Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

'Novoçerkassk güllələnməsi' və tirana rəğbət


"Əziz yoldaşlar!" filmindən kadr
"Əziz yoldaşlar!" filmindən kadr

77-ci Venesiya kinofestivalında Andrey Konçalovskinin "Əziz yoldaşlar!" ("Дорогие товарищи!") filminin premyerası olub.

"Əziz yoldaşlar!" münsif heyətinin xüsusi mükafatını alıb. Film tarixə "Novoçerkassk güllələnməsi" adı ilə düşmüş hadisələr haqqındadır.

Rusiyada "OM", "GQ" və "Snob" kimi jurnalların redaktoru işləmiş jurnalist Vadim Rutkovski AzadlıqRadiosunun (RFE/RL) rus xidmətinə yazdığı rəydə qeyd edir ki, 1962-ci il iyunun 1-2-də baş vermiş bu hadisə ilə bağlı sükut 30 ildən çox davam edib. Novoçerkasskda bir qrup fəhlə qiymətlərin qalxması və əmək haqlarının azaldılmasına etiraz olaraq tətil elan etmişdilər. Bu isə ümumittifaq səviyyəsində görünməmiş fövqəladə hadisə idi! Hökumət buna görə fəhlələri çox ağır cəzalandırıb.

Narahat mövzu

Novoçerkasskda baş verən hadisələr haqda məlumat yalnız yenidənqurma dövründə dərc edilib. Çünki güllələnmə ilə bağlı bütün məlumatlar SovİKP MK-nın Prezidiumunun qərarı ilə gizli sayılırdı. İnsanlardan bu məlumatları yaymamaq haqda imzalı vəd alınmışdı. Bu vədin pozulmasına görə isə ən ağır cəza nəzərdə tutulmuşdu.

Bu hadisə bu gün də narahat mövzu sayılır. Andrey Konçalovski özünü sovet hökumətinin varisi saymaqdan utanmayan hazırkı Rusiya hökumətinə loyaldır. Onun belə bir narahat mövzu üzərində işi öz üzərinə götürməsi maraqlı və gözlənilməzdir. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilib. Yekun titrlərdə qalmaqallarla yadda qalan keçmiş nazir Medinskiyə təşəkkür də edilir. Belə olmasaydı belə, Konçalovskinin siyasi baxışlarını bildiyimizdən ondan bu üsyanı müdafiə edəcəyini gözləmək olmazdı.

"Əziz yoldaşlar!" filmindən kadr
"Əziz yoldaşlar!" filmindən kadr

Təbii ki, o bu filmdə tətilçiləri qəhrəmanlaşdırmır. Ancaq hökuməti də ayıq başla təsvir edir. Bir qədər ikrah və hətta siyasi satira hiss olunur. Fəhlələr Novoçerkassk elektrovoz zavodunun binasını mühasirəyə alanda rəhbər kabinetlərində ilişib qalmış partiya üzvləri binanı kanalizasiyadan keçməklə tərk etməli olurlar. Hökumətin işi də bərbaddır. Vilayət komitəsinin katibi hadisə yerinə əsəbi gəlir və heç "Çayka"sından düşmür.

"Avtoritet" qarşısında əyilmək

Ancaq "Əziz yoldaşlar!" tam siyasət haqqında deyil. Birinci hissənin sərt, qrafik ağ-qara görüntüləri və demək olar, reportaj tərzi; hakimiyyətin başında oturanların əsəbi narahatlığı 1960-cı illərin italyan siyasi kinosunu xatırlada bilər. Filmin bir yerində baş qəhrəman belə deyir: "Prezidiumdan yoldaşlar nahaq yerə gəlməyiblər. Mikoyan, Kozlov kimi yoldaşlar!". Bu ifadə Rusiyada əsrlik tarixi olan "avtoritet" qarşısında əyilmək adətinə işarədir.

Film SSRİ-nin himni ilə başlayır. Ancaq himn səsi evdəki çatlaq radioqəbuledicidən gəlir. Evdə isə intim məişət səhnəsini görürük. Lyudmila Syomina (Yuliya Vısotskaya, rejissorun həyat yoldaşı) qəfildən yad kişinin – şəhər komitəsində həmkarı olan, ailəsini sanatoriyaya göndərmiş Viktorun – çarpayısından atlanır. O, səhər tezdən oyanıb ki, partiyanın payladığı payı – kibrit və duzu götürməyə gecikməsin. Cütlük səhər bir-birini oxşamaq əvəzinə südün qiymətinin qalxmasından, MK-nın təlimatından danışırlar. Özü də, qiymətlərin qalxmasının ən yaxın zamanda həyat səviyyəsinin yüksəlməsinə səbəb olacağı haqda kafkavari sovet söhbətləri tərzində. "Stalinin vaxtında qiymətləri hər il endirirdilər, bunlarsa qaldırır", – deyə Lyudmila deyinir.

"Əziz yoldaşlar!" filmindən kadr
"Əziz yoldaşlar!" filmindən kadr

Stalinə pərəstiş...

Sevgilisinin "dəli" adlandırdığı Lyudmila Don kazakının qızıdır. O, inqilabdan əvvəl geyilən təhlükəli kazak formasını ehtiyatla qoruyub saxlayır. O formada dəfn olunmaq istəyir. Müharibə vaxtı cəbhədə tibb bacısı olmuş bu qadın indi şəhər komitəsinin sənaye şöbəsində çalışır. Əri müharibədə ölüb və Sveta adlı qızı var. Lyudmilanın özü bir nöqtəyə qədər üsyançılara rəğbət bəsləyir. Kremldən gələn qonaq riyakarcasına xalqla danışmağı təklif edəndə o, yerindən qışqırır: "Nə danışacaqsınız? Hamısı həbs edilsin. Həbs edib ən sərt qaydada mühakimə edin. Onları bu işə sövq edənlərə isə ən ağır cəza verilsin".

Müəllif daha sonra yazır ki, auditoriya filmin baş qəhrəmanı Lyudmilanın Stalinə pərəstiş etməsini rejissorun özünün bu tirana rəğbəti kimi dəyərləndirə bilər. Xüsusən də rejissorun snobizmi və Rusiyadakı mövcud hakimiyyətə yaxın münasibəti filmin bəyənilməməsinə səbəb ola bilər.

Bundan başqa, qeyd edilir ki, filmin şərti olaraq müsbət sayılan qəhrəmanlarından biri novoçerkassklı "sadə və vicdanlı" bir çekistdir. Məqalənin müəllifi bunun obyektivlik, yoxsa mənşəyini həmin o komitədən götürən indiki hökumətə tərəf reverans olduğunu müəyyən etməyi tamaşaçıların öhdəsinə buraxır. Rejissor sanki KQB işçiləri arasında da yaxşı insanların olduğu fikrini sırımağa çalışır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG