Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:49

Lukaşenka vəzifədə ‘ola bilər, bir az artıq qaldığını’ deyir


Mariya Kalesnikava
Mariya Kalesnikava

Belarus Prezidenti Alyaksandr Lukaşenkanın Rusiya televiziyasına müsahibəsində vəzifədə “ola bilər, bir az artıq qaldığını” etiraf etdiyi bildirilir.

“Hə, ola bilər, bir az çox qalmışam”, – Rusiya mediası Lukaşenkaya istinadla yazır. Məlumatlara görə, o bir daha qeyd edib ki, konstitusiya islahatlarından sonra yeni seçkinin keçirilməsi mumlundur. Müxalifət liderləri isə bu yanaşmanı kütləvi nümayişləri yatırmaq üçün bir taktika hesab edirlər.

Bu arada müxalifətin Koordinasiya Şurasının rəhbərliyindən Pavol Latuşko “hökumətin məqsədinə çatmadığını” söyləyib.

“Koordinasiya Şurası ruhdan düşməyib, işini davam etdirir”, – o, sözlərinə əlavə edib.

***

Belarus müxalifətçisinin sərhəddə pasportunu 'cırdığı' deyilir

Ukraynanın daxili işlər nazirinin müavini Mariya Kalesnikavanın saxlanma şəratini “Belarus müxalifətini gözdən salmaq” məqsədilə “zorakılıqla ölkədən çıxarma cəhdi” adlandırıb.

Anton Geraşçenko Facebook-da yazıb ki, belarusluların sərhəd keçid məntəqəsinə gəlməsi “Belarus müxalifətini gözdən salmaqdan ötrü doğma ölkəsindən zorakılıqla qovulma” olub.

Nazirin sözlərinə görə, Kalesnikavanı “Belarusdan çıxarmaq mümkün olmayıb, çünki bu cəsur qadın sərhəddən keçməsini önləyən addım atıb”.

Geraşçenko Lukaşenka rejimini “müxalifət liderlərinin yüzminlərlə insanı Lukaşenka rejiminə qarşı qaldıraraq özlərinin rahat Ukraynaya qaçması” görüntüsünü yaratmaqda suçlayıb.

O, belaruslu müxalifətçilərin sərhədə getməsinin “könüllü səfər olmadığını” sözlərinə əlavə edib.

***

Belarus sərhədçiləri və şahidlər aparıcı müxalifət üzvünün sentyabrın 8-də səhər Ukrayna ilə sərhəddə saxlandığını bildirir.

Mariya Kalesnikavanın Ukraynaya girişinə imkan verilməməsi üçün pasportunu cırdığı xəbərləri gəlsə də, bu xəbəri müstəqil təsdiqlətmək mümkün olmayıb.

Lukaşenkanın mühacirətdə olan rəqibi Svetlana Tixanovskaya Kalesnikavanı dərhal azad etməklə bağlı çağırış edib.

“Həm Mariya Kalesnikava, həm də Koordinasiya Şurasının daha öncə saxlanmış üzvləri və siyasi məhbuslar dərhal azad olunmalıdırlar. Koordinasiya Şurasının məqsədi danışıq platformasına çevrilməkdir”, – Tixanovskaya mətbuat xidməti vasitəsilə bildirib.

Tixanovskaya isə AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsində virtual toplantıya qatılıb. O, ölkəsindəki vəziyyəti “tamamilə qəbuledilməz” adlandırıb, tənqidlərə baxmayaraq geri çəkilməyən Prezident Alyaksandr Lukaşenkanın daha Belarusu təmsil etmədiyini deyib.

Müxalifətçi Lukaşenka və hökumətinə sanksiyalar daxil olmaqla beynəlxalq təzyiqlərə çağırıb. O, AŞPA təmsilçilərinə deyib ki, demokratik seçilmiş hökumət Lukaşenka ilə əldə olunmuş sazişləri qüvvədə saxlamayacaq.

***

Randyonkau və Kravtsovun Ukraynaya daxil olduğu xəbər verilir. Ukraynanın Dövlət Sərhəd Xidməti isə Kalesnikavanın ölkəyə girmədiyini təsdiqləyib.

Hazırda AB-nin prezidentliyini icra edən Almaniya isə itkin düşənlər haqda informasiya və siyasi məhbusların buraxılmasını tələb edib.

“Belarusdakı siyasi məhbusların hamısının yeri haqqında məlumat və buraxılmasını tələb edirik”, – Almaniyanın Xarici işlər naziri Heiko Mass sentyabrın 8-də “Bild” qəzetində dərc olunmuş bəyanatında deyir.

“Koordinasiya Şurasının üzvləri daxil həbslərin və repressiyanın davam etməsi qəbuledilməzdir”, – Maas vurğulayıb.

***

Belarusun yoxa çıxmış üç aparıcı müxalifətçisi sentyabrın 8-də səhər qonşu Ukrayna ilə sərhəddə peyda olub. Onların təhlükəsizlik qüvvələri tərəfindən oğurlandığı güman edilirdi.

Müxalifətin Koordinasiya Şurasının prezidium üzvü Mariya Kalesnikova, mətbuat katibi Anton Randyonkau və icraçı katibi İvan Krautsou səhər saat 5-də Qomel regionundakı Alyaksandravka sərhəd keçid məntəqəsində görünüblər.

Kalesnikava saxlanıb

Əvvəlcə Belarus Dövlət Sərhəd Komitəsinin təmsilçisi Anton Biçkovski (Anton Bychkouski) onların hər üçünün ölkəni tərk etdiyini bildirib. Ancaq Belarus dövlət televiziyası daha sonra Biçkovskiyə istinadla xəbər verib ki, Kalesnikava sərhədi keçmək istərkən saxlanıb, qalan ikisi Ukraynaya daxil olublar.

Hər üç şəxs Koordinasiya Şurasının əsas fiqurlarındandır. Bu qurum ölkədə hakimiyyətin dinc transferinə çağırır. Müxalifət 9 avqust seçkisinin nəticələrinin saxtalaşdırıldığını bildirir. Seçkidə hazırkı prezident Alyaksandr Lukaşenkanın səslərin 80 faizindən çoxunu yığdığı açıqlanıb.

Müxaifətçilərin sentyabrın 7-də yoxa çıxması Avropa Birliyi tərəfindən ittihamların səsləndirilməsinə səbəb olmuşdu. Birlik Belarus rejiminin dörd həftədir davam edən etirazları boğmaq üçün oğurlama və qorxutmaya əl atdığını deyirdi.

Seçkidən dərhal sonra başlanan etirazlarda minlərlə insan həbs olunub, jurnalistlər təqibə məruz qalıb, qovulublar. Lukaşenkanın təhlükəsizlik qüvvələrinin saxlananlarla kobud rəftar etdiyini göstərən videolar yayılıb.

Koordinasiya Şurasının və onun qərarverici orqanı olan prezidium üzvləri polisə çağırılır, bəzi hallarda həbs olunur.

Bir şahid Kalesnikavanın sentyabrın 7-də Minskin mərkəzində naməlum şəxslər tərəfində mikroavtobusa basılaraq aparıldığını deyirdi.

Tanışları Randyonkau və Kravtsovla əlaqənin bundan az sonra itdiyini bildirirdilər.

Tixanovskaya görüşlər keçirir

Müxalifətin seçkidəki namizədi Svetlana Tixanovskaya səsvermədən bir gün sonra Litvada peyda oldu. Tixanovskayanın sentyabrın 8-də günortadan sonra AŞPA komitəsində çıxış edəcəyi, ölkəsindəki durumla bağlı fikir mübadiləsi aparacağı gözlənir.

O həmçinin bu həftə Varşavaya gedərək Polşanın aparıcı rəsmiləri ilə görüşməlidir.

Beş müddət prezident olmuş Lukaşenka opponentləri ilə danışıqlardan imtina edir, yeni seçki tələblərini isə rədd edir.

AB-nin Xarici siyasət rəhbəri Cozep Borel sentyabrın 7-də Belarus hakimiyyətini “saxtalaşdırılmış 9 avqust prezident seçkisindən əvvəl və sonra siyasi səbəblərlə saxlananların hamısını dərhal azad etməyə” çağırıb.

Sentyabrın 6-da onminlərlə etirazçının qatıldığı nümayişdən sonra Belarus hakimiyyəti 633 nəfəri saxladığını etiraf edib.

XS
SM
MD
LG