Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:09

Azərbaycan deyir ki, Ermənistan razılığı kobud şəkildə pozur


Cəbhədki mövcud vəziyyətlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də oktyabrın 11-də açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, qarşı tərəf bu razılığı kobud şəkildə pozmağa davam edir:

“Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib. Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb.”

XİN-in bildirməsinə görə, oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərini Ermənistan silahlı qüvvələri raket atəşinə məruz qoyub:

“ Bu hücum nəticəsində 7 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb.Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.”

Bəyanatın sonunda da yazılıb:

“Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq.Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərindədir.”

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib..

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Şərhlər

Multimedia

XS
SM
MD
LG