Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun sentyabrın 3-də Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay həbs edilməsi ilə bağlı açıqlama yayıb.
"Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının səfirliyini məyus edib", - açıqlamada vurğulanıb.
ABŞ səfirliyi hesab edir ki, T.Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunub: "Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun ışınə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq".
Bu açıqlamaya, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:
"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".
T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə təqsirli sayılıb.
Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. O, məhkəmədə də son sözündə günahsız olduğunu bəyan edib və aclıq aksiyasına başladığını açıqlayıb.