Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

'Köçərilər diyarı'nın tənha insanları


"Nomadland" filmindən kadr
"Nomadland" filmindən kadr

Rejissor Xloya Jao Cessica Bruderin 2017-ci ildə yazdığı publisistik kitab əsasında çəkdiyi "Nomadland" (Köçərilər diyarı) filmində baş rolu Frensis Makdormanda həvalə edib. Makdormandın qəhrəmanı Fern öz kiçik şəhərciyindən yola düşüb Amerikanın orta-qərbini gəzir.

Jaonun bundan əvvəlki "The Rider" filmi də kiçik şedevr kimi qəbul olunmuşdu. Ancaq "Nomadland" Amerika qərbinin zəngin və canlı təsvirini verir, reallıqla bədiilik arasındakı sərhədin üzərində var-gəl edir. "Burada real insanlar daha dərin həqiqətə çatmaq üçün özlərinin poetikliklə bəzədilmiş versiyalarını oynayırlar", – "Variety" jurnalında dərc edilmiş rəydə deyilir.

Ətalət

60 yaşlarında olan Fern Nevadadandır. O, həyat yoldaşını itirib. Yaşadığı Empayr şəhərində gips mədəninin birdəfəlik bağlanmasından sonra Fern evini də itirib. Bu iş yerinin bağlanması nəticəsində şəhərin sakinləri buranı tərk edib. İndi Fern özünün ağ avtofurqonunda səyahət edir və elə bu furqondaca yaşayır.

Fern bir qədər qarışıq qəhrəmandır: Jao ona həm Cessika Bruderin kitabındakı xarakterlərin bəzilərini, həm də özünün çəkiliş prosesində kəşf etdiyi köçəri xüsusiyyətlərini verib.

Rejissorun məqsədi Bruderin kitabının adaptasiyasını yaratmaqdan çox müəllifin haqqında yazdığı köçəri insanlar təbəqəsini əhatə etməkdir. Onların çoxu təqaüd yaşını keçsə də, əllərinə keçən qəribə işlərdə işləməyə məcburdurlar. Bu tənha insanlar ailə idealını, ev sahibi olmaq fikrini və sabit köklərə malik olmaq anlayışını rədd edirlər. Əvəzində isə oturaq insanların çoxunun az tanıdığı azadlığı yaşayırlar. Əslində, ölkənin özü də belə insanlar tərəfindən yaradılıb. "Amerikanı quran insanlar …öyrəşdikləri komfortu tərk edib öz bəxtlərini döyüşdə sınamaq qərarına gəliblər. Bəziləri öz seçimləri ilə, bəziləri isə zərurətdən", – yazıda deyilir.

Jao özünün mühakimə etməyən tərzində auditoriyanı Fernin həyatı haqda düşünməyə dəvət edir. Fernin həyatı heç də təhlükəsiz deyil. O öz furqonunda soyuqdan donub ölə də bilər. Bəzən yemək və ilk tibbi yardım əlçatan olmur. Onun davranışının bəzi aspektləri isə ruhi xəstəlikdən şübhələnməyə əsas verir. Maraqlıdır ki, müəyyən bir düzən içində yaşayan insanla Fern kimi sərbəst yaşayan insanı ətalət birləşdirir. Aybaay ipotekanın ödənişini etməli olan adam da, ömrünü yollarda keçirən adam da içində olduğu burulğandan çıxmağa çətinlik çəkir.

Azadlıq

Fern hələ qəti qərar verməyib. O, hələ ki köçəri həyat tərzini sınaqdan keçirir və bu məsələdə daha çox təcrübəsi olanların təkliflərini dinləyir. Fern yollarda nə axtarır? Nəsə tapmağa ümid edir, yoxsa nədənsə qaçır? Bu yollar onu evə aparıb çıxaracaq, yoxsa o, ömrünün sonuna qədər hərəkətdə olacaq?

"Nomadland" bizə də qəhrəmanın azadlığını dadmaq imkanı verir. Köçərilər tonqal ətrafına toplaşanda, gözəl mənzərəli yerlərdən keçəndə, nəyəsə məyus olanda biz də bunun şahidi oluruq. Onların keçdikləri yerlərsə çox gözəldir! Fernin müvəqqəti kiçik iş tapdığı Cənubi Dakotadakı şəhərcikdən tutmuş, Arizona səhrasındakı Rabber Tramp Randevu adlı yerə qədər. Burada biz bir-birindən maraqlı, köçəri həyat tərzini seçmiş insanlarla tanış oluruq.

Köçərilərin arasında Deyv (Devid Streteyrn) adlı bir nəfər xüsusilə seçilir. Bəyaz furqonu və mülayim xarakteri olan Deyv Fernə qarşı laqeyd görünmür.

Jaonun "The Rider" filmində rejissor Amerikanın yerli əhalisinin yaşadığı bir rezervasiyanı göstərir. Yazıda Jaonun yad adamlara marağı fransız rejissoru Anyes Varda ilə müqayisə olunur. O da öz empatiya dolu kamerasını yarısənədli, yarıbədii "Vagabond" filmində daim bir yerdən başqa yerə köçən, işi olmayan insanlara tuşlamışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG