Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 20:06

Prezident: 'Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək'


İ.Əliyev
İ.Əliyev

"Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək".

Bunu bu gün, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında deyib. O, açılışda videoformatda iştirak edib.

Prezidentin vurğulamasına görə, əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır:

"Heç bir ayrıseçkiliyə yol verilməməlidir və verilmir"

"Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrıseçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır".

Prezident əlavə edib ki, ictimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır: "Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək".

İ.Əliyevin vurğulamasına görə, COVID-19-la bağlı dünya statistikasına baxdıqda görmək olar ki, Azərbaycanda əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir: "Mən hesab edirəm ki, məhz bu tədbirlər nəticəsində biz minlərlə insanın həyatını qoruduq...".

Statistika

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 25 milyon 410 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 850 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 36 min 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 531 nəfərin vəfat etdiyi açıqlanıb.

Xatırlatma

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyevin qızının toyu olduğu bildirilir. Sosial şəbəkələrdə həmin toyla və toyda iştirak edənlərlə bağlı bir sıra videolar, məlumatlar paylaşılıb. Koronavirus pandemiyası ilə bağlı mart ayından Azərbaycanda toylara icazə verilmir.

Həmin məclisdə Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri S.Novruzov və onun xanımı, Ombudsman S.Əliyevanın da iştirak etdiyi bildirilir. YAP buna görə S.Novruzova töhmət verib. Eyni zamanda, həm onun, həm xanımının, həm də toyda iştirak etdikləri bildirilən Bakı Dövlət Universitetinin keçmiş rektoru A.Məhərrəmovun, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Ə.Abbasovun və daha başqa şəxslərin xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat cərimə olunduqları açıqlanıb. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyevin kürəkəni, keçmiş deputat İ.Əliyev və onun qudası R.Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar. Onlar məhkəməyə əlləri qandallı şəkildə gətirilib.

Avqustun 23-də isə deputat S.Novruzov Facebook səhifəsində bunları yazmışdı: "…Bizi ailəlikcə toya dəvət edərkən "Cənab Prezidentdən icazəsini almışam" deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir".

Həmin toy məsələsindən sonra hakimiyyətə yaxın KİV-lərdə və sosial şəbəkələrdə R.Mehdiyev əleyhinə çoxsaylı yazılar, reportajlar yer alıb.

R.Mehdiyev "5-ci kolon"un rəhbəri və islahatlara mane olmaqda günahlandırılıb. AMEA prezidenti R.Mehdiyev avqustun 24-dəki açıqlamasında isə məhkəmənin kürəkəni haqqında qərarını ədalətli saymaqla yanaşı, bunları yazmışdı: "Ancaq bu da bir həqiqətdir ki, pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin, inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmamışdır. Bu ikili standartın səbəbi həqiqətən müəmmalıdır".

XS
SM
MD
LG