Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:46

Onların iştirak etmədiyi filmlər 'Oskar'a düşməyəcək


Oskar
Oskar

Amerika Kino Akademiyası iyunda özünün yeni inklüzivlik standartlarını elan edəcəyini bildirmişdi. Sentyabrın 8-də bu standartlar açıqlanıb və bu qaydaların tədricən, iki-üç il ərzində tam tətbiq olunacağı bildirilib.

Bundan sonra kinoda az təmsil olunan irqlərin nümayəndələri ya baş, ya da "əhəmiyyətli ikinci dərəcəli" rolda çəkilməlidir. Yeni qaydalara görə, kinoda az təmsil olunan irqlərin nümayəndələri prodakşn və marketinq işlərinə də cəlb olunmalıdır. Əlavə olaraq qadınları və LGBTQ+ icması üzvlərini, irqi və etnik qrupların nümayəndələrini, əqli və ya fiziki əlilliyi olan, eşitmə qüsurlu şəxsləri ikinci dərəcəli və daha az əhəmiyyətli rolların 30%-nə cəlb etmək vacib sayılacaq.

Yeni doktrinanın sadəcə yarısına əməl etmək

Ssenarinin az təmsil olunmuş qrup üzərində qurulması, onların yaradıcı rəhbərlik və departament rəhbərliklərində, çəkiliş qrupunun azı 30%-də, pullu təcrübə proqramlarında, marketinq və distribüşn işlərində təmsil olunması da "Oskar" mükafatına namizədliyi irəli sürülən filmlər üçün şərt olacaq. Prodüserlər bu tələblərin hamısına əməl etməyə məcbur deyillər. Yeni doktrinanın sadəcə yarısına əməl etmələri çəkdikləri filmi "Oskar"a namizəd göstərməyə kifayət edəcək.

Deadline.com saytı yazır ki, Kino Akademiyası uzun müddət kino industriyasının özünün müxtəliflik məsələsində ciddi addımlar atacağını gözləyib. Ancaq indi o bu məsələdə təşəbbüsü öz əlinə almaq, "Oskar" almaq istəyən kinematoqrafçılara mesajını birbaşa çatdırmaq qərarına gəlib. Sayt yazır ki, Kino Akademiyasının özü də uzun müddət bu qəbildən olan dəyişikliklərə müqavimət göstərib.

Kino Akademiyası yuxarıda göstərilən sahələr üzrə dörd qrup standart işləyib hazırlayıb. "Oskar"a namizəd göstərilən film bu qrupların azı ikisinə cavab verməlidir.

"Seysmik addım"

Deadline.com saytı bu dəyişikliyi "Oskar" tarixində "seysmik addım" adlandırır. Bir çoxları bu addımın çoxdan atılmalı olduğunu düşünür. Ancaq ümumilikdə Kino Akademiyasının bu qərarı birmənalı qarşılanmayıb.

Yeni inklüzivlik standartlarının açıqlanmasından az sonra bəzi aktyorlar sosial mediada narazılıqlarını ifadə etməyə başlayıblar. 1980-ci illərdə ABŞ-da məşhur olan "Cheers" komik serialının ulduzu Körsti Elli Twitter-də belə bir paylaşım edib: "Bu, hər yerdə sənət adamları üçün biabırçılıqdır. Pikassoya lənətə gəlmiş rəsmlərində nəyin olmalı olduğunu necə deyə bilərsiniz? Sizin başınıza hava gəlib. Sənət adamlarına nəzarət etmək, fərdi düşüncəyə nəzarət etmək. OSKAR ORUELL". Ancaq daha sonra bu tvit silinib.

Qeyd edilir ki, buna bənzər tələblər bəzi başqa bənzər qurumlarda artıq bir müddətdir ki, qüvvədədir. Onlardan biri BAFTA-dır. Dünyada həyatın bütün sahələrində bərabərlik uğrunda hərəkatın önə çıxdığı indiki dövrdə bu addımın atılması xüsusilə aktual sayılır.

İllər öncə başlanan hərəkat

Bir neçə il əvvəl #OscarsSoWhite həştəqi ilə başlanmış kampaniya o zaman üzləri hələ, əsasən, ağdərili və kişilərdən ibarət olan Kino Akademiyasını hərəkətə gətirdi. Qurum müxtəliflik və inklüzivlik məsələlərində real dəyişiklik istiqamətində ciddi addımlar atmağa başladı.

Kino Akademiyasının açıqlamasında deyilir ki, bu yeni standartlar film izləməyə gələn auditoriyanın müxtəlifliyinin daha yaxşı əks etdirməsinə kömək məqsədi daşıyır.

Bildirilir ki, Kino Akademiyasının rəhbərləri Devon Franklin Cim Canopulosun başçılığı ilə yaradılan işçi qrup Britaniya Film İnstitutunun (BFI) BAFTA mükafatları üçün müəyyənləşdirdiyi Müxtəliflik Standartlarını qəlib kimi götürüb və bununla yanaşı, Kino Akademiyasının xüsusi ehtiyaclarını da nəzərə alıb. Qurum, eyni zamanda, Amerika Prodüserlər Gildiyası (PGA) ilə də məsləhətləşib.

Kino Akademiyası bildirib ki, yeni standartlar yalnız "ən yaxşı film" nominasiyasına aiddir və digər kateqoriyalara təsir etməyəcək. "Bədii animasiya", "sənədli bədii" və "xarici bədii film" kimi xüsusi kateqoriyalara daxil olan filmlər eyni zamanda "ən yaxşı film" nominasiyasına təqdim edildikdə onların işinə ayrıca baxılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG