Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:29

Ramiz Mehdiyev rejimə ‘son xidmətini’ göstərir?


Ramkiz Mehdiyev (solda) və İlham Əliyev

2003-cü ildə avtokrat atasının ölümündən sonra İlham Əliyevin hakimiyyətə gəlməsində yardımçı olmuş boz kardinal rəhbəri olduğu Elmlər Akademiyasının vebsaytında “hakim orqanlarımız və mediaya” hücum edir, onların guya ölkəyə ziyan vurduğunu yazır

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Andy Heil Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin son vaxtlar dövlət vebsaytında ölkə liderinin yaxın ətrafını tənqid etməsindən yazır. Onun fikrincə, rejimin heç də bütün tənqidçiləri onun mövqeyini səmimi qəbul etmirlər.

2003-cü ildə avtokrat atasının ölümündən sonra İlham Əliyevin hakimiyyətə gəlməsinə yardımçı olmuş boz kardinal rəhbərlik etdiyi Elmlər Akademiyasının vebsaytında “hakim orqanlarımız və mediaya” hücum edir, onların guya ölkəyə ziyan vurduğunu yazır.

Bu tənqidlərdən öncə 82 yaşlı Mehdiyevin kürəkəni qızına karantin rejiminin qadağalarına məhəl qoymadan toy etdiyinə görə əliqandallı məhkəmə qarşısına çıxarılmışdı.

“Mehdiyevin bu açıq hücumları Əliyevin son bir ildə rejimin köhnə qvardiyasını yeni sifətlərlə əvəzləməsinə meydan oxumaq kimi görünür... Amma eyni zamanda suallar yaranır ki, prezidentin rəsmi və qeyri-rəsmi strukturlarının sərt nəzarətetdiyi ölkədə bu postların dərcinə necə icazə verilir”, – müəllif yazır.

Ən böyük böhran

“Azərbaycan Sovet İttifaqının dağılmasından və Dağlıq Qarabağ müharibəsinin birinci hissəsi bitəndən sonra bəlkə də ən böyük siyasi, iqtisadi və sosial böhranını yaşayır”, – Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Pol Stronski deyir. O, neftin ucuzlaşmasının və davam edən koronavirus pandemiyasının iqtisadi və siyasi aspektlərini misal çəkir.

O, həmçinin xəbərdarlıq edir ki, enerji təhlükəsizliyi və “10 il qabaq münasibətlərin əsas elementi olan” ekstremizmin Qərbə təhdidi ilə bağlı Avropanın qavrayışı dəyişdikcə Bakı getdikcə daha çox təcrid oluna bilər.

“Və rejim böhrana girəndə, çox vaxt köhnə üsullardan əl çəkirsən”, – təhlilçi vurğulayıb.

Müəllif yazır ki, iki prezidentin yaxın ərafından nüfuzlu veteranları getdikcə kənarlaşdırmaq nadir hadisə sayılsa da, görünməmiş hadisə də deyil.

Əli Həsənov vaxtilə prezidentin sərt ideoloqlarından biri, onun köməkçisi idi. Tədricən kənarlaşdırıldı və 2019-cu ilin sonunda qəfildən işdən çıxarıldı.

Həsənov “əliyevçi” qaldığını desə də, biznes holdinqlərinə nəzarəti itirdi, hazırda iddia olunan korrupsiya ilə bağlı istintaq aparıldığı deyilir.

Azərbaycanı diqqətlə izləyənlər Mehdiyevin səmimiliyinə o vaxt inanacaqlarnı deyirlər ki, onun da sərvəti, keçmiş hərəkətləri belə təhqiqat obyektinə çevrilsin.

“O vəzifədə olanda, bu rejim ötən yarım əsr ərzində ənənəvi insan haqları pozuntularının hamısından istifadə edib. O indi anlayır ki, artıq çıxış yolu qalmayıb. Və hazırda rejim üçün son rolunu oynayır”, – Virciniyada mənzillənən Avrasiya Media İnstitutunun həmtəsisçisi Ələkbər Raufoğlu radioya deyib.

“Ərdoğan strategiyası”

Müəllif daha sonra Ramiz Mehdiyevin sovet dövründə siyasi və akademik karyeralarını cilaladıqdan sonra keçmiş prezident Heydər Əliyevə qoşulmasından, prezident administrasiyasına rəhbərlik etdiyi dönəmdə əhəmiyyətli dərəcədə sərvət yığmasından yazır. O, ötən oktyabrda işdən çıxarılıb.

Karantin rejimi dövründə Mehdiyevin kürəkəni ilə qudasının hərəyə 15 sutkalığa həbs olunması çoxları üçün şok oldu. Oktyabrın 31-də isə Prezident Əliyev “heç kəsin qanundan üstün olmadığını” bəyan etdi.

Mehdiyevsə ictimai şəkildə alçaldılmasına Elmlər Akademiyasının rəsmi vebsaytında bəyanatları ilə cavab verdi. O, Əliyevi birbaşa tənqid etmədi, “dövlətin dostu olmayan qanqsterlərin” ona zərbə vurmaq üçün “nağıllar” uydurduğunu yazdı. Müəllif Mehdiyevin məqaləsində özünü onillər boyunca təqib altında olan, Əliyevin “beşinci kolon” adlandırdığı müxalifəti ilə əlaqələndirməyə çalışmasına diqqət çəkir.

Tənqidçilər Bakını koronavirus pandemiyasından istifadə etməklə ölkədəki həqiqi siyasi müxalifətin axırına çıxmaq cəhdində ittiham edir.

Əliyev və aparıcı rəsmiləri AXCP və digər ənənəvi opponentlərini “radikal müxalifət” hesab edir.

Raufoğlu iddia edir ki, Əliyev “Ərdoğan strategiyası” aparır. Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan 2015-ci ildə dövlət çevrilişi cəhdindən sonra opponentlərinə qəddarcasına divan tutdu, onminlərlə insanı həbs elədi.

Rejimə sonuncu xidmət

Müəllif Əliyev administrasiyasının yeni siyasi fəndə əl atdığını, “dialoq müxalifəti” ilə dil tapdığını yazır. Əliyevin təmsilçisi bu ayın əvvəlində yeni qeydiyyatdan keçmiş ReAL partiyasının lideri İlqar Məmmədovla görüşərək ona prezidentin təbrik mesajını çatdırıb.

“Mehdiyev özünü könüllü şəkildə müxalifətlə əlaqələndirir və bu rolu ilə rejimə sonuncu xidmətini göstərir”, – Raufoğlu belə deyir.

“Sonra elə bir mühit yaratmağa çalışırsan ki, həm beynəlxalq ictimaiyyətin gözündə, həm də ölkə içində əsl və ən təhlükəli müxalifət Mehdiyev olur”, – o vurğulayır.

Müəllif Əliyevin oktyabrdakı çıxışında çoxdankı məmurlarla yeni qvardiya arasında uçuruma eyham vuraraq “şəxsi islahatlar”, “təcrübəli gənc kadrlar” arzulandığını vurğuladı. O, hakimiyyətdə olan bəzi şəxslərin islahatlara qarşı çıxdığını dedi. Bu çıxışdan sonra baş nazirin iki müavini, daha sonra Mehdiyev işdən çıxarıldı.

Məqalədə hakim elitaya bağlı bəzi yeni, ingilisdilli və qərbtəhsilli simaların vəzifələrə gətirilməsinə baxmayaraq, sistematik islahat əlamətlərinin görünmədiyi vurğulanır.

“Həmişə bir az şübhəylə yanaşıram. Bu hökumət nəzəri baxımdan qərbyönlü olub, 1990-cı illərdən Qərbi əsas iqtisadi tərəfdaş hesab edib. Həmişə Birləşmiş Ştatlardakı müdafiəçilərdən eşitmişəm ki, Əliyevin ətrafındakı elementlər, daha çox da Mehdiyev pis işlər görür, bu əlaqəni boğmağa çalışır”, - Stronski deyir. O, vaxtilə Dövlət Departamentində Azərbaycan üzrə təhlilçi kimi çalışıb.

Mehriban Əliyevanın yüksəlişi

Müəllif daha sonra yerli icra başçılarının, bəzi məmurların korrupsiya ittihamları ilə saxlanmasından yazır. Tənqidçilər isə mərkəzi hökumət daxilində irimiqyaslı korrupsiyanın cəzasız qaldığını deyir.

Hökumət medianı da nəzarətdə saxlayır, Sərhədsiz Reportyorlar Təşkilatının illik reytinqində 180 ölkə içində 168-ci yerdədir.

Müəllif birinci xanım Mehriban Əliyevanın hakimiyyətdə yüksəlişinə, əri tərəfindən birinci vitse-prezident təyin olunmasına da toxunur. Bu yüksəliş də köhnə qvardiya ilə Əliyevanın və birinci ailənin qalan üzvlərinin maraqları arasında hakimiyyət, nüfuz çəkişməsinə dair spekulyasiyaya yol açıb.

Məqalədə deyilir ki, Əliyevpərəst elementlərin öz aralarında çəkişməsinin real “Taxt-tac oyunu” olub-olmaması bilinməsə də, Mehdiyevin hərəkətləri hakim elitada kiçik də olsa həqiqi parçalanmanı üzə çıxarır.

Raufoğlu deyir ki, Azərbaycanda hazırda nə baş verdiyini anlamaq üçün bir əsas prosesi izləmək lazımdır: bəzi şəxslər “rejimin xilası” hesab etdiyi, prezidentliyin ərdən arvada keçməsini.

“Biz oturub daha 30-40 il ‘yaxşı oğlan’ın ‘pis oğlanları’ təmizləməsini gözləyə bilmərik. Əliyev rejimində yaxşı oğlan yoxdur”, – o, sözlərinə əlavə edir.

XS
SM
MD
LG