Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Tixanovskaya BMT Təhlükəsizlik Şurasında çıxış edəcək


Minskdə mülkigeyimlilər etirazçını saxlayır, 30 avqust, 2020-ci il
Minskdə mülkigeyimlilər etirazçını saxlayır, 30 avqust, 2020-ci il

Belarusda prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya bu həftə BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək. Bu arada ölkədə avtoritar lider Alyaksandr Lukaşenkanın istefası tələbiylə etirazlar davam edir.

Baltik ölkələri səyahət sanksiyası açıqlayacaq

Tixanovskayanın komandasının məlumatına görə, o, sentyabrın 4-də videobağlantı vasitəsilə Təhlükəsizlik Şurasında çıxış edəcək. Çıxış qurumun qeyri-daimi üzvü olan Estoniyanın dəvətilə gerçəkləşməlidir. Onun dörd gün sonra AŞPA-da da çıxış edəcəyi gözlənir, sözçüsü avqustun 31-də deyib.

Tixanovskaya 9 avqust seçkisində prezidentliyə namizəd olub, tərəfdarları onun seçkini qazandığını deyirlər.

Lukaşenka seçkinin qalini elan olunandan sonra Tixanovskaya ölkəni tərk edərək Litvaya gedib.

Litva Prezidenti Gitanas Nauseda avqustun 31-də elan edib ki, Baltik qonşuları Latviya və Estoniya ilə birlikdə Lukaşenka daxil Belarusun 30-dək rəsmisinə səyahət sanksiyası tətbiq edəcək. Sanksiya seçki pozuntuları və etirazçılara qarşı zorakılığa görə qoyulur.

Avqustun 30-da onminlərlə belaruslu paytaxt Minsk küçələrinə çıxaraq “Siçovul, ad günün mübarək”, “Get” şüarları səsləndiriblər. Onlar Lukaşenkanın qaldığı prezident sarayı qarşısında ona qarşı plakatlar, bir qrupsa qara tabut qaldırıb. 66 yaşını qeyd edən Lukaşenka ötən həftə etirazçıları “siçovullar” adlandırıb.

“Belapan” xəbər agentliyi Minskdəki etirazçıların sayının 100 mindən artıq olduğunu yazıb. Müstəqillik Meydanı və digər yerlərdə 140-dək etirazçının saxlandığı xəbər verilir.

Putin Lukaşenkanın ad gününü təbrik edib

Lukaşenka indiyədək etirazçılara danışıqlar aparmağa həvəs göstərməyib, onların xarici qüvvələr tərəfindən idarə olunduğunu deyir.

O, avqustun 30-da president sarayı daxilində avtomat silahla görüntülənib. Rusiyanın “Ria Novosti” agentliyi fotonu ilk dərc edərək Lukaşenkanın mətbuat katibi tərəfindən göndərildiyini yazıb.

Etirazlar başlayandan artıq ikinci dəfədir Lukaşenkanın avtomat silahla şəkli yayılır.

Müxalifət seçkinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını deyir.

Tixanovskaya seçkiyədək tədbirlərə onminlərlə tərəfdarını cəlb edə bilib. Rəsmi nəticələrə görə, o, səslərin cəmi 10 faizini yığıb, özü isə bu rəqəmin 60-70 faiz olduğunu bildirir.

Seçkidən sonra etirazçılara kütləvi divan tutulması, həbslər etirazların qarşısını ala bilməyib. Belarus hakimiyyəti xarici media təşkilatlarını təmsil edən azı 17 jurnalistin akkreditəsini də ləğv edib.

Qərb həm seçkini, həm də etirazçılara qarşı polis zorakılığını pisləyib. Lukaşenka isə dəstək üçün Moskvaya üz tutub.

Kremlin sözçüsü Dmitry Peskov avqustun 31-də deyib ki, Rusiya Prezidenti Vladimir Putin və Lukaşenka gələn iki həftə ərzində Moskvada üzbəüz danışıqlar planlaşdırırlar.

Bir gün qabaq Putin Lukaşenkaya telefon zəngi edərək ad günü münasibətilə təbrik edib. Etirazlar başlanandan liderlər bir neçə dəfə telefonla danışıblar.

Kremlin məlumatına görə, telefon söhbəti zamanı tərəflər qonşuluq alyansını gücləndirmək və genişləndirmək niyyətlərini bir daha vurğulayıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG