Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

Tramp koronavirus haqda ‘çox şey öyrənib’


Donald Tramp
Donald Tramp

Tramp Twitter-də yaydığı videoda deyib ki, yeni koronavirusa yoluxandan bu xəstəlik barədə “çox şey öyrənib”

ABŞ Prezidenti Donald Tramp oktyabrın 4-də COVID-19-dan müalicə olunduğu hərbi xəstəxanadan qısa müddətə çıxıb, zirehli maşından tərəfdarlarını salamlayıb, sonra yenidən xəstəxanaya qayıdıb.

Tramp daha öncə Twitter-də yaydığı videoda deyib ki, yeni koronavirusa yoluxandan bu xəstəlik barədə “çox şey öyrənib”:

“Həqiqətən də məktəbə getməklə onun barəsində öyrəndim. Bu, əsl məktəbdir… Bunu anlayıram. Çox maraqlı şeydir”.

“Onlar ölə bilərlər”

Bəzilərinin fikrincə, Tramp xəstəxanadan qısa müddətə çıxmaqla yenə də virusu önləyəcək əsas qaydaları gözardı etməyə hazır olduğunu göstərib.

“Bu, səfehlikdir”, – hərbi xəstəxananın həkimi Ceyms P. Filips tvitində yazıb.

“Bu, tamamilə gərəksiz prezident ziyarəti vaxtı maşında olan hər kəs 14 günlüyə karantinə alınmalıdır. Onlar xəstələnə bilərlər. Onlar ölə bilərlər. Siyasi teatr xətrinə. Teatr naminə Tramp onların həyatını riskə atır”, – həkim vurğulayıb.

Prezidentin müalicəsini aparan həkimlər onun vəziyyətinin yaxşılaşmağa doğru getdiyini, oktyabrın 5-də xəstəxanadan buraxıla biləcəyini deyiblər.

Koronavirusdan ABŞ-da 200 mindən çox insan vəfat edib, 7 milyondan çoxu yoluxub.

Demokratların namizədi Co Baydeninin test nəticəsi mənfi çıxıb. Beş gün öncə iki namizəd arasında 90 dəqiqədən çox çəkən debat keçirilmişdi.

Avropanın bəzi yerlərində qadağalar qüvvəyə minir

Bu arada dünyanın bir sıra şəhərləri koronavirus qadağalarını yenidən tətbiq edir. ABŞ-da pandemiyanın episentri sayılan Nyu Yorkun meri deyib ki, şəhərin doqquz rayonu həftəsonuna yaxın yenidən qapadıla bilər, əgər ştat bunu təsdiqləsə.

Fransada yeni yoluxmalarda kəskin artım yaşanır, təkcə həftəsonu 30 min yeni yoluxma qeydə alışıb. Paytaxt Paris bəzi şəhərlərin ardınca barları və kafeləri bağlayır, qadağaların detalları oktyabrın 5-də açıqlanmalıdır.

Britaniya sosial toplantılara qadağalar qoyub, ölkənin 66 milyon əhalisinin üçdə biri indi sərtləşdirilmiş karantin şəraitində yaşayır. İspaniya 6 milyondan çox sakinin yaşadığı Madrid və ətraf regionda qismən karantin elan edib.

Çexiyada isə oktyabrın 5-dən yeni qadağaların tətbiq olunduğu fövqəladə vəziyyət elan edilib.

Dünyada koronovirusa 35 milyondan çox insan yoluxub, onlardan 1 milyondan çoxu vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG