adıyla Qarabağa gələ bilərmi?
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Avropa Birliyi neyləyə bilər

Avropa Xarici Əlaqələr Şurasının portalında Niku Popesku Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsindən necə çıxdaş olunmasını təhlil edir.

Müəllif yada salır ki, təxminən 15 il qabaq AB iki ölkə arasında vasitəçiliyə cəhd etmişdi, ancaq alınmadı. Bundan sonra AB münaqişəyə təsir göstərməkdən əl çəkdi.

“AB bir neçə aya, yaxud ilə Dağlıq Qarabağ münaqişəsinə təsir etmək istəyirsə, danışıqlar yoluyla həllə nail olmaq üçün Ermənistana və Azərbaycanda daha sistematik təzyiq göstərməlidir”, – məqalədə deyilir.

Müəllifin fikrincə, AB-nin bu münaqişədə güclü oyunçuya çevrilməməsinin əsas səbəbi Ermənistan, yaxud Azərbaycanın bunu xahiş etməməsi ilə bağlıdır. Ermənistanda AB-nin daha böyük rol oynamasını istəməklə Rusiyanı qıcıqlandırmamağa çalışıb. 2000-ci illərin ortasında isə Azərbaycan blokun neytrallıq göstərmək cəhdlərindən ehtiyatlanmağa başladı.

Müəllif qeyd edir ki, Bakıya səfərlərinin birində azərbaycanlı diplomatdan belə bir şikayət eşidib: “AB Dağlıq Qarabağa Moldova və Gürcüstandakı münaqişələrdən fərqli yanaşır. Həmin ölkələrin ərazi bütövlüyünü AB birmənalı dəstəkləyir, Azərbaycanda isə deyir ki, bizi dəstəkləyir, amma eyni zamanda region üçün hansısa statusu da istisna etmir”.

Qırmızı Xaç Komitəsi cəsədləri dəyişmək üçün tərəflərlə danışıqlar aparır
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Yazıda deyilir ki, döyüşlərin hazırkı mərhələsindən sonra Madrid prinsiplərinin icrasıyla bağlı yenidən diplomatik cəhdlərə start veriləcək. Bu prinsiplərə görə, Ermənistan Azərbaycanın yeddi işğal olunmuş rayonuna nəzarətdən əl çəkir, Dağlıq Qarabağa quru dəhlizi saxlayır. AB isə Madrid prinsiplərinin icrasına başlamaq üçün Ermənistana və Azərbaycana daha çox təzyiq göstərə bilər.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Azərbaycan son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG