Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 02:45

Məhkumun atası: 'Xəstə çoxdur, yer yoxdur'


Ilham Əliyevə müraciət: "Vəziyyət acınacaqlıdı"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Ilham Əliyevə müraciət: "Vəziyyət acınacaqlıdı"

Cəzaçəkmə müəssisələrində COVID-19 (koronavirus) infeksiyasına yoluxan məhkumların bir hissəsinin, əsasən, vərəmdən əziyyət çəkən məhkumların saxlandığı 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürüldüyü bildirilir. Bu barədə AzadlıqRadiosuna məhkumların yaxınları məlumat verib.

Məhkum Bəhruz Əliyevin atası İmamverdi Əliyev bildirib ki, oğlu iyulun 16-da 2 saylı Cəzaçəkmə Müəssisəsindən ora köçürülüb: "Oğlum anadangəlmə astma xəstəsidir, ona görə də hələ həbsindən əvvəl ikinci qrup əlilliyi vardı. Koronavirusa yoluxub, ona görə "tubzon"a (3 saylı Cəzaçəkmə Müəssisəsi-red.) köçürüblər. Eşitmişik ki, orada da vəziyyət pisdir. Xəstə çoxdur, yer yoxdur...".

"Orada yemək məsələsi də çətindir"

İ.Əliyevin sözlərinə görə, o müəssisənin tutumundan daha çox xəstə məhkum gətirilir deyə, ağır vəziyyət yaranıb. Məhkumun atası deyir ki, belə bir vəziyyətdə müalicə almaq da çətinləşir: "Az qalır bir çarpayıda iki nəfər yatsın. Müəssisə rəhbərliyini də qınamıram, yer yoxdur. Deyilənə görə, orada yemək məsələsi də çətindir. Karantinə görə yollar bağlıdır, rayondan ərzaq, yemək də gətirə bilmirik. Halbuki, o adamlar yaxşı qidalanmalıdır".

"Nardaran məhbusları"ndan da koronavirusla əlaqədar 3 saylı müəssisəyə köçürülənlər var. Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov bildirib ki, İsa İbrahimova saxlandığı cəzaçəkmə müəssisəsində tibbi yardım göstərilsə də, nəticə verməyib. Ona görə də müalicə müəssisəsinə köçürülüb:

"Yaxınlarının bildirdiyinə görə, bir neçə gün idi ki, qızdırma və nəfəs çatışmazlığından əziyyət çəkirdi. Saxlandığı cəzaçəkmə müəssisəsində mümkün olan tibbi yardımı göstəriblər, buna baxmayaraq, dəyişiklik olmayıb. İlahiyyatçını iyulun 11-də "tubzon"a göndəriblər".

Rəsmilər təkzib edir

Penitensiar Xidmət isə 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində məhkumların sayının çoxluğu, sıxlıq üzündən müalicə prosesində problemlər yaranması barədə iddiaları təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, bu barədə deyilənlər şayiədir: "Orada çox yüksək səviyyədə müalicə prosesi həyata keçirilir. Çox yaxşı avadanlıq var, çox gözəl mütəxəssislər fəaliyyət göstərir".

Məhkumların sayının müəssisənin tutumundan çox olmasına gəlincə, M.Sadıqov belə cavab verib: "Qətiyyən belə hal yoxdur".

M.Sadıqov bundan öncə də AzadlıqRadiosuna bildirmişdi ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrin heç birində məhkumların qida problemi yoxdur: "Onlar gündə üç dəfə kalorili yeməklə təmin olunurlar".

Məhkumların müayinə və müalicəsi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin səlahiyyətindədir. Koronavirusa yoluxan məhkumların 3 saylı müəssisəyə köçürülməsi, orada müalicə prosesində yaşanan problemlər barədə iddialara bu idarədən rəy öyrənmək mümkün olmayıb.

İyulun 10-da Operativ Qərargahın mətbuat konfransında prezidentin köməkçisi Hikmət Hacıyev məhkumlar arasında koronavirusa yeni yoluxma hallarının olduğunu təsdiqləyib. Son vaxtlar cəzaçəkmə müəssisələrində COVID-19 infeksiyasına yoluxanların sayının cəmi 18 nəfər olduğunu deyən H.Hacıyevin sözlərinə görə, onlar vaxtından əvvəl şərti azadlığa buraxılıb və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib.

May ayında Ədliyyə Nazirliyi və Operativ Qərargah məhkumlar arasında 46 nəfərin virusa yoluxduğunu açıqlamışdı.

Hüquq müdafiəçiləri belə bir vəziyyətdə çıxış yolu kimi, daha çox məhkumu əhatə edəcək Amnistiya Aktının qəbulu üçün hökumətə müraciət edib.

XS
SM
MD
LG