Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:57

Azərbaycanda karantin sentyabrın 30-dək uzadılıb


Bakıda karantin rejimi, 21 iyun 2020
Bakıda karantin rejimi, 21 iyun 2020

Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb. Bu barədə avqustun 29-da Operativ Qərargah məlumat yayıb.

Məlumatda bu qərar insanların həyat və sağlamlığının səmərəli qorunması, eləcə də dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olması ilə izah edilib.

“Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb. Həmçinin virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır”, məlumatda yazılıb.

Açıqlamaya görə, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək:

“Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq”.

Açıqlamaya görə, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:

“5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək. 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək. 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək. 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.”

Azərbaycanda karantin rejimi martin 24-dən elan edilib. Sonra aprelin 27-də rejim mərhələlərlə yumşaldılmağa başlanıb.

Amma yoluxmada təkrar artım müşahidə edildiyindən iyunun 21-dən Bakı və ölkənin bir sıra yerlərində karantin sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqa digərləri küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olublar.

Avqustun 5-dən isə rejim yenidən yumşaldılıb və SMS-lə icazə almaq qaydası ləğv edilib. Çimərliklər fəaliyyətə başlayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon 912 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 841 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyə kimi 35986 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 527 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG