Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:16

Tramp xəstəxanadan çıxır


Donald Tramp
Donald Tramp

“Koronavirus haqda çox şey öyrəndim, bir şey dəqiqdir, onun sizi nəzarətə almasına imkan verməyin, ondan qorxmayın. Onu məğlub edəcəyik”, – Tramp Ağ evə qayıtdıqdan sonra Twitter-ə yerləşdirdiyi videoda söyləyir

ABŞ Prezidenti Donald Tramp oktyabrın 5-də üç gün COVID-19-dan müalicə olunduğu xəstəxanadan çıxıb. O, amerikalıları koronavirusdan qorxmamağa çağırıb.

Prezident amerikalılara deyir ki, virusun onların həyatını üstələməsinə imkan verməsinlər, ölkə “ən yaxşı dərmanlar” və vaksinlərlə onu məğlub edəcək.

“Onu məğlub edəcəyik”

“Koronavirus haqda çox şey öyrəndim, bir şey dəqiqdir, onun sizi nəzarətə almasına imkan verməyin, ondan qorxmayın. Onu məğlub edəcəyik”, – Tramp Ağ evə qayıtdıqdan sonra Twitter-ə yerləşdirdiyi videoda söyləyir.

Ağ evin həkimi Şon Konli oktyabrın 5-də demişdi ki, Trampın xəstəliyi hələ də yoluxucu səviyyədədir, “təhlükə tam sovuşmayıb”. O, prezidentin steroid deksametazon və remdesivir qəbul etdiyini təsdiqləyib. Konli gizliliyi əsas gətirərək Trampın müalicəsinin detallarını, onun COVID-19 testinin sonuncu dəfə nə vaxt neqativ çıxdığını açıqlamayıb.

Tramp deyib ki, oktyabrın 2-də xəstəxanaya getməmişdən özünü elə də yaxşı hiss etməyib, ancaq xəstəxanada bircə gün qalandan sonra özünü yetərincə yaxşı hiss etməyə başlayıb, Ağ evə qaytmağa qərar verib. Testi pozitiv çıxandan sonra seçki kampaniyası tədbirlərini təxirə salmalı olan Tramp tezliklə kampaniyanı bərpa edəcəyini vurğulayıb.

“Maskanın əhəmiyyəti”ndən danışmağa başlayacaq...

Prezidentin xəstələnməsi təkcə onun seçki kampaniyasına zərbə vurmayıb, həmçinin pandemiyanı, Trampın koronavirusun kəskinliyini daim gözardı etməsini diqqət mərkəzinə gətirib. İndiyədək ABŞ-da 210 mindən çox amerikalı koronavirusdan vəfat edib.

Trampın seçkidə rəqibi, keçmiş vitse-prezident Co Bayden prezidentin COVID-19-a yoluxmasından təəccüblənmədiyini vurğulayıb. O, Floridada tədbirdə deyib ki, Trampın sağalmağa başlamasından məmnundur.

O ümidvar olduğunu vurğulayıb ki, Tramp amerikalılara “maskanın əhəmiyyəti”ndən danışmağa başlayacaq.

Trampın Ağ evə dönüşündən öncə Ağ evin mətbuat katibi Keyli Makenani koronavirus testinin müsbət çıxdığını, amma heç bir simptomu olmadığını açıqlayıb.

ABŞ-ın bir sıra media orqanı Ağ evin bəzi işçilərində koronovirus aşkarlandığını yazır.

Sentyabrın 26-da prezident Ağ evin Qızılgül Bağında Hakim Emi Koni Baretin Ali Məhkəməyə namizədliyini irəli sürmək üçün mərasim keçirmişdi. Həmin mərasimə qatılan bir sıra siyasətçilər və məmurların virus testləri müsbət çıxıb. Mərasim iştirakçılarının çoxu maska taxmamış, sosial məsafəni gözləməmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG