Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:06

26 ölkə Qərbi sanksiyaları qaldırmağa çağırır


Arxiv fotosu
Arxiv fotosu

Oktyabrın 5-də BMT Baş Məclisinin insan haqları komitəsindəki toplantıda səsləndirilmiş bu çağırışa Çin başçılıq edib

İyirmi altı ölkə Birləşmiş Ştatları və digər Qərb ölkələrini sanksiyaları qaldırmağa, hədəf ölkələrin koronavirus pandemiyası ilə mübarizəsini yüngülləşdirməyə çağırıb.

Oktyabrın 5-də BMT Baş Məclisinin insan haqları komitəsindəki toplantıda səsləndirilmiş bu çağırışa Çin başçılıq edib.

Çinin BMT-dəki səfiri Janq Jun deyib ki, sanksiyalar BMT Xartiyasını pozur, “hədəf ölkələrdə əhalinin rifahını” əngəlləməklə və onların sağlamlıq hüququnu pozmaqla insan haqlarına maneələr yaradır.

Ən yoxsul 28 ölkəyə yardım ayrılacaq

“COVID-19-la mübarizədə və ona üstün gəlməkdə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq ən güclü silahlardır”, – 26 ölkənin birgə bəyanatında deyilir.

Bəyanatı dəstəkləyən ölkələr sırasında İran, Rusiya, Suriya və digərləri var. Bu ölkələr ABŞ-ın, Avropa Birliyinin, digər Qərb dövlətlərinin çoxsaylı sanksiyaları altındadır.

Bəyanatda qeyd olunur ki, BMT-nin Baş katibi Antonio Quterres və BMT-nin İnsan haqları üzrə başçısı Mişel Başelet hər hansı ölkənin pandemiya ilə mübarizəsinə zərbə vuran sanksiyalardan möhlət verməyə çağırıb.

Beynəlxalq Valyuta Fondu isə yoxsul ölkələrin borcunu ödəməsi və pandemiyanın təsiri ilə mübarizəsi üçün fövqəladə yardımı təsdiqləyib.

Yardım dünyanın ən yoxsul 28 ölkəsi üçün nəzərdə tutulub. Apreldə də oxşar addım atılmışdı.

Əfqanıstan və Tacikistan da yüzmilyonlarla dollar məbləğində yardım alan ən yoxsul ölkələr sırasındadır. Digər ölkələr əsasən Afrikada yerləşir.

700 milyondan çox yoluxma ehtimalı

Avropada koronavirusun ikinci dalğası Parisi kafeləri qapatmağa məcbur edib.

COVID-19-dan 235 mindən çox ölümün qeydə alındığı Avropada yoluxma sayı 6 milyona yaxınlaşır. Dünya üzrə isə 35 milyondan çox insanın koronavirusa yoluxduğu təsdiqlənib.

Dünya Səhiyyə Təşkilatı (DST) real yoluxma sayının daha böyük, 700 milyondan çox ola biləcəyini deyir.

“Hazırda bizim ən yaxşı dəyərləndirməmiz belə deməyə əsas verir ki, dünya əhalisinin 10 faizə yaxını virusa yoluxmuş ola bilər”, – DST-nin fövqəladə hallar üzrə direktoru Maykl Ryan oktyabrın 5-də deyib.

Koronavirusdan 210 mindən çox insanın öldüyü Birləşmiş Ştatlarda Nyu Yorkun qubernatoru yoluxmaların artdığı doqquz rayonda məktəblərin müvəqqəti bağlandığını açıqlayıb. Məktəblər sentyabrın ortasında açılıb.

XS
SM
MD
LG