Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 06:03

Prezidentin istefasını tələb edən ictimai fəalı öz məhkəməsinə gətirmirlər


N.İbrahim

Prezident Administrasiyasının qarşısında istefa tələbiylə aksiya keçirəcəyini bəyan edəndən sonra koronavirus yayma ittihamıyla həbs olunan ictimai fəal Nicad İbrahimin ailəsi iki aydır ondan xəbər tuta bilmədiyini deyir. Həyat yoldaşı Pərvin İbrahimli AzadlıqRadiosuna bildirib ki, onu heç öz məhkəmələrinə də gətirmirlər.

Ailə üzvləri N.İbrahimin durumu haqda məlumat əldə etmək məqsədilə kömək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib: "Bu gün (sentyabrın 11-də) Qırmızı Xaçdan bizə bildirildi ki, Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə getsələr də, onları görüşə buraxmayıblar. Təkcə Nicadla yox, orada saxlanılan başqa ictimai-siyasi fəallarla da görüşməyə qoymayıblar. Bu, narahatlığımızı daha da artırdı. İki aya yaxındır nə üzünü görürük, nə səsini eşidirik. Vəkil də görə bilmir".

"Müalicə indiyə qədər qurtarmadı?"

N.İbrahimin ev dustaqlığına buraxılması üçün vəkilinin verdiyi şikayətə sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində onun iştirakı olmadan baxılıb. Vəkili də buna etiraz edib. Çünki sentyabrın 7-də ilk məhkəmə iclasında vəkil vəsatət qaldırıb ki, özünün də iştirakı təmin edilsin. Hakim Faiq Qasımov da N.İbrahimin özünün də iştirakı üçün prosesi təxirə salıb. Lakin sentyabrın 9-da keçirilən məhkəmədə də məlum olub ki, yenə onu gətirməyiblər.

Vəkil Zibeydə Sadıqovanın AzadlıqRadiosuna bildirdiyinə görə, İxtisaslaşmış Müalicə Müəssisəsindən məhkəməyə arayış göndərilib. Orada yazılıb ki, N.İbrahim COVID-19 infeksiyasıyla əlaqədar müalicə altındadır. Amma vəkil də, həyat yoldaşı da bunu inandırıcı saymır.

"Sağlam adamı koronavirus daşıyıcısı adı ilə tutub həbsxanaya saldılar. Lap tutaq ki, xəstədir, müalicə indiyə qədər qurtarmadı? İyulun 20-dən həbsdədir, yaxın vaxtlarda iki ay tamam olur. Əlbəttə ki, bəhanədir. Nicadda nə əvvəldən koronavirus olub, nə də indi var. Sadəcə, gizlətmək üçün bəhanədir", – P.İbrahimli bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi isə təşkilatın əməkdaşlarının N.İbrahim və digər ictimai-siyasi fəallarla görüşə buraxılmaması barədə məlumatı şərh etməyib. Bu qurumdan AzadlıqRadiosuna bildirilib ki, təşkilatın fəaliyyəti ilə bağlı məlumatlar konfidensialdır, yalnız şəxslərin ailə üzvlərinə çatdırıla bilər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bundan öncə həbsdəki ictimai-siyasi fəalların ailə üzvlərilə telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması barədə suala belə cavab vermişdi: "Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan bütün şəxslərin hüquq və azadlıqları qanunauyğun şəkildə təmin olunur".

Xatırlatma

N.İbrahim sosial şəbəkələrdə iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib, prezident İlham Əliyevin istefasını tələb edəcəyi barədə elan yayıb. İyulun 20-də evdən çıxıb aksiya keçirməyə gedərkən saxlanılıb. O, CM-in 139-1.1 (karantin rejiminin pozulması - xəstəliklərin yayılması təhlükəsi yaratdıqda) maddəsi ilə ittiham olunur. İyulun 22-də Nəsimi Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Həbs qərarından verilən şikayət, həmçinin ev dustaqlığına buraxılması üçün vəsatət təmin olunmayıb.

Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ailəsi isə onun koronavirus daşıyıcısı olmadığını, keçirmək istədiyi aksiyaya görə həbs olunduğunu bildirir.

N.İbrahim bir neçə il öncə ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirmişdi.

XS
SM
MD
LG