Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 15:24

Dünya xəbərləri

Belarusda onlarla xarici jurnalistin qeydiyyatı ləğv olunub

 Akkreditasiyası ləğv olunanlar arasında  "Nastoyashcheye Vremya"-nın müxbiri Roman Vasyukovich var, arxiv foto
Akkreditasiyası ləğv olunanlar arasında "Nastoyashcheye Vremya"-nın müxbiri Roman Vasyukovich var, arxiv foto

Belarus xarici işlər nazirliyi, Azadlıq Radiosu və "Nastoyashcheye Vremya" da daxil olmaqla onlarla xarici jurnalsitin akkreditasiyasını ləğv edib. İndi onların ölkədə işləməsi faktiki olaraq qadağandır.

Reuters, Associated Press, France-Presse, BBC, Beynəlxaql Fransız Radiosu, və Almaniyanın ictimai kanalı ARD-nin büroları da daxil olmaqla xarici mediada çalışan jurnalistlər akkreditasiyalarını itiriblər. RİA Novosti Rusiya səfirliyinə istinadən xəbər verir ki, qərb mediasında işləyən dörd Rusiya vətəndaşı da Belarusdan deportasiya olunur.

Jurnalistlərdən ikisi Associated Press-də, daha ikisi ARD-də çalışıb. Tut.by xəbər verir ki, bu ərəfədə məlum olub ki, məşhur İsveç fotomüxbiri, World Press Photo-nun qalibi Paul Hanson artıq Belarusdan deportasiya olunub.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi TASS-a deyib ki, jurnalistlər ölkənin Təhlükəsizlik Şurasının nəzdindəki informasiya təhlükəsizliyi üzrə idarələrarası komissiyanın təklifi ilə akkreditasiyadan məhrum edilibər.

Müxalifətin avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrini tanımamasından sonra ölkədə siyasi böhran davam edir. Kütləvi etiraz aksiyalarının bazar günü Minskdə və digər böyük şəhərlərdə keçirilməsi planlaşdırılır. Bu isə 66 yaşı tamam olacaq ölkə prezidenti Aleksandr Lukashenkanun doğum gününə təsadüf edir.

Bütün xəbərləri izləyin

'Elliot Rocer' izi: Kahramanmaraş məktəbində 10 nəfər öldürülüb

Təcili yardım maşınları Kahramanmaraşda məktəbin yanında.
Təcili yardım maşınları Kahramanmaraşda məktəbin yanında.

Aprelin 15-də Türkiyənin Kahramanmaraş vilayətində məktəbdə baş verən atışmada azı 10 nəfər öldürülüb. Hadisəni törətdiyi deyilən 14 yaşlı şagirdin WhatsApp profilində amerikalı qatilin fotosundan istifadə etdiyi bildirilir. Söhbət 2014-cü ildə ABŞ-də kütləvi qətl törətmiş Elliot Rocerdən gedir.

Bu, son iki gündə Türkiyədə orta məktəbdə ikinci belə hadisədir. İnsident zamanı 20 nəfər yaralanıb.

Türkiyə polisi bildirir ki, ilkin araşdırmalara görə, hücum edən ABŞ-də Santa Barbara yaxınlığında altı kollec tələbəsini öldürmüş Rocerin xatırlandığı fotodan istifadə edib.

Polis ilkin nəticələrə əsasən insidentin terrorla əlaqəsinin olmadığını, fərdi hücum olduğunun ehtimal edir.

Rocer hücumundan öncə internetdə yaydığı manifestdə qadınlarla münasibətlərində uğursuz olmasından narazılığını bildirib. Sonradan bir sıra məktəb atışmalarını törədənlər onu tərifləyiblər.

Türkiyəli yeniyetmənin də eyni motivlə hərəkət edib-etmədiyi bəlli deyil.

Kahramanmaraş Prokurorluğu bildirib ki, hücum zamanı şagird polis əməkdaşı olan atasının beş tapançasından istifadə edib. Məhkəmə atanın istintaq dövründə həbsdə saxlanılmasına qərar verib.

Məktəblinin kompüterində aprelin 11-nə aid sənəd aşkarlanıb. Həmin sənəddə "yaxın gələcəkdə" böyük hücumun baş verəcəyinə işarə olunur.

Polisin məlumatına görə, bu həftə baş verən məktəb atışmalarından sonra Türkiyədə 83 nəfər "cinayət və cinayətkarları tərifləmək" ittihamı ilə saxlanılıb. Hakimiyyət orqanları 940 sosial media hesabına və 93 Telegram-qrupa girişi bloklayıb.

Rusiyanın Ukraynaya zərbələrindən azı 15 nəfər həlak olub

Dnepr şəhərinə zərbələr
Dnepr şəhərinə zərbələr

Rusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə yüzlərlə dron və raket atıb. Hücumlar nəticəsində azı 15 nəfər həlak olub.

Aprelin 16-da fövqəladə hallar əməkdaşları Ukrayna paytaxtında çoxmərtəbəli yaşayış binalarında yanğınları söndürməyə, sağ qalanları tapmağa çalışırlar.

Kiyev meri Vitali Kliçko paytaxtda 45 nəfərin yaralandığını deyib. Digər bir rəsmi yaralı sayının azı 58 olduğunu bildirib. Kliçkonun Telegram-da yazdığına görə, Kiyevdə dörd nəfər həlak olub, biri 12 yaşlı uşaqdır. O, sakinləri xəbərdar edib ki, günortaya yaxın şəhərə yenidən hücum edilə bilər.

Mərkəzi Dnepr şəhərinə raket zərbəsindən azı üç nəfər ölüb, 27 nəfər yaralanıb. Bu barədə vilayət rəhbəri Oleksandr Qanja Telegram-da yazıb. Onun sözlərinə görə, yaralılardan beşinin vəziyyəti ağırdır.

Odessa liman şəhərinə də ciddi ziyan dəyib. Rəsmilər səkkiz nəfərin həlak olduğunu, 10-dan çox insanın yaralandığını deyirlər.

Azı 650 dron, 40-a yazın qanadlı və ballistik raket

Son həftələr Rusiyanın Ukraynaya, demək olar, hər gecə etdiyi hücumlar bir qədər azalmışdı. Sərt qış vaxtı isə Rusiya istilik və enerji obyektlərini hədəf alır, milyonlarla ukraynalı istilik və elektriksiz qalırdı.

Ötən gecəki hücumda Rusiya Ukraynada hədəflərə azı 650 dron, 40-a yazın qanadlı və ballistik raket atıb, - bunu Ukrayna ordusu bildirir.

Ukrayna da Rusiyadakı hədəflərə dron zərbələrini intensivləşdirib. Bu yaxınlarda Baltik dənizində iki böyük neft terminalını vurub.

Qara dəniz sahilində, Novorossiysk və Soçi arasında yerləşən Tuapse şəhəri Ukrayna dronları ilə vurulub. Azı iki uşaq həlak olub.

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi artıq beşinci ildir davam edir. ABŞ-nin dəstəklədiyi danışıqlar isə dayanıb, Vaşinqtonun diqqəti İranla müharibəyə yönəlib.

Rusiya Ukrayna ərazisi və təhlükəsizliklə bağlı sərt tələblərindən geri çəkilmək niyyətində deyil, Kiyev bu tələbləri qəbuledilməz sayır.

Rusiya Ukraynaya yüzlərlə dron buraxıb. Bir qadın həlak olub

Rusiyanın Çerkasıya hücumu
Rusiyanın Çerkasıya hücumu

Aprelin 15-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya yüzlərlə dron və raketlərlə hücum edib. Bir neçə regionun rəsmiləri yaralılar və dağıntıların olduğunu bildirib.

Zaporojyedə 74 yaşlı qadın həlak olub. Vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, qadın avtobus dayanacağı yaxınlığındakı köşkdə olub. Rusiyanın hücumu nəticəsində çoxmərtəbəli binalar, təsərrüfat tikililəri və dayanacaqdakı avtomobillər zədələnib. Köşk isə dağılıb.

Dneprdə Rusiyanın hücumu nəticəsində üç nəfər xəsarət alıb, Xersonda bir yerli sakin yaralanıb. Çerkasıda isə dron zərbəsindən dörd nəfər yaralanıb, yaşayış evlərinə ziyan dəyib.

Rusiya dronları gecə saatlarında Odessa vilayətinin limanlarına və Sumıda bir müəssisəyə də hücum edib. Kiyev vilayəti də zərbələrə məruz qalıb, Bila Tserkvada yanğınlar baş verib.

Ukrayna Silahlı Qüvvələri bildirir ki, Rusiya hərbçiləri gecə Ukraynaya 324 dron və üç "İskəndər-M" ballistik raketi buraxıb. Rusiya, hələlik, hücumu şərh etməyib. Məlumatı müstəqil təsdiqləmək də mümkün olmayıb.

Bir gün öncə Rusiyanın Dneprə zərbəsi nəticəsində beş nəfər həlak olub, hücum zamanı kafe və ərzaq mağazasının yerləşdiyi bina zərər görüb. Bu gün şəhərdə matəm elan edilib.

Avstraliya tarixində ilk dəfə orduya qadın başçılıq edəcək

Syuzan Koyl
Syuzan Koyl

Avstraliya tarixində ilk dəfə ordunun rəhbəri qadın olacaq. Bu haqda hökumət aprelin 13-də məlumat yayıb.

General-leytenant Syuzan Koyl hazırda birgə imkanlar üzrə rəisdir. O, iyuldan quru qoşunlarının komandanı olacaq, bu vəzifədə general-leytenant Saymon Stüartı əvəz edəcək.

Hazırda Avstraliya ordusunun sıralarında qadın zabitlərin sayı artır. Bu, ordunun sistemli cinsi qısnama və ayrıseçkilik ittihamları ilə üzləşməsi fonunda baş verir.

"İyuldan Avstraliya ordusunun 125 illik tarixində ilk dəfə qadın quru qoşunları komandanı olacaq", – baş nazir Entoni Albaneze bildirib.

Müdafiə naziri Riçard Marlz Koylun təyinatını "əsl tarixi məqam" adlandırıb.

55 yaşlı Koyl 1987-ci ildə hərbi xidmətə başlayıb, komandanlıqda bir sıra vəzifələrdə çalışıb.

"Reuters" yazır ki, hazırda qadınlar Avstraliya Müdafiə Qüvvələrinin (ADF) təxminən 21 faizini, yüksək rəhbər vəzifələrin isə 18.5 faizini təşkil edir. ADF 2030-cu ilədək qadınların ümumi iştirak səviyyəsini 25 faizə çatdırmağı hədəf qoyub.

Ötən ilin oktyabrında ADF-yə qarşı kollektiv iddia qaldırılıb, ordunun minlərlə qadın zabiti sistemli cinsi qısnama və ayrıseçkilikdən qoruya bilmədiyi iddia olunub.

Pasxa atəşkəsinə baxmayaraq, Ukraynada iki nəfər öldürülüb

Kramatorsk
Kramatorsk

Pasxa atəşkəsinə baxmayaraq, Ukraynanın şərqi Donetsk vilayətində Rusiya qoşunları iki nəfəri öldürüb, bir nəfər yaralanıb.

Region qubernatoru Vadım Filaşkin Telegram-da yazıb ki, aprelin 12-də Kramatorsk və Drujkovka şəhərlərində bir nəfər həyatını itirib.

Rusiya və Ukrayna bir-birini 32 saatlıq atəşkəsi pozmaqda ittiham edib. Atəşkəs aprelin 11-dən 12-si gecə yarısınadək davam edib.

Ukrayna rəsmiləri Pasxa atəşkəsi müddətində Rusiya hərbçilərinin Xarkov vilayətində dörd ukraynalı hərbi əsiri də güllələyərək öldürdüyünü bildirib. Ancaq detallar açıqlanmayıb. Rusiya bu məlumatı şərh etməyib. Bu xəbəri müstəqil şəkildə təsdiqlətmək mümkün olmayıb.

Ukrayna Rusiyanın atəşkəsi 10 min 721 dəfə pozduğunu bildirib. Hava zərbələrinin qeydə alınmadığı açıqlanıb.

Rusiya Müdafiə Nazirliyi isə bazar gününə keçən gecə Ukraynanın atəşkəs min 971 dəfə pozduğunu bildirib.

Rusiya və Ukraynadan qarşılıqlı dron zərbələri

Zaporojyeyə hücum
Zaporojyeyə hücum

Aprelin 9-u səhər Rusiya qoşunları Ukraynanın Zaporojye rayonuna zərbə endirib. Bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

Dnepropetrovsk vilayətinə hücumlar nəticəsində isə iki nəfər yaralanıb. Çoxmərtəbəli və fərdi evlərə, qaraja və avtomobillərə ziyan dəydiyi bildirilir.

Aprelin 8-i axşam saatlarında Rusiya hərbçiləri Odessa vilayətində yarımstansiyaya zərbə endirib. Vilayət administrasiyasının rəhbəri Oleq Kiper infrastruktur obyektinin zədələndiyini yazıb, detalları açıqlamayıb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə Ukraynaya 119 pilotsuz aparatla hücum edib, onlardan 99-u hava hücumundan müdafiə qüvvələri vurub. Daha 16 dron 11 müxtəlif məkanda düşüb.

Rusiya Müdafiə Nazirliyi isə ötən gecə Kursk və Astraxan vilayətləri, həmçinin Krasnodar diyarı və Azov dənizi üzərində Ukraynaya məxsus 69 dronun vurulduğunu bildirir.

Krasnodar diyarında dron hücumundan bir kişi həlak olub. Diyarın operativ qərargahı bildirib ki, Krımsk şəhərində "PUA qalıqlarının neft bazasının ərazisinə düşməsi nəticəsində" üç nəfər xəsarət alıb.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz sosial şəbəkədə yazıb ki, Ukrayna hərbçiləri Klimovo rayonunda avtomobili vurub, bir qadın yaralanıb.

Rusiya dronu Ukraynada avtobusu vurub, 4 nəfər həlak olub

Nikopolda dron zərbəsinə tuş gələn avtobus
Nikopolda dron zərbəsinə tuş gələn avtobus

Rusiya dronu Ukraynanın Nikopol şəhərində bələdiyyə avtobusunu vurub, azı 4 sərnişin həlak olub, 16 nəfər yaralanıb. Ukrayna rəsmiləri bunun FPV dronu olduğunu deyirlər, yəni operator sərnişinlərin mülki şəxslər olduğunu çox güman, görürdü.

Aprelin 7-də Dnepropetrovsk vilayətinin şərqində yerləşən Nikopol şəhərinin mərkəzində bələdiyyə avtobusu dayanacağa yaxınlaşarkən dron hücumuna məruz qalıb. Vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Hanjanın sözlərinə görə, həm avtobusun içində, həm də minmək üçün gözləyən insanlar olub.

“Bu, mülki əhaliyə qarşı qəsdən törədilmiş terror idi”, – o, Telegram-da yazıb.

“Çox qorxuludur, çünki avtobuslar işə gedən insanlarla dolu olur”, – Nikopol sakinlərindən biri hücumdan az sonra AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib.

“Təsəvvür edin, tək bir zərbədən nə qədər qurban ola bilərdi”, – o əlavə edib.

“Burada necə yaşayacağımızı bilmirik, şəhərdə necə hərəkət edək, ümumiyyətlə necə sağ qalaq. Çox qorxuludur”, – deyən qadın zərbədən cəmi 10 dəqiqə əvvəl həmin yerin yaxınlığında olduğunu da qeyd edib.

Ukrayna hakimiyyəti hadisəyə FPV dronun səbəb olduğunu bildirib. Bu dronları operator birbaşa video bağlantı ilə uzaqdan idarə edir, pilot hədəfini yaxından görə bilir.

Vilayət qubernatoru Rusiya qüvvələrinin ötən gecə Dnepropetrovsk vilayətinə azı 10 dəfə hücum etdiyini deyib. Onun sözlərinə görə, dron zərbəsindən bir evdə yanğın baş verib, 11 yaşlı uşaq həyatını itirib, daha 5 nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri aprelin 7-də bildirib ki, Rusiya ötən gecə Ukraynaya qarşı 110 dron buraxıb.

Rusiyanın Vladimir vilayətinə dron hücumunda üç nəfər ölüb

Rusiyanın Leninqrad vilayətinə yenidən dron hücumu olub. Vilayətin qubernatoru Aleksandr Drozdenko bildirib ki, hava hücumundan müdafiə qüvvələri region üzərində 22 dronu vurub.

Ukraynanın "Supernova+" və "Exilenova+" monitorinq kanalları isə Ust-Luqa limanının hücuma məruz qaldığını yazır.

Ukrayna tərəfi hələlik hücumla bağlı şərh verməyib.

Bu il martın 25-dən Ukrayna dronları ixrac üçün vacib Ust-Luqa limanına aktiv hücum edir. Zərbələr nəticəsində üç neft tankeri, bir neçə yanacaq rezervuarı, yanalma körpüləri və "Novatek"in infrastrukturu zədələnib. "Bloomberg" aprelin 5-də yazıb ki, bir neçə günlük fasilədən sonra Ust-Luqa limanı neft yüklənməsi bərpa edilib.

Vladimir vilayətinə də dron hücumu olub. Qubernator Aleksandr Avdeyev bildirib ki, dronlardan biri Aleksandrovski rayonunda ikimənzilli yaşayış evinə düşüb, nəticədə valideynlər və onların 2014-cü il təvəllüdlü oğlu həlak olub. Beş yaşlı qız isə hazırda qohumlarının yanındadır.

Rusiya Müdafiə Nazirliyi aprelin 7-nə keçən gecə Ukraynanın 45 dronunun vurulduğunu açıqlayıb.

Ukraynanın atəşkəs təklifi

Ukrayna Prezidenti Volodimir Zelenski enerji infrastrukturuna hücumların dayandırılması üçün atəşkəs təklif edib.

“Əgər Rusiya bizim enerji infrastrukturumuza zərbələri dayandırmağa hazırdırsa, biz də eyni şəkildə cavab verməyə hazır olacağıq”, – Zelenski aprelin 6-da müraciətində deyib. O, təklifin ABŞ vasitəsilə çatdırıldığını əlavə edib.

Hazırda Rusiya Ukrayna ərazisinin 20 faizini tutub, Kiyevdən qüvvələrini Donetsk vilayətindən çıxarmasını tələb edir.

Donetsk və Luqanskın daxil olduğu Donbasa nəzarət ABŞ-nin vasitəçilik etdiyi sülh danışıqlarında əsas mübahisəli məqamdır.

Son aylar ABŞ-Ukrayna və Rusiya danışıqlarının bir neçə raundu keçirilib. Amma fevralın 28-də ABŞ və İsrail İrana aviazərbələrə başlayandan Ukrayna və Rusiya arasında görüş olmayıb.

Astronavtlar 50 ildən sonra ilk dəfə Aya uçur

"Artemida-2" misisyası çərçivəsində Aya uçuş
"Artemida-2" misisyası çərçivəsində Aya uçuş

"Integrity" kosmik gəmisi göyərtəsində dörd astronavtla ABŞ-də Kanaveral burnundakı kosmodromdan buraxılıb. İnsanlar yarım əsrdən də çox keçəndən sonra ilk dəfə "Artemida-2" missiyası çərçivəsində Aya yollanıblar.

Gəmi Aya enməyəcək. O, Ayın orbitinə daxil olmadan, təxminən 8 min kilometr məsafədə Ayın ətrafından dolanacaq. Bunun altı gün sonra baş verəcəyi gözlənilir. Gəmi Yerdən maksimum 400 min kilometr məsafədə olacaq.

Astronavtlar Yerə 10 gündən sonra qayıdacaqlar.

"Artemida-2" ABŞ-nin yeni Ay proqramının əsas elementidir. Uçuş zamanı astronavtlar kosmosun dərinliyində həyat təminatı sistemini sınaqdan keçirməlidirlər.

Proqramın davam etdirilməsi missiyanın uğurundan asılıdır. Bu proqram çərçivəsində gələn il Aya enişlə pilotlu uçuş gerçəkləşdirilə bilər.

Ekipaj komandir Rid Uaysmen, pilot Viktor Qlover, mütəxəssis Kristina Kox və kanadalı astronavt Ceremi Hansendən ibarətdir.

Rusiya Britaniya səfirliyinin ikinci katibini ölkədə çıxarır

Moskvada Britaniya səfirliyi
Moskvada Britaniya səfirliyi

Böyük Britaniyanın Rusiyadakı səfirliyinin ikinci katibi Yanse Cerardus kəşfiyyat fəaliyyətində şübhəli bilinir, o, deportasiya ediləcək. Bunu TASS agentliyi FSB-nin mətbuat mərkəzinə istinadla bildirir.

"Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) adı çəkilən diplomatın Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid yaradan kəşfiyyat və təxribat fəaliyyətinin əlamətlərini müəyyənləşdirib, rusiyalı iqtisadi ekspertlərlə qeyri-rəsmi görüşlərdə məxfi məlumat əldə etmək cəhdlərini qeydə alıb", – FSB-nin məlumatında deyilir.

FSB iddia edir ki, Cerardus viza alarkən yalan məlumat verib. Nəticədə onun diplomatik akkreditasiyası ləğv edilib, iki həftə ərzində ölkədən çıxması tapşırılıb.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyaya etiraz təqdim edib. FSB rusiyalıları Britaniya diplomatları ilə təmaslardan çəkinməyə çağırıb, bunun cinayət məsuliyyəti yarada biləcəyi barədə xəbərdarlıq edib.

Britaniya Xarici İşlər Nazirliyi hələlik əməkdaşının qovulması ilə bağlı xəbərləri şərh etməyib.

Rusiya XİN sonuncu dəfə 2026-cı il yanvarın ortalarında Moskvadakı Britaniya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib, o da Britaniya kəşfiyyat xidmətləri ilə əlaqədə şübhəli bilinib.

Putin ölkədən 100 min dollardan çox pul çıxarmağı qadağan edir

Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyi ölkələrinə nağd rubl və qızıl ixracına məhdudiyyətlərlə bağlı fərman imzalayıb. Bu ittifaqa Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Aprelin 1-dən yalnız fiziki şəxslərin 100 min ABŞ dolları ekvivalentindən artıq olmayan nağd rubl çıxarmasına icazə verilir.

Beynəlxalq aeroportlarda keçid məntəqələrinə istisna tətbiq ediləcək. Bu zaman vəsaitin çıxarılması üçün bank hesablarından pul çıxarışlarını təsdiqləyən arayışlar tələb olunacaq.

Mayın 1-dən 100 qramdan artıq qızıl külçələrin çıxarılması da yasaqlanacaq. Bu məhdudiyyət fiziki və hüquqi şəxslərə, eləcə də fərdi sahibkarlara aiddir.

Yenə aeroportlar üçün istisna nəzərdə tutulub. Bu zaman Federal Əyar Palatasından icazə sənədi tələb olunacaq.

Fərmanda deyilir ki, nağd valyuta və qızıl külçələrinin ixracı üçün xüsusi prosedur "milli təhlükəsizliyi və milli maraqları qorumaq məqsədilə" tətbiq olunur.

Ukrayna Rusiya limanlarını vurub

2024-cü ildə Ust-Luqaya əvvəlki hücumdan sonra
2024-cü ildə Ust-Luqaya əvvəlki hücumdan sonra

Martın 25-də Ukrayna Rusiyadakı hədəflərə 400-dək dron buraxıb. Rusiyanın Müdafiə Nazirliyi azı 10 vilayətə və ilhaq edilmiş Krım yarımadasına hücum olunduğunu bildirir. Bir çoxları bunun dörd il öncə müharibə başlayandan bəri Ukraynanın böyük hücumlarından biri olduğunu deyir.

Bir gün öncə Rusiya Ukrayna vilayətlərinə azı 500 dron və raketlə hücum etmişdi.

Rusiyanın Baltik dənizindəki Ust-Luqa limanında yanğın başlayıb. Açıqlamanı Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko verib. O, hazırda yanğının söndürüldüyünü bildirib.

Ukrayna hücumu təsdiqləyib, bunu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) günündə "Kiyevin Rusiyaya hədiyyəsi" adlandırıb.

Ukrayna ordusu isə Rusiyanın "Purqa" buzqıran gəmisinin vurulduğunu bildirib. Bu hücum Ukrayna sərhədindən 900 km uzaqda, Leninqrad vilayətindəki Vıborq şəhərində gerçəkləşdirilib.

Rusiya rəsmiləri bu zərbənin baş verdiyini təsdiqləməyib. Amma Drozdenko Vıborqda yaşayış binasının damına ziyan dəydiyini deyib.

Martın 23-də oxşar hücumlar nəticəsində Ust-Luqa və Primorsk limanları xam neft və yanacaq ixracını bir günlüyə təxirə salmalı olmuşdu.

Son vaxtlar Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri intensivləşdirib. Bu arada neftin bahalanmasının, ABŞ-nin Yaxın Şərq münaqişəsi fonunda Rusiyaya sanksiyaları müvəqqəti yumşaltmasının Moskvanın iqtisadiyyatına stimul verəcəyi, hərbi işğalı daha da körükləyəcəyi sarıdan narahatlıq var.

Rusiyanın Leninqrad və Pskov vilayətləri ilə həmsərhəd Estoniya və Latviyaya Rusiya ərazisindən dron müdaxilələri olduğu bildirilir. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dronun yerli elektrik stansiyasını vurduğunu, amma bu ölkəyə yönəlmədiyini deyib.

"Bu, Rusiyanın tammiqyaslı təcavüzünün konkret nəticəsidir", – Tsahkna X-də yazıb. Elektrik stansiyasına ziyan dəydiyi, yaxud hər hansı itki baş verdiyi açıqlanmayıb.

Rusiyada özəl mühafizə qurumlarına döyüş silahı gəzdirməyə icazə verilir

Antidron baqqisi
Antidron baqqisi

Rusiya prezidenti Vladimir Putin özəl mühafizə təşkilatlarının əməkdaşlarına döyüş silahı daşımağa icazə verən qanunu imzalayıb. Məqsəd mühafizə olunan obyektləri dronlardan qorumaqdır.

Sənəddə deyilir ki, mühafizəçilər kritik əhəmiyyətli obyektlər siyahısında olan yerlərdə dronların qarşısını kəsmək üçün döyüş silahından istifadə edə bilərlər.

Silahı yalnız strateji müəssisələr və dövlət şirkətlərinin təsis etdiyi təşkilatların əməkdaşları gəzdirə biləcəklər. Bu təşkilatlar "xüsusi hərbi əməliyyat" müddətində silahı "Rosqvardiya"dan ala biləcəklər. Rusiya hakimiyyəti Ukraynada beşinci ildir apardığı təcavüzkar müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır.

Bundan öncə Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Vasili Piskaryov demişdi ki, yanacaq-energetika kompleksinə aid obyektlərin 80 faizindən çoxunu özəl mühafizə təşkilatları qoruyur.

"Ancaq qanunla onların yalnız xidməti silahdan istifadə icazəsi var, çox vaxt bu, dronların və digər (sualtı, suüstü, quru) pilotsuz vasitələrin hücumunu tez və effektli dəf etməyə yetmir", – deputat bildirib.

Kolumbiyada hərbi təyyarə qəzasında 66 nəfər həlak olub

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Puerto Leqisamo şəhəri yaxınlığında qəzaya uğrayıb.
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Puerto Leqisamo şəhəri yaxınlığında qəzaya uğrayıb.

Martın 23-də Kolumbiyada hərbi təyyarə qəzaya uğrayıb. 66 nəfər həlak olub, dörd nəfər itkin düşüb.

Təyyarədəki 128 nəfərin 11-i Hava Qüvvələri üzvləri, 115-i hərbçilər, ikisi polis zabiti olub.

"LMT.N Hercules C-130" nəqliyyat təyyarəsi Peru ilə sərhəddə yerləşən Puerto Leqisamodan qalxarkən qəzaya düşüb. Təyyarədə yanğın başlayıb, göyərtəsindəki bəzi partlayıcı qurğular partlayıb.

Yerli sakinlər qəzadan sağ çıxanları xilas etməyə başlayıblar. Yayılan videolarda kişilərin motosikletlərlə yaralı əsgərləri daşıdığı görünür.

Hərbi maşınlar sonradan hadisə yerinə çatıb. Rəsmi qurumlar qəzanın baş verdiyi ərazinin çətin relyefdə yerləşdiyini, bunun da xilasetmə işlərini çətinləşdirdiyini deyirlər.

57 nəfər xəstəxanaya yerləşdirilib, 30-nun vəziyyəti ağır deyil.


Rusiya qırıcısı Estoniyanın hava məkanını pozub

SU-30
SU-30

Martın 18-də Rusiya qırıcısı Estoniyanın hava məkanını pozub. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu gün – martın 19-da Rusiyanın müvəqqəti işlər vəkilini çağırdıqlarını bildirib.

İnsident Estoniyanın şimal sərhədində, Finlandiya Körfəzindəki Vayndlo adası yaxınlığında baş verib. Rusiyanın SU-30 qırıcı təyyarəsi Estoniyanın hava məkanına daxil olaraq orada bir dəqiqəyədək qalıb.

"Bu pozuntuya İtaliyanın Hava Qüvvələrinin bölməsi reaksiya verib, Estoniyanın təhlükəsizliyinə təhdid yaranmayıb", – Tsahkna vurğulayıb.

Rusiya ötən il Estoniyanın hava məkanını dörd dəfə pozub, Rusiyanın müvəqqəti işlər vəkilinə etiraz bildirilib.

Estoniya NATO-nun və Avropa İttifaqının üzvüdür. Ötən il Rusiya dronları NATO və Aİ üzvləri - Polşa və Rumıniya ərazisinə də girib.

Taliban: Pakistan Kabildə xəstəxananı vurub, yüzlərlə ölü var

Kabil hava zərbəsindən sonra
Kabil hava zərbəsindən sonra

Pakistanın Kabildə xəstəxanaya hava hücumu azı 400 nəfərin ölümünə, 250 nəfərin yaralanmasına səbəb olub. Bu məlumatı Əfqanıstan Talibanı yayıb. Pakistan isə iddiaları rədd edib.

Kabildə 2 min çarpayılıq Omid Xəstəxanasının Pakistanın hava hücumuna martın 16-da məruz qaldığı bildirilir.

Xilasetmə işləri, meyitlərin çıxarılması prosesi davam edir, Taliban hökumətinin sözçü müavini Həmdullah Fitrat deyib.

O, X-də yazıb ki, Pakistan qüvvələri narkotik asılılığının müalicə olunduğu Omid xəstəxanasına hava hücumu gerçəkləşdirib, xəstəxananın xeyli hissəsi dağıdılıb.

Pakistanın İnformasiya Nazirliyi isə bildirib ki, zərbə Kabildə və Nəngərhar əyalətində hərbi obyektləri hədəf alıb, mülki şəxslər qəsdən vurulmayıb.

"Kabildə iki yerdə texniki dəstək infrastrukturu və sursat anbarları məhv edilib", – bunu Pakistanın informasiya naziri Attaullah Tarar X paylaşımında yazıb.

Tərəflərin iddialarını müstəqil qaynaqlardan təsdiqlətmək mümkün olmayıb.

Bu zərbə sərhədyanı toqquşmaların davam etdiyi Əfqanıstan və Pakistan arasında gərginliyi kəskin artırıb.

Davamı

XS
SM
MD
LG