Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:32

Özünənəzarət güclüdürsə...


 Özünənəzarəti yüksək olanlar uğur qazanır.
Özünənəzarəti yüksək olanlar uğur qazanır.

Fransa alimlərinin apardığı yeni araşdırmanın nəticələrinə görə, özünənəzarəti güclü olan insanların şəxsiyyətinin mənfi tərəfləri açılır. Çox zaman intizamlı vətəndaşların toksikləşdiyini, hətta qeyri-etik davranışlara yol verdiyini görürük.

On illərlə özünənəzarət və şəxsi intizam insan üçün böyük üstünlük sayılıb. Mütəxəssislər onu müxtəlif yollarla – sorğular və iradəni yoxlayan xüsusi testlərlə dəyərləndiriblər.

Bütün hallarda şəxsi intizamı yüksək olan insanların məktəbdə və işdə daha yaxşı nəticələr göstərdiyi, sağlam həyat tərzini daha rahat qəbul etdiyi görülüb. Belə insanlar narkotik qəbul etmirlər, idmana daha meylli olurlar. Ani hisslərinin təsiri ilə hərəkət etmədiklərindən aqressiv, yaxud zorakı davranmaq ehtimalları da daha az olur. Buna görə onların hər hansı cinayət törətməsi ehtimalı da aşağıdır. Bu səbəbdən iradə və özünənəzarət insanın güclü xarakterə malik olması kimi görülür.

BBC yazır ki, 2010-cu illərin ortalarında İsrailin Bar-İlan Universitetindən Liad Uziel adlı alim insanların özünənəzarətinin müəyyən edilməsində kontekstin rolunu araşdırmağa başlayıb. O deyirdi ki, bu xarakter, sadəcə, insanlara istənilən məqsədə nail olmağa kömək edən alətdir. Bu məqsəd yaxşı da ola bilər, pis də. Bir çox hallarda bizim sosial normalarımız başqaları ilə əməkdaşlıq edənləri mükafatlandırır. Buna görə də özünənəzarəti yüksək olanlar uğur qazanır. Ancaq biz bu sosial normaları dəyişdirsək, özünənəzarəti güclü olanlar başqalarına münasibətdə bu qədər ciddi olmaya da bilərlər.

"Diktator oyunu"

Uziel bu ideyanı sınamaq üçün "diktator oyunu" adlı standart psixoloji təcrübəyə müraciət edir. İştirakçılardan birinə müəyyən məbləğdə pul və onu tərəfdaşı ilə paylaşmaq imkanı verilir. Cəmiyyətdəki əməkdaşlıq norması sayəsində insanlar səxavətli olurlar.

"Rasional baxımdan, ikinci oyunçuya hər hansı məbləğ vermək üçün heç bir səbəb yoxdur, ancaq insanlar çox vaxt pulun 1/3-ni başqalarına verirlər", – Uziel deyir. Alimlər aşkar ediblər ki, özünənəzarəti güclü olan insanlar davranışlarına görə qınanacaqlarını biləndə daha səxavətli olurlar. Ancaq onların hərəkətləri gizli olsaydı, qınaq qorxusu olmasaydı, onlar özünənəzarəti az olan adamlardan da eqoist davranardılar. Yalnız öz maraqlarını güdər, başqalarını düşünməzdilər. Gizlilik təmin olunanda onlar bütün məbləği özlərinə saxlayıblar.

Özünənəzarəti güclü olanlar həm də antisosial hərəkəti nə zaman törədəcəkləri barədə daha ehtiyatlı davranırlar və yaxalanmaqdan daha yaxşı yayınırlar. ABŞ-ın Qərbi İllinoys Universitetindən David Lane və həmkarları bu yaxınlarda insanları müəyyən şübhəli davranışlar və belə davranışlardan əziyyət çəkib-çəkməməkləri ilə bağlı sorğuya cəlb ediblər. Məlum olub ki, özünənəzarəti yüksək olan insanlar yol hərəkəti zamanı təhlükəli hərəkətlərə görə cəzadan daha çox yayınıb və imtahanlarda fənd işlətməyə digərlərindən daha meylli olublar. Görünür, belə insanlar öz reputasiyalarına görə narahat olduqları üçün sosial normalara daha diqqətlə yanaşır, qəbul olunan davranışlara uyğun hərəkət edirlər.

Etibarı itirməmək üçün...

Fransa televiziyasında yayımlanan "La Zone Xtrême" adlı bir şouda iştirakçılardan biri "istintaqçı" olur və ona əl-ayağı bağlanmış digər iştirakçının bədəninə elektrik cərəyanı yeritmək tapşırılır. Yanlış cavablar artdıqca, cərəyanı gərginliyi 460 volta qədər qaldırmaq mümkündür. Bu, Avropada elektrik şəbəkəsindəki standart gərginlikdən iki dəfə çoxdur! Xoşbəxtlikdən, əslində, heç bir cərəyan yoxdur və "sorğulanan" iştirakçı, sadəcə, qışqırır və ağrını imitasiya edir. Ancaq bu proqram cərəyanı buraxan iştirakçılar, xüsusilə də özünənəzarəti güclü olan adamlar haqda çox maraqlı nəticələrə gəlməyə imkan verir.

Maraqlıdır ki, insanlar bu dəhşətli hərəkəti ətrafın, bu halda şou aparıcısının gözləntisini doğrultmaq, öhdəliklərini yerinə yetirmək və etibarı itirməmək üçün edirlər.

Fransanın Qrenobl-Alp Universitetindən davranış mütəxəssisi Laurent Bègue və komandası öz işlərində, XX əsrin böyük mütəfəkkirlərindən biri olan Hannah Arendt-in yüksəkrütbəli nasist məmuru Adolf Eichmann haqda yazdıqlarından fərqli fikir ortaya qoyublar. Arendt "şərin banallığı" ifadəsinin müəllifidir. O, bununla Eichmann kimi adi insanların böyük qəddarlıqlar törədə biləcəyini göstərmişdi. Bègue-in tədqiqatına görə isə, insanları qeyri-əxlaqi hərəkətlərə sövq edən, sadəcə, adi xüsusiyyətlər deyil. Bir çox hallarda bu, arzuolunan xüsusiyyətlərdir. Axı, vicdanlı, intizamlı və üzüyola insanlar bizim özümüzə işçi və həyat yoldaşı kimi seçmək istədiyimiz insanlardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG