Twitter sosial media şirkəti bildirir ki, Birləşmiş Ştatlarda 3 noyabr seçkisi öncəsi ölkənin seçki sisteminə inama zərbə vurmağı hədəfləyən dezinformasiyanı siləcək.
Şirkət sentyabrın 10-da bəyan edib ki, nəticələr yekunlaşmadan qələbə iddia olunan, yaxud siyasi hakimiyyətin dinc transferini önləmək məqsədilə zorakılığı qızışdıran postlar silinəcək.
“Adamların 2020-ci ildə səsvermə şəraitinin dəyişdiyini anlayaraq və seçki prosesini qorumaq öhdəliyimizə uyğun olaraq mövcud siyasəti genişləndiririk”, – şirkət bloqunda bildirir.
Poçtla səsvermə məsələsi
“Məqsəd səsverməyə təsir göstərəcək kontentdən qorumaq və seçki, yaxud digər mülki prosesin bütövlüyünə zərbə vuracaq ziyanlı dezinformasiyanın yayılmasını dayandırmaqdır”, – bəyanatda deyilir.
Koronavirus pandemiyasına görə ölkədə poçtla səsvermənin nəticələrin təsdiqlənməsini yubadacağı gözlənir. Bəzi müşahidəçilər ehtiyatlanrlar ki, bu, seçki günündən sonra dezinformasiyanın yayılmasına yol açar.
ABŞ Prezidenti Donald Tramp poçtla səsvermənin irimiqyaslı saxtakarlığa yol açacağını deyib, amma buna dəlil göstərməyib.
Sosial media nəhəngi onu da bildirib ki, qanunlar, qaydalar, mülki proseslərdə iştirak edən məmurlar barədə çaşqınlıq yaradan dezinformasiyanı işarələyərək aradan qaldıracaq.
ABŞ kəşfiyyat agentlikləri 2016-cı il prezident seçkisi zamanı Rusiyanın dəstəklədiyi agentlərin sosial media platformalarından istifadə etməsini, dezinformasiya yaymasını müəyyənləşdirib. Bundan sonra sosial media şirkətlərinə təzyiq artıb. Moskva isə iddiaları rədd edib.
Microsoft haker hücumlarından danışır
Bu arada Birləşmiş Ştatların Microsoft şirkəti Rusiya, İran və Çinə bağlı hakerlərin prezidentliyə namizədlər Donald Tramp və demokratlardan Co Baydenə bağlı adamlar və təşkilatları hədəfə aldığını bildirir. Şirkət bu addımların ABŞ-da 3 noyabr prezident seçkisi öncəsi siyasi kampaniyalara qarşı daha böyük fəaliyyətin bir hissəsi olduğunu bildirir.
ABŞ kəşfiyyat məmurları avqustda deyirdilər ki, rusiyalılar respublikaçı prezident Trampa, çinlilər isə keçmiş vitse-prezident Baydenə üstünlük verirlər.
Ancaq Microsoft Çin dövlətinə bağlı hakerlərin Baydenin kampaniyasına daxil olanları da hədəfə aldığını bildirib.
Ekspertlərin sözlərinə görə, Çin adətən iqtisadi və siyasi üstünlük əldə etmək üçün kəşfiyyat məlumatı, Moskva isə digər hökumətlərdə sabitsizlik yaratmaqdan ötrü silah kimi istifadə olunacaq data axtarır.
Microsoft-un informasiyası Rusiya hərbi kəşfiyyatının ABŞ tərəfindən sanksiyalara və digər tədbirlərə baxmayaraq seçki prosesini hədəfə almağa davam etdiyini göstərir. Bunu “FireEye” kibertəhlükəsizlik şirkətində kəşfiyyat təhlili üzrə direktor Con Haltkuist (John Hultquist) “AP”yə deyib.
“Bu, 2016-cı ildən oyunçudur, həmişəki işini davam etdirir. Rusiya hərbi kəşfiyyatının demokratik prosesə böyük təhdid törətdiyinə inanırıq”, – Haltkuist deyib.
Kremlin sözçüsü Dmitri Peskov isə sentyabrın 10-da hakerlərlə bağlı daha öncə yayılmış media məlumatlarını təkzib edib.
“Bu, daha çox nonsensə oxşayır, təəssüf ki, nüfuzlu xəbər agentlikləri də bəzən dərc edirlər”, – Peskov Moskvada jurnalistlərə deyib.