Prezidentin keçmiş köməkçisi Əli Həsənov bu gün, sentyabrın 1-də Facebook səhifəsində onun istintaqa cəlb edilməsi ilə bağlı iddialara münasibət bildirib: "Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, 10-15 günə Azərbaycana qayıdacağam".
Baş Prokurorluqdan Əli Həsənov barədə deyilənlərə münasibət
Baş Prokurorluq Prezident Administrasiyasının keçmiş şöbə müdiri, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun istintaqa cəlb olunması barədə məlumatlara münasibət bildirib.
Son günlər sosial şəbəkələrdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Ə.Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqqında iddialar yayılıb.
İddia olunub ki, Ə.Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Habelə iddiaya görə, Ə.Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək.
"Turan" agentliyi bu iddialarla bağlı Baş Prokurorluğun Mətbuat xidməti ilə əlaqə saxlayıb. Oradan yalnız qeyd olunub ki, KİVDF-in vəzifəli şəxsləri barədə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Baş Prokurorluqdan bildirildiyinə görə, hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.
Ə.Həsənov 2019-cu ilin noyabrın 29-na kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri və Prezidentin köməkçisi olub. Onun hazırda Türkiyədə müalicə aldığı bildirilir.
İddialara onun özündən isə, hələlik, münasibət almaq mümkün olmayıb.
Sözügedən Fond isə 2009-cu ildə yaradılıb. Fond 33 qəzetə ildə iki dəfə maddi vəsait ayırıb, müxtəlif yazı müsabiqələri keçirib. 2013-cü ildən isə Fond jurnalıstlər üçün mənzil tikintisinə başlayıb, iki bina təhvil verilib, üçüncü binanın da təhvil verilməyə yaxın olduğu deyilir.